Kredit var, ancaq dollar ilə - Bakıda dollar problemi
Bizi izləyin

Digər

Kredit var, ancaq dollar ilə - Bakıda dollar problemi

Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarı kredit bazarında vəziyyəti dolların xeyrinə dəyişib. Qeyri-rəsmi məlumatlara əsasən banklar manatla kredit verilişini məhdudlaşdırıblar. Görünən də odur ki, əgər indiyədək kredit portfelinin 60 faizi manatın payına düşürdüsə, bundan sonra poortfeldə üstünlük dollarda olacaq. Diqqəti çəkən isə odur ki, təkcə bank kreditləri dollarlaşmayıb, telefon, mebel, ev əşyalarının satış dükanları da kreditləşmədə valyuta kimi dollara keçid ediblər.

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, pərakəndə satış mağazalarının digər valyuta ilə əməliyyat aparması qanunvericiliklə qadağandır: “Sadəcə, kredit müqaviləsində bənd kimi qeyd edilir ki, filan məhsulun ödənişi dolların həmin günə olan kursuna uyğun manatla aparılsın. Ödəniş manatla aparılır. Amma ödəniş dolların həmin günə olar kursuna uyğun həyata keçirilir”.

N.Cəfərlinin sözlərinə görə, bu, satış dükanlarının özlərini sığortalaması məqsədi daşıyır: “Çünki satdıqları məhsullar xaricdən gətirilir. İdxal da dollarla həyata keçirildiyindən itkilərdən sığortalanmaq istəyirlər”.

O qeyd edir ki, manatın kursunda zəifləmə baş verərsə, ölkədə iri həcmdə alqı-satqılar dollarla aparılacaq. Söhbət daşınan və daşınmaz əmlakdan gedir: “Əvvəllər daşınmaz əmlak, maşınların alışı, eləcə də satışı dollar üzərindən həyata keçirilirdi. Lakin manat sabit valyuta kimi dəyər qazandığından vəziyyət manatın xeyrinə dəyişdi. Və uzun illər bu belə qaldı. Manatın məzənnəsi oynayarsa, bu alqı-satqı əməliyyatları dollarlaşacaq”.

O ki qaldı bankların dollarla kredit verməsində uduşlarına, iqtisadçı dedi ki, bankların cəlb etdikləri vəsaitlərin bir hissəsi xarici valyuta ilə alınan kreditlərdir: “Banklar dollarlaşmaya keçməklə bir növ özlərini sığortalayırlar. Belə ki, bu gün manatla kredit versələr, sonrada aldıqları manatı dollara dəyişib borclarını qaytaranda itkilərlə üzələşə bilərlər. Bunu nəzərə alaraq kredit müqavilələrini dollarla bağlayırlar. Düzdür, onsuz da banklar faizlərdə qazanırlar. Çünki istər manat, istərsə də dollarla faizlər yüksəkdir. Sadəcə, əllərinə dollarla vəsait daxil olanda xarici maliyyə mənbələrindən aldıqları vəsaiti qaytarmaq üçün rahat pozisiya qazanırlar. Nəticədə də əsas yük müştərinin üzərinə düşür”.

İqtisadçı-ekspert Samir Əliyev isə bank kreditlərinin dollarlaşmasından söz açdı. İqtisadçının sözlərinə görə, qanunvericilik bankların istənilən valyuta ilə kredit verməsini təmin edir. Amma bununla belə, S.Əliyev manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu deyir. Hesab edir ki, bankların krediti manatla verməkdən imtina etməsi düzgün deyil: “Bankların dollarla kredit verməsinin əsas iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, bu gün bank sektorunda manat qıtlığı yaşanır. Manat banklarda az dövr etdiyindən banklar manat qıtlığından əziyyət çəkirlər. Ona görə də banklar krediti dollarla verməyə üstünlük verirlər. Qeyd edək ki, əmanət qoyuluşunda manatla cəlb edilən əmanətlərin faizi daha yüksəkdir. Banklar manatla əmanət cəlb etməkdə daha çox maraqlıdır. İkinci səbəb isə, son günlər manatın məzənnəsinin aşağı salınması ilə bağlıdır. Dollarla kredit vermək o deməkdir ki, kredit qaytarılanda da dollarla qaytarılacaq. Manatın ucuzlaşması kredit verən banklar üçün zərərlidir. Çünki pul dəyərdən düşür. Banklar bununla özlərini sığortalayırlar ki, gələcəkdə manat ucuzlaşarsa, onlar faizi dollarla ala bilsinlər. Burada həm faizə görə uduş olur, həm də manat ucuzlaşanda dollar ifadəsində böyük rəqəm yaranır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm