Azəbaycan Yunanıstana güzəştə gedəcəkmi? – Açıqlama
Bizi izləyin

Digər

Azəbaycan Yunanıstana güzəştə gedəcəkmi? – Açıqlama

Xəbər verildiyi kimi, bu gün Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə “Cənub qaz dəhlizi” Məşvərət Şurasının ilk iclası keçirilir. Avropa Komissiyası enerji İttifaqı üzrə vitse-prezidenti və “Cənub qaz dəhlizi” boyunca yerləşən ölkələrin energetika nazirləri layihənin reallaşması üçün operativ tədbirlər planlarını müzakirə edirlər.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert İlham Şaban bildirir ki, “Cənub qaz dəhlizi”nin hazırda ən böyük problemi Yunanıstanda yaşanır. Belə ki, yanvarda burada qurulan yeni hökumət “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi – Trans Adriatik boru kəməri (TAP) ilə daşınacaq Azərbaycan qazından bu ölkəyə çatacaq tranzit haqlarına və bu boru xətti ilə 2020-ci ildən Yunanıstana nəql olunmalı Azərbaycan qazının alqı-satqı müqaviləsindəki qiymətlərinə öz mənfi münasibətini “TAP AG” konsorsiumuna bəyan edib: “Belə görünür ki, bu məsələlər Yunanıstanda əvvəlki hökumət öz nüfuzunu itirməyə başlayandan gündəmə gəlib, məhz buna görə də bu ölkədə TAP-la bağlı ötən bir il ərzində elə bir ciddi irəliləyiş əldə etmək mümkün olmayıb. Məhz ultrasolçuların hakimiyyətə yiyələnməsi ilə problem daha qabarıq formada ortaya qoyulub və Bakı görüşündən bir gün öncə isə Moskvaya səfər edən Yunanıstan xarici işlər naziri Rusiyalı həmkarı Sergey Lavrovla qaz ixrac marşrutlarını da müzakirə ediblər və “Yunanıstan Türk axınına maraq göstərir” kimi ifadə də bu görüşün kuliminasiya nöqtəsi olub. Demək, bir şey aydındır ki, Yunanıstan artıq bu gün “Cənub qaz dəhlizi”nin reallaşmasında bir tıxaca çevrilir. Və tezliklə bu problem həllini tapmalıdır”.

Bəs Azəbaycanın Yunanıstana hər hansı güzəştə getmək imkanı varmı? İlham Şabanın sözlərinə görə, “Şahdəniz” konsorsiumu və SOCAR 2011-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya ixrac marşrutu uzərində ciddi işlərə başlayıblar: “O zaman 4 əsas marşrut üzərində təhlillər aparılırdı. Sonra ciddi mübarizə nəticəsində seçimdə 2 marşrut qaldı: Nabucco-West və TAP. Sonuncu ona görə seçildi ki, ən minimal tarifləri və bu boru kəmər boyunca yerləşən ölkələr ən optimal alqı-satqı variantlarını təklif etmişdilər. İndi təsəvvür edin, Yunanıstanın yeni hakimiyyətinin təkidi ilə bu tariflər qaldırılsa və satış qazının qiyməti endirilsə, demək, onda həm ixrac boru layihəsinin kommersiya rentabelliyi təhlukə altına duşmüş olur, həm də “Şahdəniz-2” layihəsinə investisiya etməyə hazırlaşan şirkətlərin vəsaitlərinin geri qayıtma dövrü uzanmış olur. Nəzərə alsaq ki, bu layihədə iştirak edən şirkətlərin bəziləri ictimai-səhmdar şirkətlərdir (məsələn, BP və LUKOİL-un layihədə ümumilikdə payı 38% təşkil edir – Caspian Barrel), yəni yatırımlarla bağlı qərarı onların rəhbərləri deyil, səhmdarlar verir (onlar isə daha çox mənfəətli layihələrə yatırımlarda maraqlıdırlar ), onda Xəzərin ən böyük qaz yatağının işlənməsi belə təhlükə altına alına bilər. Nəticədə, Avropa çoxdan bəri arzuladığı alternativ mənbədən qaz almaq imkanından, sadəcə, məhrum olmaq kimi təhlukə ilə üzləşə bilər.

Bu isə nəyin nəticəsidir – bu günə 320 mlrd avro dövlət borcu yaranmış bir ölkənin hələ də öz gələcəyinin dumanlı təsəvvürləri ilə bağlı olması. Bu gün Afina Brüssel və Moskva arasında vurnuxur. Onun 10 milyonu ötmüş əhalisi 2008-ci il iqtisadi böhranından sonra hələ də başa düşə bilmir ki, “işləmədən” böyük pullar qazanıb necə gəldi xərcləyərək yaşamaq artıq mümkün deyil. 7 il keçib, hələ də insanlar arzularla, daha çoxları isə miflərlə yaşamağa üstünlük verirlər… Nəticə isə göz qabağındadır, heç kəsin gözləmədiyi halda ultra solçular Afinada və Qərbin Rusiyaya sanksiyalar tətbiq etdiyi zaman yeni formalaşan Yunanıstan hökuməti artıq “Türk axını” ilə Rusiyadan qaz alıb qazan doldurmaq planları haqda düşünür… Brüssel isə Afinaya yenə də bir neçə milyard avro yardım etməyə hazırlaşır ki, avrozonanı tərk etməsin, avro birdəfəlik süquta uğramasın və sair”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm