Klublar Komitəsi üçün “Əlifba” dərsi
Bizi izləyin

Digər

Klublar Komitəsi üçün “Əlifba” dərsi

Azərbaycan futbolunda legioner limitiylə bağlı müzakirələr davam edir. Bir neçə gün əvvəl Klublar Komitəsinin iclasında da bu məsələ müzakirə olunub. Klub rəhbərləri limitlə bağlı fikirlərini bildiriblər.

Limitlə bağlı təklifimizi ictimaiyyətin müzakirəsinə vermişik. Limit həddinin 11+ olmaq şərtiylə, iştirak ərizəsinə tətbiq olunmasını təklif etmişik. Klublar Komitəsinin sədri Tuyqun Nadirovun iclasdan sonra mətbuata verdiyi açıqlama bu məsələyə bir daha qayıtmağımızı labüd edir. Nadirovun açıqlamasından belə aydın olur ki, limitlə bağlı klub rəsmilərinin birmənalı mövqeyi yoxdur. Elə Nadirovun öz fikirləri də təzadlıdır.

Klub rəhbərlərinin mövqeyindən belə bəlli olur ki, onlar ümumiyyətlə limit anlayışından xəbərsizdirlər. Məsələn, elə klub rəsmisi var ki, limitin 11+ olacağı təqdirdə heyətdə mütləq 11 legionerin olmasını vacib hesab edir. Gülməyin, vallah belədi.

Məsələn, “Neftçi” rəhbərliyi bəyan edir ki, limitin indiki həddə - 6+5 qalmasının tərəfdarıdır. Guya onlar yerli futbolçuların inkişafında maraqlıdırlar və limit bu həddə qalacağı təqdirdə Araz Abdullayevi inkişaf etdirib, “Real”a yollayacaqlar. A bəylər, a kişilər, deyək ki, limit ümumiyyətlə ləğv edildi. Edilsin də. Sizə kim deyir ki, gedin 11 legioner gətirin? Gətirməyin, Allah xatirinə. Yenə də yerli futbolçularla oynamağa davam edin. Bunu sizə heç kim qadağan etmir. Limitin 11+ olması o demək deyil ki, bütün klublar mütləq iştirak ərizəsinə 11 legioner salmalı və onların 11-ni də start heyətində meydana buraxmalıdır. Yox ey, a kişi, vallah, belə deyil. Hər bir klubun startegiyası, gələcəyə hesablanmış planı olmalıdır. “Neftçi” bu strategiyaya yerli futbolçularla çatmaq istəyirsə, buyursun, çatsın. Heyətə legioner cəlb etməsin. Elə Arazla, Elvinlə, Raufla, Mirhüseynlə uğur qazansın, biz də alqışlayaq. Amma deyək ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyin yolunu heyətə 11 legioner cəlb etməkdə görürsə, buyursun, etsin bunu. “Limiti ləğv etmək lazımdır” deyərkən, bu strategiyanı seçən klubların qarşısındakı maneənin götürülməsini düşünürük. İndi “Bakı”nın vəzifəsi bilinməyən rəsmisi Yaşar Seyidov legioner limitinin ləğv olunmasına qarşı çıxmalıdır. Bilirsiz niyə? Çünki “Bakı” acından köpük qusur. Komandanın legioner almağa pulu yoxdur. Ona görə də saxta yerlipərəstlik edirlər, “azərbaycanlılar oynamalıdır” deyirlər. Amma pul olanda səviyyəsiz əcnəbiləri oynadırdılar. Yetişdirdiyi futbolçular da göz qabağındadır. Onların səviyyəsi Premyer Liqanın sonuncu pilləsində qərarlaşmağa yetir ancaq.

Gələk yenə də Tuyqun Nadirovun özünütəkzibinə. Deyir ki, “bu gün “Xəzər Lənkəran” çempionatda gənc heyətlə çıxış edir. Sabah avrokuboklara vəsiqə qazansaq (hərçənd belə olmayacağına əmindir), bu heyətlə gedib orda layiqincə çıxış etmək çətin olacaq”. Əla! Tuyqun Nadirov yetişdirdikləri futbolçuların səviyyəsinə bələd olduğu üçün həqiqəti deyir.

Amma görün Tuyqun bəy bundan sonra nə deyir: “Bu gün deyirik ki, legioner limiti tətbiq olunmasın. Amma nəticədə gedib səviyyəsiz legionerləri heyətə cəlb edəcəklər. Bunun nəticəsində inkişaf olmayacaq”.

Stop! Dayan! Bax, həqiqət bu fikirlərin altında yatır ey, Tuyqun bəy. Səviyyəsiz legionerləri kim gətirəcək? Təbii ki, klub rəhbərləri. İndiyə qədər də gətiriblər, bundan sonra da gətirəcəklər. Elə isə bunda limitin nə günahı var? Bu, tarixi etirafdı ey...

Azərbaycan futbolunun inkişafı limitə-mimitə bağlı deyil. Azərbaycan futbolunun inkişafı sağlam düşüncəyə, vicdanlı, ləyaqətli kadrların varlığına bağlıdır. Nə qədər ki, AFFA-da, PFL-də, klublarda “moşenniklər” kök salacaq, elə belə də olacaq. Limit 6+5 olanda da bu “moşenniklər” alver etməyin yolunu tapırdılar, sabah 11+ olsa da tapacaqlar.

Biz limitin ləğv olunmasını vicdanla fəaliyyət göstərmək istəyənlərin işini asanlaşdırmaq üçün tələb edirik. Məsələn, Qurban Qurbanov heç vaxt Qara Qarayevdən, Bədavi Hüseynovdan zəif legioneri gətirib onların yerində oynatmaz. Vallah, oynatmaz! Bunu siz də bilirsiz. O başqa məsələ ki, Azərbaycan futbolunda vicdanlı, ləyaqətli funksionerlər, mütəxəssislər azdı, lap az.

Tuyqun bəy, gəlin, yığışdıraq bu limit-mimit söhbətini. Əvvəlcə AFFA-da, PFL-də, klublarda sağlam mühit yaradılsın, vicdanlı və ləyaqətli kadrlar olsun, sonrası asandır. Lap asan! Onda limitin hansı həddə olmasına baxmayaraq, inkişaf olacaq. Mütləq olacaq. Amma AFFA-da, PFL-də, klublarda vicdanlı və ləyaqətli kadrların sayı artacaqmı? Tuyqun bəy, çətin sual oldu, hə? Başınız sağ olsun, başınızı salın aşağı, işinizdə olun. Yığışdırın bu limit-mimit söhbətini. Başımız ağrıyır ey...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm