Ekspert: “Manatı dollara çevirmək həmişə sərfəli olacaq”
Bizi izləyin

Digər

Ekspert: “Manatı dollara çevirmək həmişə sərfəli olacaq”

Birjalarda dollar və avronun manata qarşı məzənnəsi bahalaşmaqda davam edir. Bu prosesin bank sektoruna, əhalinin gəlirlərinə, manatın gələcək məzənnəsinə təsirləri sual olaraq qalır.

Publika.az-ın suallarına cavab verən iqtisadçı-ekspert Fikrət Yusifov bildirib ki, manatın məzənnəsinin daha etibarlı qorunması və onun idarə edilməsində çevikliyin təmin olunması baxımından Mərkəzi Bankın son addımı düzgün idi: "Hesab edirəm ki, Mərkəzi Bank belə bir qərarı hələ keçən ilin ikinci yarısından - ən geci avqust-sentyabr aylarından başlayaraq atmalı idi. Hər halda, bankın bu addımı məhz indi atmasının digər əsaslarının olması da istisna deyil. Qonşu ölkələrdə milli valyutaların məzənnəsinin dəyişilməsi sahəsində gedən proseslər bizdə də müəyyən tədbirlərin görülməsini zəruri edir. Əslində Mərkəzi Bank heç bir çətinlik çəkmədən manatın məzənnəsini istənilən qədər olduğu kimi saxlaya bilərdi. Sadəcə, çaşqınlıq yaranmasın deyə bu addımın atıldığı ərəfədə əhali arasında lazımi izahat işləri aparılmalı idi. Bu iş bir qədər gecikmiş oldu. Bu siyasətin bank sektoruna heç bir mənfi təsiri olmayacaq.

Bunun belə olduğunu əyani şəkildə görmək üçün ABŞ dollarının manata nisbətən zəiflədiyi dövrlərdə banklarımızın xarici valyuta ilə verdikləri kreditlərin və xarici valyuta ilə qəbul etdikləri əmanətlərin hərəkətinə nəzər salmaq kifayətdir. Son on ildə bankların xarici valyuta ilə verdikləri kreditlərin həcmi 5,6 dəfə, xarici valyutada qəbul etdikləri əmanətlərin həcmi isə 4,0 dəfəyə qədər artıb. Bu kreditlərin və əmanətlərin ümumi həcmində göstərilən dövrdə bir qayda olaraq ucuzlaşan dolların xüsusi çəkisi kifayət qədərdir. Ona görə də Mərkəzi Bankın manatın məzənnəsinin tədricən bir qədər yumşaldılması ilə bağlı atdığı addımın kreditlərin manatla verilməsi və əmanətlərin manatla qəbul edilməsinə təsir etməyəcəyinə inanıram".

F.Yusifov əhalinin gəlirlərinin manatla ifadədə inflyasiyaya uğrayıb-uğramayacağına, vətəndaşların zərərinin nə qədər olacağlna da aydınlıq gətirib. Qeyd edib ki, burada vətəndaşların hər hansı bir itkiyə məruz qalacağı fikri əsaslı deyil: "Atılan addım ölkədə istehsalın inkişafına, ixracın həcminin artmasına stimul yaradacaq. Yəni bazara daha çox mal təklifi yaranacaqdır ki, bu halda da bir qayda olaraq qiymətlərin enməsi müşahidə olunur.Yəni bütövlükdə bu addım göstərdiyimiz məsələlərin həllində nizamlayıcı bir rol oynayacaq". O ki qaldı manatın dollar və avroya nisbətdə hansı həddə qədər ucuzlaşa biləcəyinə, F.Yusifov bildirir ki, manatın gələcəkdə tədricən bir avro səviyyəsinə bərabərləşməsi baş verəcək: "Yaxın vaxtlara qədər bu elə belə də olmuşdu". "Bu günə qədər ölkədən çıxan vətəndaşlar əllərindəki vəsaitləri dollara çevirib çıxırdılar. Bundan sonra belə bir addım sərfəli olacaqmı" sualına cavab verən iqtisadçı deyib ki, ölkədən çıxan vətəndaşların manatı dollara çevirib çıxması qonşu dövlətlərdə milli valyutaların devalvasiyaya uğradığı bir şəraitdə həmişə sərfəli olaraq qalacaq:

"Rusiya, İran, Türkiyə ilə belə müqaisələri aparıb, bu ölkələrə gedərkən manatın dollara çevrilməsinin necə sərfəli olduğunu bilmək olar. Çünkü həmin ölkələrdə insanlarımız öz ticarətlərini o olkələrin kifayət qədər devalvasiya olunmuş valyutaları ilə edirlər. O ki qaldı Avropa ölkələrinə, bilirsiniz ki, Avropa Mərkəzi Bankının qəbul etdiyi qərarla avronun da ucuzlaşması prosesi bir müddət davam edəcək".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm