• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bağlanacaq banklar – Son qərar nə olacaq? – Müsahibə

  • Digər
  • 5 Fevral 2015 19:20
  • 1 443 Baxış
Bağlanacaq banklar – Son qərar nə olacaq? – Müsahibə

Cari ilin yanvar ayının 1-də banklara məcmu kapitalla bağlı verilən tələbin başa çatması və indiyə qədər bu barədə heç bir rəsmi açıqlamanın verilməməsi müzakirə mövzusu olaraq qalır. Sadəcə, o bəllidir ki, 2015-ci ildə gözlədiyimiz kimi, bankların sayı azalmadı, əksinə, çoxaldı. Publika.az-ın bank sektoru ilə bağlı bu və digər suallarını iqtisadçı-ekspert Samir Əliyev cavablandırıb.

- Mərkəzi Bankın bankların məcmu kapitalının 50 milyon manata çatdırılması tələbinin müddəti 31 dekabr 2014-cü ildə bitib. Artıq 2015-ci ilin fevral ayıdır. Ancaq hələ də bu tələbi ödəməyən banklar barədə rəsmi açıqlama yoxdur.

- Hansı bankın tələbə əməl etmədiyi bilinmir. Bu barədə məlumat əldə etmək çətindir. Müəyyən müşahidələr göstərir ki, 5 bank məcmu kapitalla bağlı tələbi yerinə yetirə bilmir. İkisi xarici bankın filialıdır. Onların da məsələsi dövlət səviyyəsində həll ediləcək. Yerdə qalan banklar emissiya reallaşdırıblar. Kapitalı artırmağın yollarından biri bazara səhm çıxarıb satmaqdır. Dekabrın sonu müddət bitməsinə baxmayaraq, yanvarda “EuroBank” ( məcmu kapitalı 7,5 milyon manat idi), Azərbaycan Kredit Bankı (məcmu kapitalı 5,8 milyon manat idi ) emissiya reallaşdırıblar. Belə çıxır, bundan sonrakı dövrdə də banklar səhmlərini bazara çıxaracaqlar. Görünür, Mərkəzi Bank banklara qeyri-rəsmi möhlət verib və bir neçə ay gözləyəcək.

-Yəni banklar bağlanmayacaq?

- Mərkəzi Bankın bu addımı nəticəsində bazarda ən aşağısı 5-6 bankın bağlanacağını gözləyirdik. Deyərdim ki, Mərkəzi Bankın özünün də gözləntisinin əleyhinə bir sıra banklara donor çıxdı. Həmin banklar bağlanmaq təhlükəsindən qurtuldu. Hazırda ölkədə 45 bank var. Türkiyənin “Ziraat Bankası”nın Azərbaycanın maliyyə bazarına daxil olması nəticəsində bankların sayı artıb. Yeri gəlmişkən, kapitallaşma ilə bağlı Mərkəzi Bankın tələbinin daha bir nəticəsi dövlət bankının sayının 2-yə qalxmasıdır. Əvvəl təkcə “Beynəlxalq Bank” yeganə dövlət bankı sayılırdısa, “AzəriTürkBank” da siyahıya qoşuldu. Bir sözlə, hazırda 3-4 bank var ki onların bazarda qalıb-qalmaması üzərində iş gedir.

- Sadə dildə desək, artıq iki ildir bəzi banklar yola verilir. Bu halda məcmu kapital tələbi niyə ortaya atılırdı?

- Mərkəzi Bank qərarı 2012-ci ilin yayında vermişdi. Sonradan müddət az olduğundan bir il də uzadıldı. Doğurdan da, 2013-cü ilin sonuna 15 bank tələbi yerinə yetirə bilməmişdi. Həmin dövrdə digər MDB ölkələrində də bu proses baş verirdi. Məqsəd bankların gücləndirilməsi, likvidliyin artırılması, kredit verilən zaman daha çox güzəştin tətbiqi kimi şərtlər idi.

- Yaxşı, xeyiri nə oldu?

- Bank sektorundan kənarda risklərin çox olması hələ də bank sektorunun geniş fəaliyyətinə imkan vermir. Dünyada bankların kapitalına olan tələb bizdəkindən dəfələrlə aşağıdır. Yaxın dövrdə kapitalın artırılmasını gözləmirəm.

- Ümumiyyətlə, bu gün bankların vəziyyəti necədir? Yəni 2014-cü illə müqayisədə 2015-ci ildə bankları necə xarakterizə etmək olar?

- 2015-ci il banklar üçün riskli dövrdür. Bankları çox böyük sınaqlar gözləyir. Həmin sınaqlar təkcə bank sektoruna aid deyil. Bütövlükdə ölkə iqtisadiyyatında yaranmış vəziyyətlə bağlıdır. Səbəb dünya bazarında neftin ucuzlaşması və ölkəyə daxilolmaların azalmasıdır. Bu azmış kimi, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların da sektora təsirləri var. Manat güclü təzyiq altındadır və Mərkəzi Bank dekabr-yanvar aylarında öz ehtiyatlarının 15 faizini buna görə itirib.

- Bank sektoruna təsiri nədir?

- İlk zərbəni bank sektoruna vurur. Məsələn, 2014-cü il banklar üçün 2013-cü illə müqayisədə elə də uğurlu olmayıb. Xüsusilə, ilin ikinci yarısı. Zərərlə işləyən bankların sayı artıb. Əgər 2013-cü ildə 4 bank zərərlə işləyirdisə, 2014-cü ildə onların sayı səkkizə çatdı. İlin ortasında bu rəqəm hətta 11 bank idi. 2015-ci ilə gəlincə, vəziyyət dünya bazarında neftin dəyərinin nə qədər ucuzlaşmasından asılı olacaq.

- Əmanət bazarında vəziyyətin yaxşı olmadığı irəli sürülür.

- Dekabr ayı ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib. Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərinin dollara çevirməyə vadar edib. Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verib. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5%-ə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2% idi. Diqqəti cəlb edən digər məqam qısamüddətli əmanətlərin artımıdır. Əhali yatırdıqları əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənliyə görə onları qısa müddətə yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2%-dən 60,4%-ə yüksəlib.Ümumən götürdükdə isə ötən il əmanətlərin həcmi 792,6 milyon manat və ya 12,4% artaraq 7188,4 milyon manata çatıb. İl ərzində həm milli, həm də xarici valyuta üzrə artım baş verib.

- Bu tendensiya davam edə bilərmi?

- Bəli. Tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi azalacaq, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər.

- Belə çıxır ki, kredit bazarında da vəziyyət yaxşı deyil.

- Kredit qoyluşunda hökumət faizlərin aşağı salınmasını, real sektorun və kənd təsərrüfatının maliyyələşdirilməsini pioritet elan edib. Bu düzgün yanaşma olsa da, vəziyyət onun reallaşmasına imkan vermir. Əvvəla, əmanət bazarındakı problemlər kredit bazarına təsir edəcək. Digər tərəfdən, artıq banklar manatla kredit verməkdə maraqlı deyillər. Daha çox xarici valyutada kreditlərə üstünlük verməyə başlayıblar. Bank sektorunda durğunluq elementləri müşahidə edilir. Kapital artımı bankların möhkəmliyini artırsa da, hələ də bir sıra bankların xarici bazarlara çıxış imkanları məhdud olaraq qalır.

- Dediniz insanlar əmanətlərini manatdan dollara çevirirlər. Bu, vətəndaşların seçimidir. Ekspert kimi siz necə düşünürsünüz - hazırda ən yaxşı yığım vasitəsi hansı valyutadır?

- Azərbaycanda yığım vasitəsi kimi üc valyutadan istifadə edilir – manat, dollar, avro. Manatın payı yığımlarda yüksəkdir. Təxminən 60 faizdən çoxdur. Dollar 35, avro 4 faiz təşkil edir. Avronun ucuzlaşması nəticəsində bu valyutadan imtinalar artacaq. Fikrimcə, cari ildə ən etibarlı valyuta dollar olacaq. Avroya yatırım etmək risklidir. Ola bilsin, müəyyən dövrdə avronun məzənnəsi möhkəmlənsin. Lakin bu, stabil olamayacaq. Xüsusilə Avropa Mərkəzi Bankı kəmiyyət yumşaldılması siyasətinə keçib. Etibarlı yığım manatdır. Amma manatın özünün də taleyi sual altındadır. Hökumətin devalvasiyaya gedib-getməyəcəyinə dair əminlik yoxdur. Manatın ucuzlaşma ehtimalı ilə sabit qalma ehtimalı 50/50-dir.

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR