• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Milli Bankların fərqli qərarı, “Forbes”in varlıları, dünyamızın ən bahalı şəhərləri - HESABAT

  • Digər
  • 7 Mart 2015 16:00
  • 1 235 Baxış
Milli Bankların fərqli qərarı,  “Forbes”in varlıları, dünyamızın ən bahalı şəhərləri - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatında Mərkəzi Bankların qərarları ilə yadda qaldı. Türkiyə Mərkəzi Bankı aylardır davam edən təpkisini bir kənara qoyaraq faiz nisbətini endirdi. Ukrayna Mərkəzi Bankı isə əksinə, 25 faizə yaxınlaşan inflyasiyanı və 70 faiz dəyərini itirən qrivnanın itkisini dayandırmaq məqsədilə faiz nisbətini yüksəltdi. Avropa Mərkəzi Bankı, nəhayət, suveren istiqrazların alışına başlayacağını açıqladı. Yunanıstan borcunu qaytarmağa pulunun olduğunu bildirdi, Çin iqtisadi artım hədəfini kiçiltdi. İş dünyasına gəlincə, “Forbes” dünyanın ən varlı sakinlərinin adlarını açıqladı. Kainatın ən bahalı şəhəri də bəlli oldu.

Başlayaq son bir ayın əsas müzakirə mövzusu olan Yunanıstanın borclarından. Afina Beynəlxalq Valyuta Fonduna (IMF) olan 1,5 milyard avro həcmində borcunun 310 milyon avrosunu ödəyib. Maliyyə problemi yaşayan ölkənin dollarla olan borcunu 13, 16 və 20 mart tarixlərində qaytara bilməyəcəyi düşünülsə də, bunun əksi baş verir.

Bununla belə, Yunanıstan yüksək itki riskləri səbəbindən bazarda uzun vədəli istiqraz sata bilmir. Eyni zamanda, ölkənin vergi gəlirləri də azalıb. Bütün bunlar Afinanı Brüselin dəstəyinə möhtac edib. Avropa Birliyi maliyyə dəstəyi proqramının müddətini daha 4 ay uzadıb. Bunun müqabilində isə Yunanıstanın söz verdiyi iqtisadi islahatları reallaşdırması tələbini irəli sürüb.

Bu arada Avropa Mərkəz Bankı (AMB) da verdiyi sözə əməl edib. Bank bazar ertəsindən etibarən suveren istiqrazların alışına başlayacağını açıqlayıb. Kiprin yunan hissəsində bir araya gələn səlahiyyətlilər pul siyasətindəki yumşalmanın 2016-cı ilin sentyabrına qədər davam edəcəyini bildirdilər: “Pul siyasətindəki əhəmiyyətli əlavə yumşalma Avro Bölgəsi iqtisadiyyatında yaşanan müsbət dəyişikliyi dəstəkləyir. Maliyyə bazarlarına çıxışın təmin olunması iqtisadiyyatda xarici maliyyə xərclərini artırıb. Xüsusilə şirkətlər və müəssisələr üçün borc almaq şərtləri daha üstün olub".

Bununla birlikdə AMB rəhbərliyi sərmayələrin artımının bu il qiymət azalmalarına maneə törətməyəcəyini deyib. Məlum olub ki, avronun dollar qarşısında dəyərdən düşməsini və xam neftin qiymətinin ucuzlaşmasını nəzərə alan AMB 2015-ci il üçün iqtisadi artım nisbətini 1,5 faiz, gələcək il üçün isə 1,9 faiz proqnozlaşdırıb: “Avropa Mərkəz Bankı bu günə qədər Yunanıstana 100 milyard avro borc verib. Daha doğrusu, bu borc son 18 ayda 50 faizdən 100 faizə qalxıb. Yəni bu mənada Avropa Mərkəz Bankının Yunanıstan Mərkəz Bankına çevrildiyini söyləmək mümkündür”.

Dünyanın ən böyük ikinci iqtisadiyyatı Çin iqtisadi artım hədəfini kiçiltdi. Keçən il 7,5 faizlik hədəfə çata bilməyən ölkə bu il də təyin etdiyi 7,4 faizlik nisbəti 7 faizə endirib. Beləliklə də, 2014-cü ildə son 24 ilin ən kiçik iqtisadı artımına imza atan Çin, 2015-ci ildə də cüt rəqəmli artım rəqəmlərini görə bilməyəcək.

Rəsmi Pekin işsizlik hədəfini də 3 bal azaldaraq 4,5 faiz təyin edib.

Ukrayna isə Avropa Birliyinin, Beynəlxalq Valyuta Fondunun maliyyə yardımlarına baxmayaraq, defolta gedir. Ölkənin Mərkəz Bankı faiz nisbətini yenidən yüksəltməyə qərar verib. Bank bununla 25 faizə yaxınlaşan inflyasiyanı və 70 faiz dəyərini itirən qrivnanın itkisini dayandırmağı hədəfləyir. Xatırladaq ki, bank fevralda faiz nisbətini 19,5 faizə qaldırmışdı. Hazırda isə bu nisbəti 30-a yüksədib.

Separatçılarla 11 aydır davam edən qarşıdurmaların nəticəsi olaraq, ölkə iqtisadiyyatı sarsılıb. Ukrayna Mərkəz Bankı 2015-ci ilin sonu üçün inflyasiya proqnozunu 17,2 faiz təyin etsə də, artıq inflyasiya 25 faizə yaxınlaşıb.

Türkiyədə isə hökumət, nəhayət, Mərkəz Bankın öhdəsindən gələ bildi. Mərkəz Bank aylarla faiz nisbətlərində endirimə getmək istəməsə də, ölkə başçısı və bəzi nazirlərin təpkilərində sonra qərar dəyişib. Mərkəz Bank faiz nisbətini 25 faizə endirdiyini açıqladı. Bununla bərabər, türk lirəsinin dəyərsizləşməsinin qarşısını almaq məqsədilə Mərkəz Bankı bazarlara müdaxilə də edərək TL də satın aldı.

Lakin ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan və bəzi nazirlər bu vəziyyəti tənqid edərək 25 faiz nisbətinin iqtisadiyyatı canlandırmaq baxımından çox aşağı rəqəm olduğunu söylədilər.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatı keçən ilin dördüncü rübü ilə müqayisədə də aşağı rəqəmlər nümayiş etdirərək, müsbət siqnallar vermir. Xatırladaq ki, 2014-cü ildə iqtisadi artım nisbəti ( 1.7 faiz) 2012-ci ildən bu yana qeydə alınan ən aşağı rəqəm idi. İqtisadiyyatı xilas etmək üçün faiz nisbətini endirmək ən vacib addımlardan sayılırdı.

Asiyadan da xəbər var. Yayda Türkmənistan-Çin boru kəmərinin Özbəkistan xəttinin inşasına başlanacaq. Boru kəmərinin 4-cü xəttinin özbək hissəsinin inşasına 2015-ci ilin ortalarında start veriləcək. Bu günə qədər ilkin dəyəri 800 milyon dollar olan əsas texniki layihə hazırlanıb. Özbəkistan ərazisində mövcud olan infrastrukturu Tacikistan ərazisi ilə birləşdirəcək kəmərin uzunluğu 200 km təşkil edəcək. Ümumilikdə Mərkəzi Asiya-Çin boru kəmərinin 4-cü xətti 5 ölkə ərazisindən – Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Çindən keçəcək və kəmərin gücünü 85 milyard kubmetrə qədər artırmağa kömək edəcək.

Gücü 30 milyard kubmetr olan Özbəkistan-Çin boru kəmərinin inşası və istismarı barədə saziş 2013-cü ildə imzalanmışdı. 2014-cü ildə “Özbəkneftqaz” və CNPC qaz boru kəmərinin inşası və istismarı üçün birgə müəssisə yaradılması barədə müqavilə bağlanmışdı. Hal-hazırda Özbəkistan ərazisində Mərkəzi Asiya-Çin boru kəmərinin inşası və istimarı üzrə CNPC və” Özbəkneftqazın” birgə müəssəsi olan “Asia Trans Qaz” fəaliyyət göstərir.

İş dünyası

Ukrayna böhranı səbəbindən Rusiyaya qarşı tətbiq olunan maliyyə sanksiyaları iki rus bankına - “Rossiya Bank” və “SMP”-yə ağır zərbə vurub. Amerika Birləşmiş Ştatlarının xəzinəsi iki bankın ölkədəki cəmi 640 milyon dollar dəyərindəki vəsaitini dondurub. Dondurulan pulun təkcə 572 milyon dolları “Bank Rossiya”ya aiddir. Rus milyarder Yuri Kovalçukun qurduğu bank Vladimir Putinin başlıca fond qaynaqlarından biri sayılır. “SMP Bankı” isə Putinin cüdo və keçmiş iş yoldaşları milyarder Rottenberq qardaşlarına aiddir.

Yola saldığımız həftə “Forbes” sayəsində kimin dünyanın ən varlı sakini olduğunu da öyrəndik. Jurnal dünya üzrə dollar milyarderlərinin siyahısını açıqladı. Bu dəfə siyahıya 1826 nəfərin adı düşüb. Onların ümumi sərvətinin həcmi 7,05 trilyon dollar təşkil edir. Ötənilki ümumi rəqəmdən 600 milyon dollar çox. Diqqəti çəkən məqam siyahıya 290 yeni biznesmenin adının daxil edilməsidir. Onlardan 71 nəfəri Çindəndir. Siyahıdakı 46 nəfər iş adamının yaşı isə 40-dan aşağıdır. “Forbes-2015”-də orta sərvət 3,86 milyard dollar göstərilib. Bu da ötənilkindən 60 milyon dollar az deməkdir. Siyahıya yenə də Bill Qeyts rəhbərlik edir. İkinci yerdə Karlos Slim, üçüncü sırada Uorren Baffett gəlir. Amansio Orteqa bu dəfə 4-cü pilləyə düşüb. Rusiyadan siyahıya 88 biznesmenin adı salınıb. Milyarderlərin siyahısında rusların sayı ötənilkindən 33 nəfər az olub. Deyilənə görə, rus milyarderlər Ukrayna müharibəsi səbəbindən “kasıblayıblar”. Onların siyahıdakı sayı bu il nəinki Çinə, Amerikaya, hətta Almaniya, Hindistana da uduzur. Dünya reytinqində rus milyarderlərin siyahısına özbək əsilli Əlişir Usmanov deyil, Vladimir Potanin rəhbərlik edir. Onun adı 60-cı sırada göstərilib.

Dünyanın ən bahalı şəhərlərinın siyahısında qızıl medalı yenə dı Sinqapur aldı. Sıralamada Sinqapuru üç Avropa şəhəri Paris, Oslo və Sürix izləyir. Xatırladaq ki, 10 il əvvəl Sinqapur siyahıda 18-ci sırada idi. 2004-cü ildən bu yana pul vahidinin 40 faiz dəyər qazanması və artan inflyasiya rəqəmləri səbəbindən ən bahalı şəhər adını qazanıb. 133 şəhər arasında aparılan araşdırmada son sırada Əfqanıstanın Karaçi şəhəri gəlir.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftə ərzində İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarında monitorinqləri davam etdirdi. Nəticədə qiymətləri süni şəkildə qaldıranlar cəzalandırıldılar, Mərkəzi Bank maliyyə, kredit təşkilatlarının göstəricilərini açıqladı. Bəlli oldu ki, yanvarda Azərbaycan bank sektorunun məcmu gəliri 240 mln. manat olub, xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi artıb, dörd bank məcmu kapitalla bağlı tələbi yerinə yetirə bilməyib, ilin 2 ayında 5 bank zərərlə işləyib. Bank sisteminin cəmi zərəri -4,037 milyon manat təşkil edib. Bundan əlavə, bankların gəlirləri də, zərərləri də artıb. Problemli kreditlərin həcmi 1 milyard manatı keçib, kommersiya banklarının xarici borclanması çoxalıb, əhalinin banklarda manatla yerləşdirdiyi əmanətlərin həcmi azalıb.

“Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək”. Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: “Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur. Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər planauyğun gedir".

SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil. O da bəlli olub ki, SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması ilə bağlı danışıqları davam etdirir: “Bu məsələ ilə bağlı Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu ilə danışıqlar aparırıq. Bu gün də bizim ekspert qrupumuz danışıqlarda olub. Gələn həftə də qrup danışıqları davam etdirəcək. Bu danışıqları son mərhələyə çatdıracağıq".

DESFA-da Azərbaycan tərəfinin payının nə qədər olacağı barədə sualı cavablandırarkən SOCAR rəhbəri deyib ki, hər şey Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunun cavabından asılıdır.

Azərbaycan qazı getdikcə bir çox Avropa ölkələri üçün cəlbedici olmağa başlayıb. Avropa Komissiyası Rusiyanın "Türk axını" qaz kəmərini tikdiyi bir vaxtda, Yunanıstana təbii qaz nəql etmək üçün Trans-Adriatik qaz kəmərindən (TAP) istifadə edə biləcəyini təsdiqləyib. Bunu Avropa Komissiyasının energetika məsələləri üzrə müşaviri Brendan Devlin bildirib. Avropalı diplomat qeyd edib ki, çətin ki, Cənub Qaz Dəhlizindən başqa Cənub-Şərqi Avropada qaz kəməri peyda olacaq, çünki "bu regionun bazarları çox kiçikdir".

"Bizə o qədər də maraqlı deyil - qazı göndərən Rusiyadır, Azərbaycandır, ya Liviya. Daxili bazar başqa cür çalışır. Biz bu qaydaları "Qazprom" və Rusiyaya tətbiq etdik. Əgər sizi “TAP onlar (Rusiya və ya “Qazprom”) tərəfindən istifadə oluna bilərmi” sualı maraqlandırırsa, cavab “hə”dir”, - deyə o bildirib.

Həftəsonu və bayram tətiliniz uğurlu olsun...

Leyla Əliyeva

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR