“Ən böyük rəqibim özüməm” - Sıfırdan zirvəyə... - FOTO, VİDEO
Bizi izləyin

Digər

“Ən böyük rəqibim özüməm” - Sıfırdan zirvəyə... - FOTO, VİDEO

“33” lahiyəsində növbəti qonağımız az yaşına çox rekord və titul sığdıran, son günlər Soçidə keçirilən qış olimpiadasındakı gözlənilməz məğlubiyyəti ilə gündəmdən düşməyən fiqurlu konkisürən, Rusiyanın əməkdar idman ustası Yengeni Plyuşenkodur.

Plyuşenko: 31 yaş, iki qat Olimpiya, üç qat dünya, yeddi qat Avropa və on qat Rusiya çempionu, fiqurlu konkisürmə üzrə rekordlarının və titullarının sayına görə, yalnız Yillis Qrafstryomdan geri qalan idmançı...

“Anam həmişə deyirdi, “sən axı Sovet adamısan, bir yola başlamısansa, sona qədər get, sona qədər get!”. Və mən getdim...”

Jenyanın uşaqlığı səyahətlərdə keçib. Atası tez-tez iş yerini dəyişdiyi üçün ailə uzun müddət ölkənin ayrı-ayrı şəhər və əyalətlərində məskunlaşıb.

Plyuşenko 1982-ci il noyabrın 3-də Xabarovsk əyalətinin Solneçnıy şəhərciyində doğulub.

Valideynləri Baykal-Amur magistralının tikintisində iştirak etdiyi üçün Jenya günün əsas hissəsini bağçada keçirib.

Xarkovun soyuq iqlimi balaca Plyuşenko üçün heç düşərli olmayıb. 4 yaşında ağciyərləri möhkəm soyuqlayan Jenya uzun müddət müalicə alıb.

Plyuşenko sağalan kimi ailə Volqoqrada qayıdıb. Həkimlər balacaya idmanla məşğul olmağı və ağciyərlərini möhkəmləndirməyi məsləhət görüb.

Jenya 4 yaşında olanda çox maraqlı bir hadisə baş verib və bu hadisə Pluşenkonun fiqurlu konkisürmə karyerasının əsasını qoyub. Bir dəfə anası ilə həyətdə gəzişəndə onlar qonşuluqda yaşayan və konki dərslərinə getməkdən imtina edən balaca qız və anası ilə rastlaşır. Qızcığazın israrını görən anası onun konkilərini Jenyaya hədiyyə edir. Xoşbəxtlikdən ayaq ölçüləri eyni olur və 1987-ci ilin dekabrından Plyuşenko fiqurlu konkisürmə dərslərinə yazılıb.

Onun ilk məşqçisi Tatyana Skala olub.

Artıq 7 yaşında Plyuşenko ilk böyük mükafatını - “Xrustal at”ı qazanıb.

Onun məşq etdiyi, doğma Volqoqraddakı buz meydançası bağlananda Plyuşenko nə edəcəyini bilmir və hətta idmandan getməyi də düşünür.

“Mənə elə gəlir ki, mən fiqurist olmaq üçün doğulmuşam. Bu taledir və mən bu taleyə görə, Tanrıya minnətdaram. Tanrının mənə verdiyi istedadın və bu istedadın tələb etdiyi məsuliyyətin də fərqindəyəm...”

Müəllimi Makoveyev onu Sankt Peterburqa, məşhur və istedadlı məşqçi Aleksey Mişinin yanına gətirir.

Dövrün ən məşhur məşqçilərindən biri olan Mişin elə ilk dərsdəcə Plyuşenkonun istedadını kəşf edir.

Təkbaşına Piterdə ağır və çətin günlər keçirən 12 yaşlı Jenya evsiz və bir qəpiksiz qalsa da geri çəkilmir.

Bir il sonra anası Peterburqa, onun yanına gəlir. Xarrat işləyən atası və bacısı Yelena Volqoqradda qalır.

Oğlu qədər əzmkar və tərs olan anası Tatyana Vasileyevna tezliklə küçədə gecələməkdən və bir tikə çörək üçün sürünməkdən bezir və Jenyanı da götürüb geri qayıtmağı düşünür.

Mişin olmasaydı, çətin ki, Plyuşenko Piterdə qalar və dünyanı fəth edə bilərdi.

Üç il ərzində Plyuşenkonun kirayə haqqını ödəyən və ailəyə maddi dəstək olan məşqçi ona inanır və “o, bacaracaq”, - deyir.

Pluşenko tezliklə Mişinin inamını doğruldur. O, Rusiya çempionatında və Avstraliyada yeniyetmələr arasında dünya çempionatında 6-cı olur.

İlk ciddi zədəsini hələ 14 yaşında alan Plyuşenko mübarizəni dayandırmır və 1 il sonra böyüklər arasında çempionluğu qazana bilir.

Yevgeni 1998-ci il Dünya Çempionatında təsadüfən, İlya Kulik mübarizədən imtina etdikdən sonra qatılır və bürünc medal qazanır.

2000-2001-ci il mövsümü Plyuşenko üçün çox uğurlu keçib. İştirak etdiyi bütün turnirlərdə, o cümlədən Avropa çempionatında birinci olub.

“Ən böyük rəqibim, özüməm”

Pluşenkonun ən böyük rəqibi Aleksey Yaqudinlə uzun illər bir komandada çalışıb. Yaqudin rəqib komandaya, digər məşqçi Tatyana Tarasovanın yanına getdikdən sonra cütlük qatı düşmənə çevrilib.

2000-ci ildə Vyanadakı Avropa çempionatında Plyuşenko məhz Yaqudinə uduzur və gümüş medalla kifayətlənməli olur.

Pluşenko-Yaqudin mübarizəsi, daha doğrusu düşmənçiliyi əslində fiqurlu konkisürmənin qələbəsi idi. Çünki Yengeninin də dediyi kimi, rəqabət və mübarizə olan yerdə inkişaf var. “Yaqudinlə rəqabət mənim karyeramda dönüş nöqtəsi olub. Bu yarış mənə çox şey öyrədib”, -deyə Jenya vurğulayıb.

Yaqudin idmandan getdikdən sonra, yəni 2003-2004-cü il dünya çempionu titulu ardıcıl olaraq Plyuşenkoya qismət olur.

“Zəhmətsiz qələbə olmur”

Zəhmətkeşlikdə anasına oxşadığını deyən Plyuşenko qoyduğu məqsədə həmişə çatır.

Aktyorluq bacarığı ilə də seçilən Yevgeni 2001-ci il, Vankuverdəki Avropa çempionatında “Sexbomb” mahnısının sədaları altında ifa etdiyi nömrə bu gün də çoxlarının yadındadır.

Buz üstündə keçirdiyi 88 döyüşdə 60 qızıl, 15 gümüş, 4 bürünc medal qazanıb.

2006-cı il Turində keçirilən qış olimpiya oyunlarında Puççininin musiqisi altında çıxış edən Yengeni liderliyi əldən vermir və olimpiya çempionu olur.

3 illik fasilədən sonra 2009-cu ildə yenidən Rusiya, 2010-cu ildə isə Tallindəki Avropa çempionatında qısa proqramda ən yüksək nəticə göstərərək qızıl medala və yeni dünya rekorduna sahib olur.

Vankuver Qış Olimpiya oyunlarında amerikalı rəqibi Layçasekə məğlub olur və gümüşlə kifayətlənir.

Həkimlərin məsləhəti ilə 2010-cu il dünya çempionatında iştirak etməkdən imtina edir.

2012-ci ilin yanvarında, Şeffildə yenidən Avropa çempionu tituluna yiyələnir.

Həmin ildə travmalar ucbatından dünya çempionatına getməkdən imtina edən idmançı, ötən il onuncu dəfə Soçidə keçirilən ölkə çempionatında qalib olur.

Zaqrebdəki Avropa çempionatında çıxışını yarımçıq saxlayır, əməliyyat üçün İsrailə yola düşür. Onurğasına süni fəqərələrarası disk yerləşdirilib.

2000-2005-ci illərdə Sankt Peterburqdakı Lesqaft adına idman institutunda təhsil alan Plyuşenko başqa sahədə də təhsil almağı planlaşdırır.

Əməkdar idman ustası olan Plyuşenko həmçinin, baş leytenant rütbəsi daşıyır.

“Ədalətli Rusiya” partiyasından Peterburq məclisinə deputat seçilsə də 2011-ci ildə partiya sıralarından ayrıldığını elan edib.

4 il öncə keçirilən Avroviziya mahnı yarışmasında müğənni Dima Bilan və skripkaçı Edvin Martonla birlikdə “Believe me” mahnısı ilə Rusiyanı təmsil edib. Yengeni üçün səhnədə xüsusi buz meydançası yaradılıb, trio yarışmanın birincisi olub.

Oriflame şirkətinə məxsus “Glacier” kişi ətirlərinin siması olan Plyuşenko məhsulun reklam çarxında da çəkilib.

Yarış günlərindən 3 gün əvvəl və 3 gün sonra üzünü qırxmır.

Buz üstünə çıxmazdan əvvəl ovcunun içi ilə buza toxunur və daha sonra ovcunu öpür.

“Yana ilə tanış olandan sonra mən yaşadığımı hiss etdim. Əvvəlki həyatım barədə düşünmək belə istəmirəm”

2005-ci ilin iyununda Peterburq universitetində sosiologiya təhsili alan Mariya Yermakla ailə qurub.

Təxminən bir il sonra cütlüyün Yeqor adlı oğlanları dünyaya gəlib.

2008-ci ilin fevralında Mariya və Yevgeni rəsmi şəkildə boşanıb. Məhkəmənin qərarı ilə Yeqor atasının deyil, anasının soyadını daşıyır.

İkinci həyat yoldaşı, prodüsser Yana Rudkovskaya ilə Soçidə, Dima Bilanın konsertində tanış olub.

Avroviziya mahnı müsabiqəsindəki qələbədən sonra, Dima Bilanın prodüsseri kimi çalışan Yanaya evlənmək təklif edib. 2009-cu ilin sentyabrda cütlük münasibətlərini rəsmiləşdirib.

Ötən ilin yanvarında Plyuşenkonun və ondan 7 yaş böyük Rudkovskayanın oğlu Aleksandr dünyaya gəlib.

Valideynləri 2 kq 800 qram ağırlığında doğulan Aleksandra maraqlı ləqəb də tapıb - “qnom qnomiç”. Fiqurlu konkisürmə federasiyasının rəhbəri isə Plyuşenkonun oğlu üçün dünyanın ən balaca konkisini hazırlayıb.

Oğlunu davamçısı kimi görmək istəməsə də Yengeni onun idmançı olmasına etiraz etmir: “Oğlumla çox vaxt keçirmək, idmanla məşğul olmaq və elə 3 yaşında onu buz üstünə çıxartmaq istəyirəm. Amma fiqurlu konkisürmə üzrə deyil, digər idman növlərində ixtisaslaşması daha yaxşıdır. Bu futbol, xokkey və ya qolf ola bilər”.

“Mən tullana bilməyəndə zədəli olduğumu demək mənasızdır, bu artıq heç kimə maraqlı deyil. Ən pisi də budur ki, bu qədər qələbədən sonra insanlar mənim insan olduğumu unudur. Mən maşın deyiləm, insanam. Mənim sinəmdə döyünən mühərrik yox, ürəkdir, damarlarımda axan yağ deyil, qandır. Mən də səhv edə və yanıla bilərəm”

Soçi Olimpiadasında komanda yarışlarında Rusiyaya birincilik gətirib və karyerasında ikinci olimpiya çempionu titulunu qazanıb.

Məşq zamanı belindəki zədə ucbatından Olimpiya Oyunlarının fərdi turnirində çıxışdan imtina edib və karyerasını başa vurduğunu açıqlayıb.

"Mən karyeramı başa vurdum. Yaşım davam etməyə imkan verir, amma keçirdiyim 12 əməliyyat - bu, həddindən artıq çoxdur. Hamıya dəstəyə görə təşəkkür edirəm! Mənə inandığınıza görə minnətdaram! Səhhətimi tez bərpa edəcəyimə ümid edirəm", - deyə ikiqat Olimpiya çempionu "Twitter" hesabında yazıb.

Karyerasını bu cür başa vurmaq istəmədiyini deyən idmançının qərarı ölkədə əməlli-başlı mübahisə və müzakirə mövzusuna çevrilib. Ölkə Plyuşenkonu dəstəkləyənlər və lənətləyənlər olmaqla iki qrupa bölünüb.

Prezident Putin idmançının qərarını anlayışla qarşıladığını deyib və Rusiya üçün etdiklərini unutmağın haqsızlıq olduğunu vurğulayıb.

Liberal demokratların lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Plyuşenkonun biabırçı məğlubiyyətində onun həyat yoldaşını, məşqçisini və federasiya rəhbərliyini ittiham edib: “Rudkovskaya birinci həyat yoldaşını həbsxanaya yola saldı, Jenyanı da əlil etmək istəyir. O, çox təhlükəli qadındır. Mişin də onun ağlı ilə hərəkət edib, federasiya isə ümumiyyətlə nə etdiyini bilmir”.

Ərinə qarşı haqsızlıq olduğunu vurğulayan Rudkovskaya isə Plyuşenkoya qarşı qara PR aparanları ifşa edəcəyinə söz verib.

Bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirəcəyi gözlənilən Plyuşenkonun başlıca məqsədi və istəyi doğma şəhəri Volqoqradda yeni və müasir buz meydançası açmaqdır.

Leyla İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm