Azərbaycanlı aktyorun evini sökürlər - FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı aktyorun evini sökürlər - FOTOLAR

“Pula görə bunu edərəm”

Həmsöhbətim Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğludur. Bu günlərdə doğum günü idi. 68-in kürəyini yerə vuran aktyorumuzla uzun illər çalışdığı teatrda görüşdük. Tək-tək müsahiblərimdən idi ki, mən onu deyil, o məni oturub gözləyirdi. Bəli, vədələşdiyimiz vaxtdan düz 20 dəqiqə tez gəlmişdi. Aktyoru fürsət varkən ad günü münasibəti ilə təbrik də etdik…

“Dəvət eləmirlər”

- Ad gününüz oldu, gec də olsa təbrik edirik… Qeyd etdiniz?

- Sağ olun, 68 yaşımı tamamladım. Amma heç özümün də bundan xəbərim olmadı. “Space” Televiziyasından zəng etdilər ki, veriliş eləsinlər, razılıq vermədim.

- Niyə?

- O verilişə o qədər müğənni çağırırlar ki, aktyor da yaddan çıxır. Ümumiyyətlə, mən təmtəraqdan uzaq adamam, xoşlamıram ad günü məclislərini.

- 68 yaşınızı tamamladınız, amma maşallah bu yaşı heç sizə vermək olmur…

- Elə mən də özümü 50 yaşda hiss edirəm. Bəlkə də ayaqla çox gəzirəm, hərəkətli insanam, buna görə cavan qalmışam.

- Çoxdandır görə bilmirik sizi, haralardasınız? Bu qədər seriallar çəkilir, heç sizi orda da görə bilmirik…

- Görünmürəm, ona görə ki, dəvət edən yoxdur. Dəvət olunan yerdə görünürəm. Bu yaxınlarda bir nəfərlə söhbət edirdim, o da mənə görünməməyimin səbəbini soruşdu. Mən ona dedim ki, bax bu Yeni il ərəfəsində telekanallarda mənim iştirak etdiyim 14 film, tamaşalar göstərildi. Hansı ki, həmin filmlərdə vaxtilə çəkilmişəm. Amma indi nədənsə məni filmlərə və seriallara dəvət eləmirlər.

- Sizcə, niyə, səbəb nədir?

- Nə bilim, hər halda, bunu rejissorlar daha yaxşı bilər. Görünür, onlar gənc aktyorlara daha çox üstünlük verirlər, bəlkə buna görə, bilmirəm.

“Pula görə bunu edərəm”

- Niyə ki, sizinlə həmyaş olan aktyor və aktrisalarımız var ki, seriallarda çəkilir…

- Bəzilərini dəvət edirlər. Amma məni çağıran yoxdur. Heç yada salan da yoxdur.

- Yaxşı bu serialların səviyyəsi sizi qane edirmi? Bax elə günü sabah sizi hansısa bir seriala dəvət etsələr, ağına-bozuna baxmadan razılıq verərsinizmi?

- Çətinlik qarşısında qalaram. Onu da deyim ki, bugün yaşlı sənətkarlarımızın əksəriyyəti o seriallara pula görə çəkilir. Mən də pula görə çəkilə bilərəm, bunu danmıram. Amma bir məsələ var də, mən o seriallarda özümə yaraşmayan bir rolda görünsəm, indiyə qədər qazandıqlarımın üstündən xətt çəkmiş olaram. Görün indiyə qədər nə qədər “Mozalan”da, filmdə, televiziya tamaşalarında çəkilmişəm, teatrda rollar oynamışam. Amma pul da önəmlidir.

- Belə anladım ki, serialların keyfiyyəti sizi qane etmir. Nə çatmır seriallarımızda?

- Birincisi yaxşı aktyorlar olmalıdır. Aktyor oyunu mütləqdir. Yoxdur yaxşı aktyorlar.

“Rejissorun həmin aktyorla arası olmasa...”

- Bəs ssenari, serialların ssenarisi sizcə, mükəmməldir?

- Böyük rejissorlar həmişə sual verirlər ki, böyük filmlər üçün birinci nə lazımdır? Cavabı da özləri verir ki, ssenari, ssenari, ssenari… Əsər yaxşı olanda, orta səviyyəli bir aktyor da rolunun öhdəsindən uğurla gəlir. Əsər yaxşı olmayanda, aktyor oyunu da gözə çarpmır. Digər tərəfdən serialı çəkmək şərt deyil, şərt onun satılmasıdır. Serial gəlir gətirməlidir. Bugün bütün Azərbaycan Türkiyənin seriallarına baxır. Azərbaycan serialları da digər ölkələrin bazarına daxil olmalıdır. Yoxsa ki, elə özümüz çəkək, özümüz də baxaq, daha nə oldu. Türkiyənin özündə vaxtilə belə deyildi. İnkişaf etdilər, yaxşı filmlər çəkdilər. Orda belədir ki, istədiyi məbləği verib, hansısa aktyoru həmin filmə çağırırlar. Çünki həmin rolda məhz o aktyoru görürlər, bilirlər ki, onun oyunu sayəsində filmi satıb, qazanc götürə biləcəklər. Bizdə isə, böyük aktyorlara pul xərcləyib seriallara dəvət etmək istəmirlər. Hətta rejissorun həmin aktyorla arası olmasa belə, uğurlu film üçün lazım olan aktyoru çağırıb çəkməlidir. Bizdə cavanları az pula çağırıb çəkirlər. Çoxu bəlkə də pulsuz çəkilir.

“İki il oturub gözləmişəm”

- Özünüz baxırsınız seriallara?

- Türk seriallarına baxmıram. Amma Rusiya seriallarına baxıram. Mükəmməl çəkiblər. Bizdə də elə çəkməlidirlər ki, başqa ölkələrdə də hamı baxmaq istəsin.

- Elə özümüz baxsaq böyük işdir… Teatrda vəziyyət necədir, rollarınız varmı?

- Mənim üçün teatrda həmişə çətin olub. Bir yaxşı rolum olub, sonra iki il oturub gözləmişəm. Bu proses hələ də davam edir. On əsər hazırlanırsa, onun yalnız birində rol alıram. Hansı ki, bu gün o tamaşaların dördündə oynaya bilərəm. Bunun üçün potensialım da var, görkəmim də buna imkan verir. Rol barədə hər zaman məndə kasadlıq olub.

- Heç bunun səbəbi ilə maraqlanmamısınız?

- Aktyor sənəti asılı sənətdir. Əgər rejissor özü səni dəvət etmirsə, sən durub ona deməyəcəksən ki, mənə niyə rol vermirsən?

- Əslində sizin üçün bu yaşda yeni rollar yazılmalıdır…

- Əlbəttə yazılmalıdır, yaxşı görkəmim var, təcrübəliyəm, ağlım işləyir. Amma neyləyim ki, çağırmırlar. Mənə də çox çətindir rolsuz qalmaq. Təsəlli tapıram ki, heç olmasa, köhnədən çəkildiyim rollar var. Bir dənə bu yaxınlarda “Mozalan”a çəkilmişəm, vəssalam.

“Gərək ya naxışın olsun, ya da...”

- Ələsgər müəllim, bir çox həmkarlarınızın qazancı dublyajdan, tamadalıqdan, ya seriallara çəkilməkdən çıxır. Bəs sizdə vəziyyət necədir?

- Yox, məndə belə deyil. Mənim heç toya getməkdən xoşum gəlmir, o ki, ola toyda tamadalıq edəm. Yenə sağ olsun teatrın rəhbərini, yaşım 65-i keçsə də məni teatrda bir aktyor kimi saxlayır. Teatrın yaradıcı heyəti ilə birgə digər ölkələrə festivallara gedirəm. Məvacibim 190 manatdır, Əməkdar artist fəxri adına görə də 60 manat alıram. 250 manat qazancım var, dolanmaq əlbəttə çətindir.

“Zəmanə adamı deyiləm”

- Özünüzü şanslı aktyor sayırsınız?

- Aktyor kimi çox iş görmək olardı, yaxşı rollar olsaydı. Təəssüflənirəm buna görə. Bir az naxış məsələsi var də. Gərək ya naxışın olsun, ya da gərək özün bir yol tapasan. Məndə belə şeylər yoxdur. Nə qismətdir, onu da oturub gözləyirəm. Necə deyərlər, zəmanə adamı deyiləm. Utancaqlıq komplekslərim də var, həmişə mənə mane olub. Belə olmasaydı, daha yaxşı olardı. Bu gün də bu xasiyyətimi dəyişə bilmirəm.

“Çoxu özünə yer elədi, amma...”

- Hər bir aktyorun arzuları olur. Ömrü boyu arzuladığınız, amma oynamadığınız rol olubmu?

- Yox, həmişə istəmişəm ki, rol versinlər, oynayım. Fərqi yoxdur, istənilən bir rol mənə əzizdir. Yaxşı bir filmə, ya mükəmməl bir seriala çəkilmək olardı.

- Necə bir ampluada görünmək istərdiniz?

- Həm komik, həm də dramatik bir obrazda. İstəyirəm rejissor özü məni seçsin, o rola yaraşdırsın, özü dəvət etsin.

- Siz həmişə ikinci dərəcəli rollarda oynamısınız. Bu sizdə qıcıq doğurmayıb ki?

- Bir çox dünyaşöhrətli aktyorlarımız var ki, həmişə ikinci dərəcəli rollar oynayıblar. Əsas odur ki, dəyərləndiriləsən. Azərbaycanda Fazil Salayev böyük aktyor olub, noolsun ki, ikinci dərəcəli rollar oynayıb. Amma sənətinə dəyər verən olmadı. Yadımdadır “Şir evdən getdi” filmi çəkilirdi, Sergey Yurski rejissora dedi ki, məni neyləyib çağırırdınız, elə Fazil Salayevi çəkəydiniz də. Yaxud da, “Alma almaya bənzər” filmində Filippov qayıtdı ki, bu Fazil Salayev böyük aktyordur. Sözümün canı budur ki, layiq olanlar qaldı bir qıraqda, layiq olmayanların çoxu özünə yer elədi. Amma, böyük aktyorlarımızı qıraqda tanıyan da yoxdur.

- Sizcə niyə?

- Rejissor elə çəkməlidir ki, tanıda bilsin filmi. Bugünkü gündə filmlərlə dünyaya çıxmaq mümkündür.

“Onun xiffətini çəkirəm”

- Razılaşırsınızmı ki, hər şeyin təzəsi, dostun köhnəsi…

- Əlbəttə. Rəhmətlik Səyəvuş Aslanla çox yaxın idik. Dərdləşirdik onunla. Teatrda da var aktyorlar, münasibətimiz yaxşıdır. Ramiz Novruzov, Elxan Quliyev, Cəfər Namiq Kamal, Əlvida Cəfərovla dostluq edirəm. Dosta həmişə ehtiyac var. Tək qalanda darıxıram. Səyəvuşun xiffətini çəkirəm. Cavanlarla nədən danışaq, heç onlarla söhbətim də tutmur.

- Ailədə sənətinizi davam etdirən varmı?

- Bir qızım var, bir oğlum. Onların əvvəldən bu sənətə həvəsi olmayıb.

- Darıxanda neyləyirsiniz?

- Bulvara gedib gəzirəm, çay içirəm, evdə kitab oxuyuram. Köhnə filmlərə baxıram, ləzzət edir mənə. Mədəniyyət kanalında tez-tez köhnə tamaşaları verirlər, baxıram.

- Heç sənət aləmində sizə paxıllıq edib, ayağınızın altını qazanlar olubmu?

- Yox, böyük aktyorlara qarşı belə davrananlar olub. Mən həmişə ikinci dərəcəli rollar oynamışam.

“Həyatda oynamağı bacarsaydım, başqa cür yaşayardım”

- Bəlkə elə, ayağınızın altını qazıblar ki, ikinci dərəcəli rollara çəkilmisiniz?

- Hə, bu ola bilər. Hər halda, istəsəydilər, çəkərdilər, onu düz deyirsiniz. Qismətdir. Məsələn, dünyaşöhrətli Oleq Dal “Kral Lir”də təlxək rolunu oynadı, bütün dünyada baxıldı. Mən də bu əsərdə təlxək oynadım, amma yenə də deyirəm e, şərt oynadıqlarımızı dünyaya çıxarmaqdı.

- Heç həyatda oynamısınız?

- Mən yalnız səhnədə oynamağı bacarıram, həyatda yox. Həyatda oynamağı bacarsaydım, yəqin başqa cür yaşayardım. Elə oynaya bilmirəm ki, nəticəsi də belə olub.

- Pul doğrudanmı əl çirkidir?

- Yalan söhbətdir. Səmimiyyət yoxdur bu sözdə. İnsan pula görə çalışır, pulsuz həyat mümkün deyil. Azərbaycanda aktyorlar orta səviyyədə yaşayırlar. O Hollivud aktyorlarıdır-vilaları, maşınları, milyonları. Bizim aktyorlar özlərini güclə dolandırır.

- “Sovetski”də yaşayanlardansınız. Evinizin söküləcəyi xəbərinə reaksiyanız necə oldu?

- Bura mənə çox doğmadır, istəməzdim burdan köçək. Amma məcburuq. Görək verilən pula harda ev tapıb alacağıq. Deyirlər hər kvadrata 1500 manat verəcəklər.

- Sizdə evin kvadratı nə qədərdir ki?

- 70 kvadrat olar.

- Yeni eviniz düşərli olsun, yeni rollara çəkiləsiniz.

- Bu mənim də arzumdur.

Cəvahir Səlimqızı

Foto: nurOn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm