Digər
Prezident İlham Əliyev: “Biz Avropa üçün əhəmiyyətli tərəfdaşa çevrilirik”
Fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dəyirmi masa”da iştirak edib.
Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger
tədbir iştirakçılarını və Azərbaycan Prezidenti İlham Əliyevi
salamladı.
Artıq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin əhatə dairəsinin genişləndiyini, 2013-cü ildən bu siyahıya enerji təhlükəsizliyinin də daxil olduğunu deyən Volfqanq Fredrik İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi və “dəyirmi masa”nın işinə uğurlar arzuladı.
Sonra tədbirin aparıcısı sözü Azərbaycan Prezidentinə verdi.
Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış etdi: “Çox sağ olun.
Əvvəlcə səfir İşingerə dəvətinə görə təşəkkürümü bildirmək
istəyirəm. Münxendə yenidən olmaq məndə məmnunluq hissi doğurur.
Burada belə bir müzakirənin təşkil olunmasına görə sizə təşəkkür
etmək istəyirəm. Çünki enerji təhlükəsizliyi məsələsini milli
təhlükəsizlik məsələsindən ayrı müzakirə etmək olmaz. Enerji
siyasəti ilə bağlı məsələlər milli maraqlara və Avropanın bizim
regionda qlobal siyasi xəritəsinə sıx bağlıdır”.
Prezident bildirib ki, Azərbaycan əlbəttə ki, yerləşdiyi regionda
enerji təhlükəsizliyinin təminatında öz rolunu oynayır: “İndi -
“Cənub” qaz dəhlizi ilə bağlı vacib sazişin imzalanmasından sonra
biz Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilirik. Biz artıq
enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olmuşuq.
Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Buna görə də
istehsalat sahəsində əsas investisiyaları əldə etmək üçün bizə
nəqliyyat marşrutları lazım idi. Bunun üçün də 1994-cü ildə, enerji
strategiyamızın lap əvvəlində biz neft şirkətlərindən ibarət
beynəlxalq konsorsiumdan neftin və qazın istehsalı üçün
investisiyaları cəlb edə bildik. Biz tarixdə ilk dəfə Xəzər
dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz boru
kəmərlərini inşa etməyə başladıq. Biz artıq bu dəhlizləri tikmişik.
On il bundan əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara
veriləndə biz artıq Avropanın enerji təhlükəsizliyinin təmini
istiqamətində mühüm bir addım atmışdıq”.
İlham Əliyev deyib ki, bu gün Azərbaycandan daxil olan neft bəzi
Avropa ölkələrinin enerji balansında 30-40 faiz təşkil edir: “İndi
isə dediyimiz kimi, növbə təbii qaza çatıb. Böyük “Şahdəniz” yatağı
Azərbaycan üçün nəhəng ehtiyatdır. Bu, dünya miqyasında ən böyük
qaz yataqlarından biridir. Biz 1996-cı ildən etibarən bp və digər
tərəfdaş şirkətlərlə bu yatağın işlənməsi üzərində çalışmışıq. Biz
artıq Azərbaycan qazını hasil və onun regional bazarlara çıxışını
təmin etmişik. Bizim qonşularımız olan Gürcüstan, Türkiyə, İran və
Rusiya Azərbaycan qazını alırlar. 2012-ci ildə vacib bir qərar
qəbul edərək Türkiyə ilə Trans-Anadolu – TANAP qaz boru kəməri
haqqında saziş imzaladıq. Bu, Avropanın enerji təhlükəsizliyində
böyük bir sıçrayış oldu. Çünki bu saziş olmadan “Cənub” qaz dəhlizi
layihəsi bu gün sadəcə yaxşı bir ideya olaraq qalardı”.
İlham Əliyev xatırladıb ki, 2013-cü ildə Trans-Adriatik – TAP boru
kəməri əsas təchizat marşrutu kimi seçilib: “2014-cü il sentyabrın
20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib.
İndi hər şey hazırdır və biz artıq Avropanın əsas enerji və
infrastruktur layihələrinin icrasına başlamışıq. “Şahdəniz”
yatağının işlənməsi, boru kəmərinin tikintisi ilə birlikdə bu
layihələrin sərmayə dəyəri ən azı 45 milyard dollar həcmində
olacaq. Bizə indi nə lazımdır?! Bizə bu komandanın bütün üzvləri
arasında səmərəli əlaqələndirmə işlərinin aparılması lazımdır.
Əvvəlki vaxtlarda bizdə regional əməkdaşlıq mövcud idi. Azərbaycan,
Türkiyə və Gürcüstan - təkcə bu üç ölkə Bakı-Tbilisi-Ceyhan neft,
Cənubi Qafqaz qaz boru kəmərləri və tezliklə istismara veriləcək
dəmir yolu layihələrinin icrasına nail olublar. İndi komandamızda
Avropa İttifaqının üzvləri olduqda bizə daha çox əlaqələndirmə və
çeviklik lazımdır. Çünki bəzən Avropa təşkilatlarının qaydaları çox
vaxt aparır. Biz bürokratiya ilə bağlı müəyyən məsələlərlə
üzləşirik və biz vaxt itirə bilmərik. Çünki bu layihə istehsalçı
qismində bizə, tranzit və istehlakçı ölkələrə lazımdır”.
Dövlət başçısının sözlərinə görə, aydındır ki, Azərbaycandan daxil
olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi
yeganə yeni qaz mənbəyidir: “Bütün digər layihələr, o cümlədən
marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil,
yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim
mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb.
“Şahdəniz” yatağında 1 trilyon kubmetrdən çox qaz ehtiyatı var.
Bizim digər yataqlarla birgə təsdiqlənmiş qaz ehtiyatlarımız ən azı
2,5 trilyon kubmetr təşkil edir. Bu, on illərlə, yüz illərlə davam
edəcək qaz layihəsidir. Bu layihə Avropanın enerji xəritəsini
əhəmiyyətli dərəcədə dəyişəcək.
Biz bu il fevralın 12-də Bakıda “Cənub” qaz dəhlizi layihəsinin
Məşvərət Şurasını keçirəcəyik. Biz bu layihədə iştirak edən bütün
ölkələrdən yüksək səviyyəli rəsmiləri dəvət etmişik. Azərbaycan,
Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya.
Beləliklə, bu ana qədər belə bir tərkibdə komanda formalaşıb.
Həmçinin layihənin sonrakı mərhələlərində biz Balkan ölkələrindən
tərəfdaşlarımızı cəlb edəcəyik. Çünki artıq Xorvatiya və Monteneqro
ilə anlaşma memorandumu imzalanıb. Beləliklə, bizə əlaqələndirmə və
Avropa təşkilatlarının güclü dəstəyi lazımdır ki, ən azından
bürokratik prosedurlara görə vaxt itirməyək. Düşünürəm ki, bu
layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan
uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin
icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni
səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP,
“Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan
yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır.
Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.
Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin təqribən 50
dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən
dayanıqlı olmasını çətinləşdirir. Bu layihə də həyata
keçirilməlidir. Bu, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir.
Bu layihəyə ona cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət
edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz
ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz dəhlizi
layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi
olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə
Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə
etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya
Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə
bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o
deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür.
Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha
uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət
qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə
çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük
miqyaslı layihə olacaq.
Onu söyləmək istəyirəm ki, biz düzgün istiqamətdəyik, işlər qrafik
üzrə gedir, tikintiyə artıq başlanıb, borular sifariş olunub,
podratçılar seçilib. Biz ilk hissə olan TANAP layihəsini 2018-ci
ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə
yetirməyi öhdəmizə götürmüşük. Lakin bizə bütün komanda üzvləri
arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı
etibar lazımdır”.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO