İşıq gələn və it hürən tərəf
Bizi izləyin

Digər

İşıq gələn və it hürən tərəf

Yadınızdadırsa, tanınmış ziyalı Rəşid Mahmudov bir müddət öncə sənət adamları barədə çox sərt fikirlər səsləndirmişdi.

Ağsaqqalın bu fikirlərinə haqq qazandıranlar da olmuşdu, onu gündəmdə qalmaq naminə ağlına gələni danışmaqda ittiham edənlər də. Mənimsə bu barədə şəxsi qənaətim belədir ki, insanların şəxsiyyətinə onların peşəsinə görə qiymət vermək doğru deyil. Məsələn, bir də görürsən hansısa axund üç qızla saunadan çıxır. Di gəl bundan sonra camaatı başa sal ki, o saqqallı kişi ibadət əhlidir, bir kəndin başbilənidir, mollasıdır... Ancaq həmin axundu üç qızla saunadan çıxan görənlər iddia edə bilməzlər ki, bütün axundlar “o yuvanın quşudur”.

Müğənnilər, aktrisalar arasında ailələr dağıtmış, hətta adı qadın alveri kimi çirkab məsələlərdə hallanmış adamlar var. Amma illərlə səhnədə olmasına rəğmən, daxili mədəniyyətini, etikasını, abır-həyasını ustalıqla qoruyanlar da az deyil. Bu yazıda iki səhnə adamıyla bağlı fərqli məqamlara toxunacağam. Birincisi, çox vacib və təqdir ediləsidir. İkincisi isə...

Başlayaq vacib məsələdən. Azərbaycanda hansı sənət adamından konsertlə bağlı söz soruşursan, daş atıb başını tutur ki, artıq xərcdir, camaat konsertə gəlmir, sarayın icarə haqqı bahadır, qonşumuzun gəlini hamilədir, üzbəüz binada yaşayan Sənəm xalanın ili hələ çıxmayıb, Ukraynada vəziyyət gərgindir, İŞİD dünyaya qan uddurur, dollar qalxıb, manat düşüb, xiyar da həmrəng olduğu dollara baxıb aşağıda qalmaq istəməyib və sair və ilaxır...

Bəziləri isə haradasa həqiqətə oxşayan dəlillər gətirməyə cəhd göstərirlər. Məsələn, deyirlər ki, camaat bizi hər gün toylarda gördüyündən, 50-60 manat verib konsertimizə bilet almaz. Elə gedib həmin 50 manatı toya salar, həm yeyib-içər, həm də oxuduğumuza qulaq asıb feyziyab olar. Tam olmasa da, bu fikirlərə də haqq qazandırmaq olar. Daha doğrusu, olardı.

Amma xanəndə Elnarə Abdullayeva fevralın 20-21-də Heydər Əliyev adına Sarayda verdiyi konsertlə sübut elədi ki, ifaçının toya getməsinin, İŞİD-in, Ukraynadakı vəziyyətin, Bakıya yağan qarın, şəhərin kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasının məsələyə heç bir dəxli yoxdur.

Konsertin ikinci günündə şəxsən iştirak etdiyimdən müşahidələrimi bölüşmək istəyirəm. Konsertin başlamasına yarım saat qalır. Sarayın qarşısında insan əlindən tərpənmək mümkün deyil. Kimi taksidə, kimi metrodan çıxıb qaça-qaça, kimi şəxsi maşınında arın-arxayın özünü konsertə çatdırmağa çalışır...

İndi qeyd edəcəyim məqamı isə ancaq görmək lazım idi. Deməli, 55-60 yaşlarında bir cütlük əllərində gül saraya doğru irəliləyirlər. Qar da, təbii ki, öz işini görməyindədir. Kişi qadından bərk-bərk yapışıb ki, xanım büdrəməsin, xanım isə bu vurhavurda əlindəki gül dəstəsini elə əzizləyib ki...

Konsert başlayır, amma təbii ki, zalda hər kəs yerini tutmayıb, gecikənlər də var.

Ansambl “Məhəbbət” mahnısını ifa edir, səhnənin arxasından Elnarə Abdullayevanın səsi eşidilir, ancaq hələ özü görünmür. Və... Alqışlar...

Xanəndə konsertin ilk dəqiqəsindən sonunadək tamaşaçısıyla elə ünsiyyət qurur ki, məsələn, adamın konsertin biletini borca alması, metrodan saraya gələnədək corabının islanması və başqa məsələlər yadından çıxır.

Deməli, əsl sənət və pərəstişkara sözün əsl mənasında hörmət olanda tamaşaçı konsertə pul verməyə də heyifsilənmir.

Hər kəs bilir ki, əfsanəvi Zeynəb Xanlarova lazım olanda məmurları belə açıq şəkildə, cəsarətlə tənqid edə biləcək biridir və bunu dəfələrlə sübut edib. Belə bir əfsanənin Elnarə Abdullayevanın konsertinə gəlməsi və kulisdə ona məsləhətlər verməsi, üstəlik, onu öz davamçısı adlandırması bilirsiniz nə deməkdir?

Elnarə Abdullayeva bundan sonra, bəlkə də, bir çox titullar qazanacaq, fəxri adlara sahib olacaq. Amma Zeynəb xanımın “Sən mənim davamçımsan...” sözləri heç vaxt unudulmayacaq. Əminəm ki, həmin gün çoxları Elnarənin yerində olmaq istərdilər. Əsl xələf isə bir nəfər olur.

Sonda yazının əvvəlində söz verdiyim “daş atmaq” məsələsiylə bağlı bir neçə kəlmə. Dünən “Həftəbecər” rubrikamı 19-cu dəfə oxudunuz. Bilməyənlərə deyim ki, yazı təkcə Publika.az-da səkkiz min dəfə oxunub. Bəzi ünsürlər (onların arasında sənət adamları da var – İ. V.) həmin yazını paylaşaraq altında xoşagəlməz şərhlər yazıblar. Dostlar, həmin iradlarınızı etika çərçivəsində özümə desəydiniz, daha yaxşı olardı, nəinki paylaşıb altında nəysə yazmaq. Altda olmağı sizə rəva bilmədim. Əgər orada özünüzü görmüsünüzsə, bu başqa məsələ...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm