Rus şairinin Paris sevgisi – heç vaxt bitməyən gül buketinin nağılı
Bizi izləyin

Digər

Rus şairinin Paris sevgisi – heç vaxt bitməyən gül buketinin nağılı

“Mayakovskinin qadınları” deyəndə ən çox Lilya Brik yada düşür. Hərçənd Lilya tək deyildi və şair hansı qadını sevirdisə, onun həyatında ard-arda möcüzələr baş verirdi. O, başqa cür sevməyi bacarmırdı. Yəqin, heç istəmirdi də.

Mayakovskinin ən maraqlı macəralarından biri Parisdə baş verdi. O, burada rus mühaciri Tatyana Yakovlevaya vuruldu.

Onlar çox fərqli idilər. Tanya Puşkin və Tütçev şeirləri ilə tərbiyə olunan nərmənazik rus qızı idi, amma korkobud, sərt, qaba sovet şairinin zərif sevgi seirləri belə qadının qəlbini yumşalda bilmədi.

Sevəndə gözü başqa heç bir qadını görməyən, amma bununla belə, tez-tez aşiq olan Vladimirin heç bir sərhəd tanımayan ehtirası onu qorxudurdu. Və Mayakovski Moskvaya tək qayıtmalı oldu.

Mən səni onsuz da nə vaxtsa alacağam - təkcə, ya da Parislə bir yerdə! (“Tatyana Yakovlevaya məktub” şeirindən)

Hərçənd Tanya bu sevgidən yalnız çiçək qazandı. Daha doğrusu, gəlin böyük hərflə yazaq, buna dəyər: ÇİÇƏKLƏR.

Məsələ isə belə olmuşdu: Parisdəki çıxışlarına görə qazandığı qonorarı Vladimir Mayakovski məşhur Paris çiçək firmasının bank hesabına yatırdı. Yalnız bir şərtlə: firma həftədə bir dəfə Tatyana Yakovlevaya ən gözəl və qeyri-adi çiçəklərdən – hortenziyalar, Parm bənövşələri, qara tülpanlar, hind gülü, orxideya, astra və ya xrizantem – buket göndərməli idi. Belə də oldu. Qar, tufan, yağış – heç bir iqlim şəraitinə baxmayaraq, Tanyanın evində hər həftə çiçək olurdu. Qeyri-adi buketin üzərində isə bircə kəlmə yazılırdı: “Mayakovskidən”.

Şairin gözlənilməz ölümü onun üçün sarsıdıcı zərbə oldu. Qadın, Mayakovskinin daim onun həyatına qarışmasına öyrəşmişdi. Görüşməsələr də, bilirdi ki, haradasa onu sevən bir kişi var və daim ondan çiçək alır. Bu fakt onun bütün həyatına rəng qatırdı. Tanya bundan sonra əriyib gül ləçəklərinə qarışmış bu dəlisov məhəbbətsiz necə yaşayacağını bilmirdi...

Amma çiçək firması öz missiyasını yerinə yetirirdi. Şairin ölümünün səhəri yenə qapıda buket vardı, üzərindəki kağızdakı sözlər də dəyişməmişdi: “Mayakovskidən”.

Şair öləndən on il sonra da çiçəklər gəlməkdə davam edirdi. Aləm qarışmışdı, II Dünya müharibəsi başlamışdı, Mayakovskinin ölümü unudulmuşdu, amma Tatyana yenə Vladimirin məhəbbətinin sayəsində yaşayırdı. Almanların mühasirəsində olan Parisin küçələrində çiçək satırdı. Acından ölməmək üçün. Mayakovskinin göndərdiyi qeyri-adi buketləri...

Onların hər ləçəyi “sevirəm” deyirdi və Tanya bağrına basdığı bu gülləri – şairin sevgisini, öz xoşbəxtliyini başqa sevənləri xoşbəxt etmək üçün satırdı.


Müttəfiq qoşunları Parisi azad edəndə Tatyana da camaata qoşulub sevincindən ağlayırdı. Rus qoşunları Berlinə daxil olmuşdu. Gül buketləri isə gəlməkdə davam edirdi. Kuryerlər Tatyananın gözünün qarşısındaca böyümüşdülər, bəzilərini başqaları əvəz etmişdi. Amma onların hamısı bilirdilər ki, real əfsanənin bir hissəsidirlər – kiçik, amma ayrılmaz bir hissəsi. “Mayakovskidən” – bu təbəssüm yaradan kəlmə isə onların əbədiyyət dünyasına parolu missiyasını oynayırdı. Mayakovskinin çiçəkləri Paris tarixinə çevrilmişdi...

Bu barədə anasından eşidən sovet mühəndisi Arkadi Rıvlin həmişə əhvalatın real, və ya uydurulmuş olduğunu öyrənmək istəyirdi. Bu, ona müyəssər oldu. 1970-ci illərdə. Parisə səfər edəndə...


Tatyana Yakovleva hələ sağ idi və o, öz həmyerlisini çox yaxşı qarşıladı. Çay və pirojna ilə. Evin bütün künclərindən çiçəklər “gülümsəyirdi” - əfsanənin gerçək olmasının sübutu kimi. Amma o, yenə də soruşmaq istəyirdi, bilmək istəyirdi ki, gül əhvalatı nə məsələdir. Özünü toplayıb soruşdu da. Cavabında isə yalnız bunu eşitdi:

- Çayınızı için. Siz ki heç yana tələsmirsiniz. Çayınızı için.

Bu zaman qapının zəngi çalındı.

Sovet mühəndisi heç zaman belə gözəl buket görməmişdi. Gülü gətirən kuryer qızılı yapon xrizantemalarının arxasından güclə görünürdü və o, sehrli kəlmələri bir daha təkrar etdi: “Mayakovskidən”.

Hazırladı: Rəbiqə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm