Bahalı toyuqlarımız, danalarımız, qoyunlarımız və ya ağzımız ətə niyə çatmır
Bizi izləyin

Digər

Bahalı toyuqlarımız, danalarımız, qoyunlarımız və ya ağzımız ətə niyə çatmır

Ətin qiymətinin düşməsi son günlərin ən çox müzakirə edilən mövzusudur. Mətbuatın yazdığına görə, bir ay bundan öncə dana əti 8-9 manata satılırdısa, hazırda bu qiymət 6 manata düşüb. Maraqlıdır ki, rəsmi orqanlar da ətin qiymətinin düşdüyünü təsdiqləyirlər. Bunu da əhalinin qida rasionunun tərkibinin dəyişməsi ilə əlaqələndirirlər. Deyilənə görə, artıq istehlakçılar balıq, toyuq ətinə üstünlük verirlər, nəinki dana, qoyun.

Doğrudanmı ət istehlakı azalıb? Və ya ətin qiyməti düşüb? Suallara cavabı statistikada və bazarda axtardıq.

Publika.az ət bazarı ilə bağlı araşdırmasını təqdim edir.

Yerli istehsal artıb

İlk əvvəl statistikaya nəzər yetirək. Məsələn, 2014-cü ildə 505,5 min ton ət istehsal edilib. 2015-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2706,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1304 min baş inək və camış, 8681,5 min baş qoyun və keçi mövcud olub. Keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 3,6 min baş (0,1 faiz), o cümlədən inək və camışların sayı 2,4 min baş (0,2 faiz), qoyun və keçilərin sayı 51,0 min baş (0,6 faiz) artıb. İdxalın həcminə gəlincə, son 3 ilin statistikası maraqlı faktları ortaya qoyur. 2010-cu ildə ölkəyə 3 886,2 ton ( 6017,7 min dollar məbləğində),2011-ci ildə 5 597,0 ton (8 872,8 min dollar məbləğində), 2012-ci ildə 3 879,5 ton (6 740,9 min dollar məbləğində), 2013-cü ildə 5 147,6 ton (12 289,8 min dollar məbləğində) iri buynuzlu heyvan əti idxal edilib. 2013-cü ildə 128 682,8 min dollar həcmində diri heyvan və heyvan mənşəli məhsullar, 41 214,6 min dollar diri heyvan idxal olunub. İxraca gəlincə, diri heyvan ixracı 79,9 min dollar olub. Ət və əlavə ət qida məhsullarının ixracı isə 2012-ci ildən dayandırılıb.

Göründüyü kimi, ölkədə ət istehsalı artıb, idxal müəyyən dövrlərdə həm artıb, həm də azalıb. Xüsusilə son iki ildə idxal 2011-ci illə müqayisədə azalıb. Amma məsələ bunda deyil. 2011-ci ildə ölkəyə 5 597 ton iribuynuzlu heyvan əti idxal edilib. İdxalın dəyəri 8 872,8 min dollar olub. 2013-cü ildə 449.4 ton daha az ət idxal olunub qiyməti isə 12 289,8 min dollar təşkil edib. Nəzərə alsaq ki, 2011-ci ildən bu tərəf ölkədə ətin satış qiyməti (idxal qiymətindən asılı olaraq məhsulun dəyəri dərhal dəyişir) dəyişməyib, idxaldakı bahalaşmanın özü sual doğurur.

Əhali ildə nə qədər ət alır?

Statistik rəqəmlər göstərir ki, ət məhsullarının qiyməti 2014-cü ilin dekabrında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bahalaşıb. Qoyun əti 2014-cü il 9,37 manat, 2013-ci ildə 9,29 manat olub. Mal əti isə əksinə, 17 qəpik ucuzlaşıb. 2014-cü ilin dekabrında 7,53, 2013-cü ildə 7,7 manat olub. Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,8 faiz bahalaşıb. İllər üzrə pərakəndə ticarət şəbəkələrində satılan ət və ət məhsullarının həcminə gəlincə, 2000-ci ildə 121,8 min ton, 2001-ci ildə 129,7 min ton, 2002-ci ildə 136,4 min ton,2003-cü ildə 142,4 min ton, 2004-cü ildə 150,9 min ton, 2005-ci ildə 162,2 min ton, 2006-cı ildə 167,6 min ton, 2007-ci ildə 192,4 min ton, 2008-ci ildə 209,5 min ton, 2009-cu ildə 223,7 min ton,2010-cu ildə 231,1 min ton, 2011-ci ildə 254,5 min ton, 2012-ci ildə 267,7 min ton, 2013-cü ildə 277,6 min ton ət satılıb.

Adambaşına düşən satışı hesabladıqda 2007-ci ildə adambaşına 22,4 kq ət və ət məhsulları, 2008-ci ildə 24 kq, 2009-cu ildə 25,3 kq, 2010-cu ildə 25,9 kq, 2011-ci ildə 28,1 kq, 2012-ci ildə 29,2 kq, 2013-cü ildə 30,3 kq ət satışı düşür. Belə çıxır, əhali qida rasionunda ətin çəkisini azaltmayıb, əksinə, çoxaldıb.

Quş əti bazarı

Quş əti bazarında vəziyyət yerli istehsalın xeyrinə dəyişib. 2010-cu ildə 13 500,5 ton (9 993, 3 min dollar), 2011-ci ildə 15 090,4 min ton (11 217,0 min dollar), 2012-ci ildə 10 252,7 min ton (7 492,8 min dollar), 2013-cü ildə 2 550,2 ton (1 959,2 min dollar) quş əti idxalı reallaşdırılıb. İdxalın azalması yerli istehsalı stimullaşdırıb. Ötən il quşçuluq fabriklərində diri çəkidə 85,3 min ton (keçən il 73,3 min ton) quş əti, 703,3 milyon ədəd (keçən il 561 milyon ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 41,1 faiz artaraq 11,6 milyonu keçib. Hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınıb. Bütün bu rəqəmlər əslində istehlak bazarında quş ətinin qiymətinin düşməsini şərtləndirməli idi. Amma vəziyyət əksinədir. Bu qədər istehsal artımının fonunda toyuq ətinin istehsalçı qiyməti 2014-cü ildə (kq 3,17 manat) 2013-cü illə ( kq 3,40manat) müqayisədə cəmisi 23 qəpik ucuzlaşıb. Onun da istehlakçının cibinə ciddi təsiri yoxdur. Yumurtaya gəldikdə, yerli toyuqlarımızın yüksək məhsuldarlığına rəğmən, 10 ədəd yumurta hələ də 1,21 manat təşkil edir. 2013-cü ildə həmin rəqəm 1,35 manat olub. Bir ildə cəmi 14 qəpik ucuzlaşma baş verib. Bunu da hər yumurtanın dəyərinə böldükdə çox cüzü rəqəm ortaya çıxır. Məsələnin başqa tərəfi bu statistikanın rəsmi olmasıdır. Mağazalarda apardığımız müşahidələr göstərir ki, yumurtanın qiyməti məhsulun hansı broyler şirkəti tərəfindən istehsal edilməsinə uyğun dəyişir. Əksər istehsalçılarda 10 ədəd qablaşdırılmış yumurta 1,5 manatdır. 1 kq toyuğun qiyməti də statistikadakı kimi 3,17 manat təşkil etmir. Qiymət ən yaxşı halda 3,2-3,3 manatdan başlayır.

6 manata dana ətini haradan tapmaq olar?

Monitorinqlərimiz göstərir ki, dana ətinin qiyməti də ucuzlaşmayıb. Konkret paytaxtda 6 manata dana əti yoxdur. Market şəbəkələrində, ət məhsulları dükanlarında dana ətinin dəyəri 6 manat 80 qəpik - 7 manatdan başlayır. Sümüksüz dana əti isə hətta 10 manat təşkil edir. Qoyun ətinin qiyməti 8-9 manat arasında dəyişir. Mal əti 7,5 manatdır. Yeri gəlmişkən, mal ətinin qiyməti ötən ayla müqayisədə bahalaşıb.

Qonşu ölkələrlə müqayisələr də Azərbaycanda ət məhsullarının qiymətinin yüksək olduğunu ortaya qoyur. Müqayisə üçün bildirək ki, inflyasiyanın 15 faizə yaxınlaşdığı Rusiyada mal ətinin ölkə üzrə orta qiyməti 355 rubl, manat ekvivalenti ilə 6,49 manat təşkil edir. Toyuq əti ixracı planlaşdırdığımız Rusiyada bu məhsulun qiyməti son bahalaşmalardan sonra 175 rubl (manat ekvalenti ilə 3,2 manat) olub. Nəzərə alsaq ki, Türkiyə də Rusiyaya toyuq əti ixrac edir, Azərbaycanın “bahalı” toyuqlarının rus bazarındakı rəqabətə necə tab gətirəcəyi sual doğurur. Burada bir çıxış yolu var, o da istehsalçıların ruslara toyuğu yerli bazardakından ucuz qiymətə satmasıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm