Xoşbəxtlik villası və ya “Monika, bir az anrı dur”
Bizi izləyin

Digər

Xoşbəxtlik villası və ya “Monika, bir az anrı dur”

Səhər işə gələrkən pəncərədən yağışlı yollara baxıram, bir azdan avtobusdan enəcəyimi düşünürəm və özümü psixoloji cəhətdən palçıqlı dayanacaqda düşəcəyimə hazırlayıram.

Amma təxəyyülüm imkan vermir. Şeytan başlayır qıdıqlamağa ki, bir az pulun olsa, bir villa alardın, hündür hasar çəkdirərdin, qapısının üstündən də sehirli lövhə yapışdırardın: “Xoşbəxtlik villası”. Darvazasının ağzında da yekə bir şlaqbaum qoyardın. Elə-belə, nümayişkaranə şəkildə bəyan etmək üçün ki, sizə giriş qadağandır. Hə, buradaca xüsusi qeyd edim ki, ətrafda yarım kilometrlik asfalt çəkdirərdim, yeddinci mikrorayonda yaşayıb-işləyənlər bilir ki, bu nə dərəcədə vacib, hətta deyərdim ki, prioritet məsələdir.

İkinci prioritet məsələ sakitlikdir. Bütün ölkə Lamiyədən, bütün yazarlar da ədəbi cameədən danışır. Sənsə bütün bunlardan bezmisən – mövzulardan da, adamlardan da, ona görə xəyallarına azadlıq verib, keçirsən darvazanın o biri üzünə. Orada mütləq ağaclar olmalıdır, adamlar yoxdursa, bu, çox vacibdir. Məsələn, hər gün palıdla salamlaşırsan, tozağacının gövdəsini qucaqlayırsan, şam ağacının başını tumarlayırsan, küknarın yarpaqlarına sığal çəkirsən. Bu da sənə ünsiyyət. Nə artıq qanqaraçılıq var, nə sayğısızlıq. Onların sənə cavab verməməsindən də incimirsən, əksinə, bu susqunluğu sakit, əbədi və enişsiz-yoxuşsuz sevgi əlaməti zənn edirsən. Məsələn, belə: məni görür, həyəcandan nitqi quruyur...

Amma arada sükutu pozmaq da lazımdır. Necə? Heç nə, on-on beş baş inək alırsan, hamısını da bir-bir seçirsən, ən gözəllərini. Hə, özünə mini ferma yaradırsan. Onlara ən gözəl adlar qoyursan – məsələn, Monika (Beluççi), Cennifer (Lopes), Şakira, Beyons, Rihanna, İrina (Şeyk), Adriana (Lima)... Səhər-səhər gəlib onlara baş çəkirsən, görürsən ki, məsələn, Monika öz iri sinəsiylə Cenniferin gözəl sağrısının qarşısını kəsib. Buna, əlbəttə, yol vermək olmaz. Ona görə də təkəbbürlü inəyə yavaş-yavaş, mehribanlıqla yaxınlaşıb, doğma Tovuz ləhcəsində deyirsən: “Monika, quzum, gözəlim, bir az anrı dur”.

Yeri gəlmişkən, bu inəklərə qətiyyən milli adlar qoymaq olmaz, məsələn, ad qoyarsan Sevda, yerin də qulağı var axı, çatar şou-biznes aləminə, bizdə də adamlar özlərindən xofludular axı. Elə bilirlər, hamı onlara düşməndir, hər kəs onların paxıllığını çəkir, hamı iş-gücünü atıb, yalnız onlar barədə düşünür. Nə isə, Sevdalar arasında həşir düşər, di gəl cavab ver, sabah bütün media kəsdirəcək qapının ağzını, sən deyəcəksən, onlar cavab verəcək, onlar deyəcək, sən cavab verməli olacaqsan. Ac başın, dinc başın. Xarici adlar yaxşıdır elə. Özünü əcnəbi gözəlçələrdən ibarət hərəmxanadakı kimi hiss edəcəksən.

Sonra gördün ədəbiyyat üçün darıxırsan, əlində deyil, ən gözəl inəyə həsr olunan şeir müsabiqəsi təşkil elə, sonra nəsr, sonra tənqid. Təsisçi də özün olacaqsan, təşkilatçı da, münsif də, iştirakçı da, lap elə, qalib də, qonaq da. Yaşa da özünçün...

Amma inəklərlə iş bitmir, 15-20 toyuq, bir xoruz alırsan ki, süddən başqa, yumurta da da olsun. Darıxmayasan deyə, arada onların arasında gözəllik müsabiqəsi keçirirsən, qalibin başına çələng qoyub fotolar çəkirsən – şelfi də öz yerində, yox, şəkilləri “Facebook”a, ya “İnstagram”a yerləşdirmirsən, nəyinə lazımdır axı, sən insanlardan uzaqlaşmısan, darıxırsan, özün üçün divar qəzeti çıxar, özün yaz, özün təkzib elə, üstəlik, şərh də yaz – bunu öz adınla da edə bilərsən, niklə də. Heç kəs sənə “gözün üstə qaşın var” deməyəcək.

Hələ bu heyvanlarla birləşib, kreativ musiqi əsəri də yaratmaq olar. “Ham-myau, mouu, məə, cik-cik, qak-qak”. Yəni istirahət və əyləncə üçün hər şey var, bir az kreativlik də olsa...

İş bitmir, xəyal bitmir, yol isə bitir, bir qış səhəri Xoşbəxtlik villasından çıxıb, palçıqlı yola düşürsən. Düşürsən və dönüb geri baxanda görürsən ki, nə villa var, nə xoşbəxtlik. Olan-qalan elə Lamiyədir, bir də cameə...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm