Elariz Məmmədoğlu: “Üç nəfərin üstündən xətt çəkmişəm” – FOTOLAR
Bizi izləyin

Digər

Elariz Məmmədoğlu: “Üç nəfərin üstündən xətt çəkmişəm” – FOTOLAR

Publika.az-ın “Ulduzlu axşam”da qonağı Elariz Məmmədoğludur. Hər zaman punktuallığına heyran qaldığım sənətçi bu dəfə də dəqiqliyi ilə seçildi. Bizimlə görüşə - redaksiyamıza vədələşdiyimiz vaxtdan beş dəqiqə qabaq gəldi. Sağ əli o biri müğənnilərin başına.

Tərif kimi çıxmasın, Elariz Məmmədoğlu o müğənnilərdəndir ki, hər zaman sənəti ilə insanlığı bir-birini tamamlayıb. Bəzi həmkarları kimi gündəm xatirinə efirə çıxmayıb - nə özünü hörmətdən salıb, nə də sənətini…

- Sənətinizlə insanlığınızı tən tutmağı bacarmısınız, çətin olmayıb ki?

- Rəhmətlik atam deyərdi ki, həyatda ən çətin şey kişi kimi yaşamaqdır. Ləyaqəti qoruyub saxlamaq çətin məsələdir. Dədə-babalarımız həmişə ləyaqətlərini qoruyub saxlayıblar. Həmin o ləyaqət, kişilik, mərdlik mənə ata-babamdan miras qalıb. İstər sənətçi olsun, istər müəllim, həkim, ya jurnalist, qadındırsa - ismətini, namusunu, kişidirsə - ləyaqətini, mərdliyini qorumağı bacarmalıdır. Mənim aləmimdə şəxsiyyətlə sənət bir-birinə tən gəlməlidir. Bəzən deyirlər ki, filankəs yaxşı sənətkardır, amma birqəpiklik adam deyil. Bəzən də, əksinə, deyirlər ki, filankəs gözəl insandır, amma birqəpiklik sənəti yoxdur. İnsanlıqla sənət əlli-əlliyə olmalıdır. Sənətimin özünü də əlli-əlliyə bölmüşəm. Yaradıcılığımın əlli faizi sənətə, əlli faizi də kommersiya xarakterli mahnılara bölünüb. Yüz faiz sənətə xidmət etsəm, onda ailəmi saxlaya bilmərəm. Sırf kommersiya məqsədilə də çalışsam, onda sənətdə sözümü deyə bilmərəm. Arada kommersiya xarakterli mahnılar oxuyuram ki, buna görə məni toylara aparsınlar.

- Amma indiki zamanda ləyaqətini qoruyub saxlamaq da asan iş deyil. Bəzən qeyri-səmimi olmaq, kiminsə üzünə gülmək, düzü danışmaq əvəzinə əyrini söyləmək məcburiyyətində qalmırsınız ki?

- Bir var etika xətrinə yalandan gülmək, kimisə tərifləmək, bir də var riyakarlıq. Riyakarlığı qoyaq qırağa, bizlik deyil, amma kiminsə ürəyini qırmamaq üçün bəzən yalandan tərifləməli olursan. Yaxud da sevmədiyin, hörmət etmədiyin insanın üzünə gülmək məcburiyyətində qalırsan, bu, həyatdır. Amma bu yalan danışmağın, yalandan üzə gülməyin də bir dozası var, o doza aşılanda artıq dayanmalısan. Çünki riyakarlığa çevrilə bilər.

- Özünüzə nəzarət etməyi bacarırsınız?

- Mütləq. Rəhmətlik atam deyərdi ki, həmişə özünə kənardan bax. Əvvəl onu başa düşə bilmirdim. Mənə başa salandan sonra hər şeyi anladım. Bəzən uğurdan insan elə eyforiyaya düşür ki, ona elə gəlir özündən yoxdur, dahidir. Amma sonra baxıb görürsən ki, yox e, heç kim heç kimdən artıq deyil. Birinin boyu o birindən uca, birinin ağlı kiminsə ağlından bir az artıq ola bilər və sair. Hər kəs özlüyündə bir şəxsiyyətdir və heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Sən əgər sözünü yeritmək istəyirsənsə, bunu ustalıqla etməlisən ki, qarşındakının xətrinə dəyməsin. Demək istəyirəm ki, bəzi məqamlarda özümü saxlayıram, özümə nəzarət edirəm. Fikir verirsinizmi, bəzi şou proqramlarda aləm dəyir bir-birinə, ağız deyəni qulaq eşitmir. Aparıcı mənə deyir ki, sən niyə danışmırsan? Cavab verirəm ki, mənə bir az “pis tərbiyə” veriblər, gözləyirəm onlar danışıb qurtarsın, sonra sözümü deyim.

- Olubmu ki, bəzi verilişlərə getdiyinizə görə özünüzdən utanmısınız?

- Olub. Kanalların birində məşhur bir verilişə qonaq getmişdim. Gözəl bəstəkarlarımızın məşhur mahnılarından oxumaq istədiyimi deyəndə, aparıcı mənə qayıtdı ki, bu nə mahnılardır e, oxuyursan. Belə aşağı səviyyəli bir verilişə gəldiyim üçün çox utandım.

- Heç sizi aldadıb verilişlərə çağırıblar?

- Dəfələrlə. Hətta elə verilişlər olub ki, birbaşa telekanal rəhbərləri mənə zəng edərək çağırıblar. Getdiyimə də peşman olmuşam. Düzdür, o aparıcılar sonradan məndən inciyir, amma bir də o verilişlərə getmirəm.

- Zahirən çox mülayim, sakit, təmkinli görünürsünüz. Bu görüntünün arxasında üsyankar, emosional, sərt Elariz Məmmədoğlu gizlənməyib ki?

- Həmişə fırtınadan əvvəl sakitlik olur. İçimdə fırtına olmasaydı, Elariz Məmmədoğlu imicini yarada bilməzdim. Vaxt vardı, mən də hamı kimi şəhərdə tramvayla, trolleybusla, metroyla gedib-gəlirdim. Çalışdım, zəhmət çəkdim, indi artıq avtomobillə gəzirəm. İyirmi ildən artıqdır metroya minmirəm. Yeri gəlmişkən, indi bir layihə hazırlamaq istəyirəm. Tanınmış müğənnilər bir gün metro ilə gedək-gələk. Daxilimdə fırtına mütləq olmalıdır, çünki mən daxilimdəki emosiyalarımı mahnılarıma köçürmüşəm.

- Daxilinizdə olan emosiyanıza hakim ola bilmədiyiniz məqamlar olub?

- Olub. Bir dəfə dözmüşəm, iki dəfə, beş dəfə dözmüşəm, görmüşəm ki, yox e, artıq özümü cilovlaya bilmirəm.

- Əlinizdən xəta çıxıb?

- Xəta da çıxıb, davalarım da olub… İnsan gərək çox hövsələli olsun.

- Sizi nə hövsələdən çıxara bilər ki?

- Bəzən insan səninlə mübahisə edir, görürsən haqlı deyil. Özü də bilir e, haqlı olmadığını, amma səninlə dirəşir. Mən insanlara qarşı hər zaman diqqətli davranmağa çalışıram. Mənə belə gəlib ki, Allahın yaratdığı insan pis ola bilməz. Bunu düşünüb, özümü sakitləşdirirəm.

- Üzərindən xətt çəkdiyiniz insanlar olub?

- Bu saat üç nəfər var ki, onların üstündən həmişəlik xətt çəkmişəm.

- Sənət adamlarıdır?

- Arasında sənətçi də var.

- Kinli insansınız, yoxsa bağışlayırsınız, unudursunuz?

- Demirəm, yüz faiz səmimiyəm. Amma bu suallar məni səmimi olmağa vadar edir. Gizlətməyəcəyəm, yaddaşım var deyə, ürəyimdə kinim də var. Bir sözlə, nə yaxşılığı, nə də pisliyi unuda bilirəm.

- Tərəziyə qoysaq, sizə olan pisliklər ağır gələr, yoxsa, yaxşılıqlar?

- Yaxşılıqlar. Çünki xırda narazılıqlar, pisliklər unudulub gedir. Gözümlə görmüşəm, enlikürək, sifətindən mərdlik, kişilik yağan biri bacısının namusuna, anasının canına, Qurana and içir. Amma dəqiq bilirəm ki, o adam yalan danışır, tanıyıram axı. Mən həyatda belə şeyləri görəndən sonra həmin insanların üstündən xətt çəkmişəm. Mənim filan qədər yaşım var, amma yalandan anamın canına and içə bilmərəm. Bilmərəm yox e, heç ağlımdan da keçirmərəm. Çox şeylər görmüşəm bu həyatda.

- Heç vaxt ailənizi efirə gətirməmisiniz… Təkid ediblərmi ki, gələk evinizdə çəkiliş edək, xanımınızı, uşaqlarınızı göstərək?

- Gündə azı on dəfə təklif edirlər. Bir də görürsən aparıcı zəng edib layihəsini tərifləyir ki, bəs sənət adamının ailəsi, uşaqları barədə gözəl bir veriliş etmək istəiyrik. Mən də tərifləyirəm, amma deyirəm ki, ailəmin, uşaqlarımın efirdə görünməsinin əleyhinəyəm. Hətta efirə təzə-təzə çıxdığım vaxtlarda belə ailəmin ictimailəşdirilməsinin əleyhinə olmuşam.

- Belə anladım ki, çox mühafizəkarsınız…

- Həddən artıq.

- Çox mədəni, sakit görkəminiz var, maraqlıdır, bəs ailədə necə ata və həyat yoldaşısınız?

- Bir dəfə məni yaxından tanıyan aparıcılardan biri məni gülərkən gördü və dedi ki, Elariz, bir dəfə də evdəkilərin üzünə gül də, nə olar? Evdə nə qədər sərt olsam da, həmişə çalışmışam ki, ədaləti gözləyəm.

- Uşaqlarınızın tərbiyəsində sərbəstliyə üstünlük vermisiniz, yoxsa?..

- Uşaqlarımı elə tərbiyə etmişəm ki, bir-birinə hörmət etməyi bacarsınlar. Böyük uşaq hiss edib ki, onu hamıdan çox istəyiblər. İkinci və üçüncü uşaq bilib ki, böyüyü hamıdan çox istəyirlər. Eləcə də ikinci uşaq bilməlidir ki, böyükdən sonra onu çox istəyirlər, üçüncü uşaq da həmçinin. Vay o gündən ki, ata-ana deyə ki, mən filan uşağı hamıdan çox istəyirəm. Onda uşaqlar arasında paxıllıq yaranacaq və böyüyəndə də bir-birlərinə hörmət etməyəcəyəklər. Bizim ailədə uşaqlar bir-biri üçün darıxırlar. Bir dəfə qızlarım mənə dedilər ki, ata, sən qardaşımı hamıdan çox istəyirsən? Onlara başa saldım ki, belə deyil. Sadəcə, oğlan olduğu üçün o, məndən sonra evin kişisi sayılır, bunun üçün ona münasibətim fərqlidir.

- Heç xanımınıza və qızlarınıza sərt qadağalarınız olub?

- Olub. Qızlarıma sərt şəkildə bildirmişəm ki, filan-filan şeylər sizin həyatınızda olmayacaq. Mən indi açıb bu barədə danışmaq istəmirəm, çünki oxucu birinci cümləni oxuyub, ikinci cümləni oxumaya və məni düzgün başa düşməyə bilər.

- Yaxşı, onda oğlunuza olan qadağalardan danışın.

- Oğluma siqaret çəkməyi qəti şəkildə qadağan etmişəm.

- Neçə yaşı var?

- 21. Ona başa salmışam ki, aradabir dostlarınla oturub yüngülvari içə bilərsən. Amma qədərində. Siqaret isə kişi orqanizmində hər şeyi məhv edir. Başqa şeylər barədə də danışıb, başa salmışam…

- Deyirsinizsə, axıradək deyin, bəlkə, bəzi ailələr də sizin tərbiyə metodunuzdan yararlandı.

- Deyim də… Narkomaniyanın zərərli təsirindən danışmışam, qumar oynamağın dəhşətli olduğunu demişəm. Açıq şəkildə danışmışam, demişəm ki, qumar oynayırsan, əvvəl-əvvəl udursan, sevinirsən. Amma uduzanda faciə başlanır. Əvvəl pulunu, sonra evini, sonra da bacını qumara qoyursan. Bəli, mən oğluma açıq-aşkar söyləmişəm ki, bu gün anasını-bacısını qumarda uduzan kişilər var. Bu sözləri eşidəndə oğlum dəhşətə gəlib. Bax belə, ona hər şeyi başa salmışam. Oğlumla dost olmağa çalışmışam.

- Ailə seçimində oğlunuzun işinə qarışacaqsınız?

- Oğlumun tərbiyəsinə əmin olmasam, onun ailə seçiminə qarışardım. O bilir ki, necə bir xanımla evlənmək olar.

- Adətən, evin tək oğlunu qohum qızla evləndirirlər…

- Bunun əleyhinəyəm. Bilirsiniz mənim nə qədər xalam qızları var? Həmişə düşünmüşəm ki, xalaqızı ilə necə evlənmək olar? Çünki onlara bacı kimi baxmışam. Həm də gələcək uşaqların sağlamlığı baxımından bu, düzgün addım deyil.

- Qızlarınız ailə qurarkən onlara demisinizmi ki, bax, bu sözümü qulağınızda sırğa eləyin?

- Qızlarıma həmişə demişəm ki, siz düşdüyünüz ailədə çoxdanışan, acıdil, zəhlətökən, hətta pinti ola bilərsiniz, sizi yola verəcəklər. Hətta incitsələr belə. Amma heç vaxt namusunuzu itirməyin. Namusunuz olsa, sizə heç kim bata bilməyəcək. Hər ailədə söz-söhbət olur, amma verdiyim məsləhətlər özünü doğruldub.

- Mübahisələr olanda qızlarınızın tərəfini saxlayırsınız, yoxsa, kürəkənlərinizin?

- Haqqın.

- Mənə çox maraqlıdır, əyləncəniz, hobbiniz varmı?

- Ov etməyi xoşlayıram. İndi bəziləri deyəcək ki, bunun ürəyi yoxdur. Çöl quşunu vurub yemək Allahın insana nəsib etdiyi ruzidir. Amma ova gedə də bilmirəm, buna vaxt da lazımdır. Baxmayaraq ki, qanuni tüfəngim də var. Yaxşı itləri xoşlayıram. Şamaxıdan fermer dostlarım mənə bir neçə çoban iti hədiyyə ediblər. O itləri Bakı kəndlərindəki qohumlarıma vermişəm ki, saxlasınlar. Bir neçəsi şimal bölgəsindəki qohumlarımdadır.

- Formanızı saxlamaq üçün neyləyirsiniz? Ümumiyyətlə, özünüzə baxmağı xoşlayırsınız?

- Xoşlayıram. Yaş da öz işini görür, amma çalışıram formamı saxlayım. Arada velosiped sürürəm. Un məmulatından istifadə etmirəm, çörəyi menyumdan birdəfəlik çıxarmışam.

- Geyimləriniz də hər zaman maraq doğurur… Qorderobda artıq qalan paltarların aqibəti necə olur?

- Qohumlara paylayıram. Soruşuram, ay filankəs, ayaqqabının ölçüsü neçədir? Deyir 41, deyirəm gəl, bu sənin. Eləcə də köynəklərimi, kostyumlarımı paylayıram. Evimin bir otağını qorderob etmişəm, kim hansını bəyənirsə, hədiyyə edirəm.

- Zarafatla aranız necədir?

- Əla. Masa arxasında dostların zarafatlarını yaxşı qəbul edirəm. Amma bəzən zarafat öz həddini aşır, onda xoşuma gəlmir.

- Bəs parodiyalara münsibətiniz?..

- Baxır onu kim edir. Bunu peşəkar aktyor edirsə, münasibətim normaldır. “Bu şəhərdə”nin oğlanları məni parodiya edib, xoşuma da gəlib.

- Həmkarınız Xatun da bu günlərdə sizi parodiya etdi. Xoşunuza gəlməmişdi…

- Ona görə ki, o, peşəkar aktrisa deyil. Bunu masa ətrafında etsəydi, qəbul olunardı, amma efir vasitəsi ilə... Mən bunu ona qadağan edirəm. Özünə zəng elədim, telefonu bağlı oldu. Bu parodiya efirdə olunduğundan mən də efir vasitəsi ilə cavabını verdim. Bəyəm mən “r” hərfini deyə bilmirəm? Bu adama sataşmaqdır… Bir neçə il bundan əvvəl Rus Dram Teatrında bir tamaşa göstərildi, orda dünya ulduzları parodiya olunurdu. Azərbaycandan məni, bir də Brilliant Dadaşovanı parodiya etmişdilər. O vaxtlar mənim oxuduğum “Tvist” mahnısı çox təbdə idi. Məni peşəkar aktyor Fuad Osmanov parodiya etdi. Başında kepka, mənim mahnımı oxuyub oynadı, heyran qaldım. Mən özüm bir çarxda Lenin obrazında çıxış etmişəm. Gecə səhərə qədər yatmadım, Leninin xronikalarına, filmlərinə baxdım, maneralarını öyrəndim. Mənim aktyor-rejissor kimi diplomum var, kimisə parodiya edə bilərəm. Amma kimsə bunu qeyri-peşəkarlıqla edirsə, olmaz.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm