• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İcra başçısının yeni müavini: “Daş karxanası massivində ibtidai sinif müəlliməsi kimi işə düzəldim"

  • Digər
  • 17 Fevral 2014 15:31
  • 1 969 Baxış
İcra başçısının yeni müavini: “Daş karxanası massivində ibtidai sinif müəlliməsi kimi işə düzəldim"

Modern.az saytına istinadən Sabunçu rayon İcra Hakimiyyəti başçısının xanım müavini Arzu Məmmədovanın müsahibəsini təqdim edirik. Arzu xanım ailəlidir. Altı yaşında bir oğlu var.

- Arzu xanım, öncə sizi tanıyaq?

- Bakıda ziyalı bir ailədə anadan olmuşam. Xətai rayonunda 171 saylı orta məktəbi bitirimişəm. Məktəbi bitirdiyim il isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin metodikası fakültəsinə daxil oldum. Universiteti bitirdikdən sonra 2005-ci ildə magistraturaya qəbul oldum. Magistratura təhsili aldığım dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda ştatdankənar işçi kimi işləyirdim. O zaman akademiyaya yeni işçilər tələb olunurdu. Elmi rəhbərim məsləhət bildi ki, bacarıqlı və savadlı biri olaraq sən bizə kömək edə bilərsən. Amma sənə əmək haqqı verilməyəcək. Razılşadım, çünki burada çox şeyləri öyrənəcəyimi bilirdim. Folklor İnstitutunda işlədiyim dövr mənə elmi işimi davam etdirməyə də yardımçı oldu. Magistraturanı bitirəndən sonra dissertant kimi şair Məmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığna dair mövzu üzərində işləməyə başladım. Sonra ailə qurduğuma görə müdafiə edə bilmədim. Aradan uzun zaman keçəndən sonra, 2012-ci ilin iyun ayında dissertasiyamı müdafiə etdim, 2013-cü ilin noyabrında filologiya üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görüldüm.

- İlk əmək fəaliyyətinə nə zaman başlamısınız?

- Əmək fəaliyyətimə 2003-cü ildə başlamışam. Universiteti bitirən kimi doğma Sabunçu rayonu Maştağa qəsəbəsinin Daş karxanası adlanan yaşayış massivində, çox ucqar bir yerdə ibtidai sinif müəlliməsi kimi işə düzəldim. Sabunçu rayon icra hakimiyyətinə işə düzələnə qədər mənim ilk iş yerim 22 saylı orta məktəb olub. İki il isə tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişəm.

Bu gün də bəzi şeyləri düşünəndə deyirəm, yaxşı ki, məktəbdə çalışmışam. Çünki bir insan kimi yaxşı keyfiyyətlərimin formalaşmasında, insanlara qarşı mərhəmətli olmağımda məktəbdə işlədiyim dövr çox kömək oldu. Mən o vaxtlar məktəbə getmək üçün çox uzaq bir məsafə qət edirdim. Əziyyət görməyən biri üçün bunlar çətin idi. Amma bütün bunlara baxmayaraq, hər səhər çox həvəslə şagirdlərimi salamlayırdım. Çünki çoxları belə ucqar yerdə gedib dərs keçməyə razı olmurdular. Amma mənim fikrimcə, elə təhsil sözün əsl mənasında onlara lazımdı. Uşaqların çoxu kasıb ailədən idilər. Hətta elə şagirdim var idi ki, hər səhər tezdən “28 may” metro stansiyası ətrafında qatığı satıb sonra dərsə gəlirdi. Atası rəhmətə getmişdi. Anasının sağlamlığında problem olduğundan o 12 yaşından belə əziyyətlərə qatlaşmağa məcbur olmuşdu. İnanın ki, onu bir dəfə də olsun paltarı çirkli, dərsə hazırlıqsız vəziyyətdə görmədim. Bu yaşadıqlarım mənə sanki bir həyat dərsi verirdi. Bəlkə də həyatda belə çətin vəziyyətdə yaşayan insanları görməsəydim, bu gün insanları belə gözəl başa düşməzdim. Hər kəsə təkəbbürlə baxardım. Vəzifəyə təyin olunandan sonra insanlara qarşı olan fikrim dəyişərdi.

- Bu vəzifəyə təyin olunmağınız necə baş verdi?

- 2012-ci il avqust ayının 27-də Sabunçu Rayon İcra Hakimiyyətinə ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçi vəzifəsinə götürülmüşdüm. Burda mənim vəzifəm rayonda yerləşən təhsil müəssisələrinin fəaliyyəti ilə məşğul olmaq və təşkilati məsələləri görməkdən ibarət idi. İcra hakimiyyətinə müavin təyin olunana qədər də o vəzifədə çalışırdım. Bu vəzifəyə təyin olunmağım isə tam təsadüfi oldu. Dəfələrlə demişəm ki, bu vəzifəyə təyin olunmağımda heç bir qohumluq əlaqələri rol oynamayıb. Mənim arxa-dayağım yoxdur, valideynlərim də o dərəcə də zəngil deyillər. Sadə, halal əmək haqqı ilə dolanan nümunəvi bir ailəmiz var. Hətta bu vəzifəyə təyin olunmağımdan belə dostların, qohumların xəbəri yox idi. Çünki hər şey bir anda baş vermişdi. Bu gün hansı vəzifə daşımağımdan asılı olmayaraq, mən əvvəl necə idimsə, o cür də qalacam. Yəni, vəzifə məni dəyişdirə bilməz. Çünki o çətinlikləri heç zaman unuda bilmərəm. Vaxtilə hər gün məktəbə dərs deməyə getmək üçün saatlarla dayanacaqda gözləyirdimsə, bu gün o yolu xidməti maşınla keçirəm. Bu, heç vaxt ağlıma belə gəlməzdi. Ancaq bütün bunlar məni heç zaman çaşdırmır.

İşlədiyim müddətdə ətrafımda olan hər kəsin etimadını qazanmışdım. Bilirsiniz ki, bir neçə rayonda artıq qadın icra müavini təyin olunub. Bizim rayona da qadın müavin məsələsi gündəmə gələndə icra hakimiyyəti başçımız Adil Əliyev mənə etimadı göstərərək namizədliyimi irəli sürəcəyini bildirdi. Bu, doğurdan da mənim üçün gözlənilməz oldu. Daha sonra Prezident Administrasiyasının rəhbərliyi tərəfindən mənimlə müsahibə aparıldı, verilən sualları yüksək səviyyədə cavablandırdığım üçün hər şeyin yaxşı olacağına inanırdım. Elə məni bu vəzifəyə təyin edən də Prezident Administrasiyasının rəhbərliyidir, başda Ramiz Mehdiyev olmaqla, mənimlə o qədər sadə, səmimi davrandılar ki, artıq işimin öhdəsindən gələcəyimə tam əmin idim. Hətta bir ay demək olar ki, təəccüb içində qaldım. Bu, prezidentimizin biz gənclərə olan inamı və etmadından irəli gəlir. Dövlətimizin apardığı gənclər siyasəti də bunun bariz nümunəsidir.

İşimin məsuliyyətini və nə qədər ciddi vəzifədə olduğunu anlayıram. Çalışıram ki, mənə göstərilən bu etimadı doğruldum. İşimi çox sevirəm və daima vətəndaşlarla onların problemini həll etmək üçün görüşürəm. Bu səmimiyyəti rəhbərlikdən görmüşəm, icra başçımız Adil müəllim başda olmaqla, bütün işçi heyətimiz hər zaman yüksək səviyyədə vətəndaşların problemlərinin öhdəsindən gəlməyə çalışırlar. Burada heç bir işçi deyə bilməz ki, başçımız bizim üçün əlçatmazdır. Hər birimiz problemimiz olarsa, ona rahatlıqla müraciət edə bilirik. İşlədiyim müddətdə də çalışacağam ki, insanların problemlərinin həllinə əlimdən gəldiyi qədər yardımçı olum. Çünki isti ocağı, xoş güzəranı olan heç kəs qapı-qapı gəzmir ki, problemi həll olunsun. Mən baş məsləhətçi işləyəndə də çalışırdım ki, müəssisələrdə yaranan problemləri lazımi yerlərə çatdırım və onların həllinə yardımçı olum. Bəzən düşünürəm ki, bəlkə elə bu etdiklərim nəzərə alınaraq namizədliyim irəli sürüldü. Dünən adi bir müəllimə idimsə, bu gün artıq başçının müavini vəzifəsində çalışıramsa, bunu özüm də dərk edib qiymətləndirirəm.

- Söhbətimizdə də onu vurğuladınız ki, vəzifə insanı dəyişməməlidir. Bəs, bu vəzifəyə təyin edildikdən sonra kollektivlə münasibətlərdə sizə qarşı bir dəyişiklik hiss etdinizmi?

- Kollektivlə münasibətlərimiz əvvəl necə idisə, indi də elə qalır. Çünki vəzifə ömürlük deyil, bu gün bu stolda mən otururamsa, sabah bir başqası ola bilər. Biz sabahımızı düşünüb, atdığımız hər bir addıma fikir verməliyik. Bir şeyi də deyim, kollektiv üçün də xoş oldu ki, artıq bir ildən çox müddətdir tanıdıqları biri bu gün onlara rəhbərlik edir. Çünki bizlər bir-birimizi yaxşı tanıyır və birlikdə işlərin öhdəsindən gəlməyə çalışırıq. İcra başçısı təqdimatımı verəndə bu digər işçilər üçün stimul və nümunə oldu ki, onlar da nə vaxtsa belə bir vəzifədə ola bilərlər. Bəzən kimlərsə düşünür ki, onun işini heç kim görmür, qiymət vermir, amma belə deyil. Zəhmətə hər zaman dəyər verilir, qiymətləndirilir və bundan sonra da belə olacağına əminəm.

- Ailə, yaxud karyera, sizcə, qadın üçün hansı daha vacibdir?

- Hər bir qadına ailə lazımdır. Çünki qadının mənəvi dayağı olmazsa, o heç bir sahədə irəli gedə bilməz. Doğrusu, bu vəzifəyə təyin olunduğumu eşidəndə yoldaşımın reaksiyası birmənalı olmadı. Çünki bu işin məsuliyyətini və ağırlığını o da bilirdi. Amma mənə bundan sonra da dəstək olacağını və bu işlərin öhdəsindən gələcəyimə inandığını söylədi. Onun dəstəyi sayəsində hər gün işimə həvəslə gəlirəm. Ailəm mənə çox dəstək oldu və düşünürəm ki, bu nailiyyətləri onların sayəsində əldə edə bilmişəm. Hətta bəzən elə olur ki, işlərimin çoxluğundan evə gec də gedirəm. Çox vaxt yoldaşım özü gəlib məni aparır. Oğluma qaynanam baxır və onun bütün qayğıları ilə o maraqlanır. Bəzən elə olur ki, oğlumu iki gün görmürəm. Çalışıram ki, işdə olub vaxt ayıra bilmədiyim üçün başqa gün onu hansısa əyləncə mərkəzinə aparmaqla könlünü alım. O balaca da olsa, artıq bunlara öyrəşib və nənəsi ilə çox yaxşı münasibətdədir. Oğlum məni görməyəndə deyir, ana bilirəm bu gün səni televizorda göstərəcəklər. Məni belə anlayışla qarşılayan və bu dərəcədə başa düşən gözəl bir ailəm var. Ona görə də işdə olanda ev haqqında düşünmürəm. Çünki tam arxayınam.

- Digər rayonların xanım müavinləri ilə münasibətləriniz varmı?

- Hər zaman əhatəmi genişləndirməyi sevən biriyəm. Ona görə də o xanımlarla mütəmadi əlaqə saxlayıram. Onların hansısa həyata keçirdiyi böyük layihələrə sevinirəm, çünki bu, ilk öncə dövlətimizin uğurudur. Bizlər bir-birimizlə sağlam rəqabət aparmalı və dövlətimizin daha da inkişafı üçün böyük layihələrə imza atmalıyıq. Hətta nəyisə bilməsəm belə, kimdənsə soruşmaqdan və məsləhət almaqdan çəkinmirəm. Bu mənim komplekssiz biri olmağımdan irəli gəlir.

- İşlədiyiniz mühit elədir ki, siz daha çox kişilərlə ünsiyyətdə olursunuz. Sizin üçün çətin deyil ki?

- Əgər insan üzərinə düşən öhdəlikləri, məsuliyyəti dərk edirsə, onun üçün qadınlarla, yaxud kişilərlə bir yerdə çalışmaq heç də çətin olmayacaq. Sözünüzə qüvvət olaraq deyim ki, bu yaxınlarda 15 nəfərlə bir toplantı keçirdim. Hamısı bizim rayonda fəaliyyət göstərən sənaye idarələrinin rəhəbərləri idi. Çoxu məndən olduqca yaşlı idi, aralarında cavanlar da vardı. Mən heç zaman kompleks keçirtməmişəm. Əgər işimi bilirəmsə, üzərimə düşən öhdəlikləri, məsuliyyəti dərk edirəmsə, burda həyəcan keçirmək lazım deyil. Savadlı insan istənilən auditoriya qarşısında çətinlikdən çıxa biləcək. Toplantı zamanı çox maraqlı bir hadisə oldu. Mən otağa girəndə onlar hamısı təəccübləndilər. “Arzu xanım sizsiniz”, - deyib mənə baxırdılar. Bəlkə onlar təsəvvür etməzdilər ki, cavan bir xanım bu gün onlarla hansısa bir problemi həll etmək üçün bir aradadır. Artıq onlar görəndə ki, cavan da olsam işimi bilən biriyəm və onların dəyərli vaxtlarını alıb, bura gətirmişəm, bu qapıdan çıxanda da inamla və güvənlə gedirlər. İnsan görəndə ki, qarşısındaki ona diktə etmir, qarşılıqlı və anlayışlı şəkildə fikir mübadiləsi apararaq, hər hansı işi görməyə çalışır, o zaman işbirliyi daha möhkəm olur. Mən hər zaman işlərimi məsləhətli şəkildə etməyi sevirəm. Ola bilər ki, işin nəzəri tərəfini bilirəm, amma neçə illərdir bu sahədə çalışanlar həmin işləri məndən daha yaxşı bilirlər və keyfiyyətli bir məhsul ortaya qoymağa qadirdirlər, o zaman onların məsləhətini dinləyirəm. İinanıram ki, bu işbirliyi bizim gələcək işlərimizə də uğurlu töhfəsini verəcək.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR