Bankların kapitalının “əriməsinin” qarşısının alınmasına başlanıldı
Bizi izləyin

Digər

Bankların kapitalının “əriməsinin” qarşısının alınmasına başlanıldı

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər edildi. Dəyişikliyə əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz. Bu da Mərkəzi Bankın devalvasiyadan zərər çəkmiş banklara növbəti dəstək addımı kimi qiymətləndirilir. Bəs bunun banklara faydası nədir?

İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a deyib ki, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi: “Bu o demək idi ki, həmin aktivlər birbaşa qeyri-standart, daha doğrusu qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30% ehtiyat ayrılmalı idi. Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az - 5% olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30% yox, 5% ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılmasını təmin edəcək, bankların kapitalının “əriməsinin” qarşısını alacaq”.

Bank aktivlərinin standart və qeyri-standrt aktivlərdən ibarət olduğunu xatırladan iqtisadçı deyir ki, standart aktivlər – qənaətbəxş və nəzarət altında olan aktivlərə bölünür: “Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdən ibarətdir. Aktivlərin vəziyyəti pisləşdikcə bank tərəfindən ayrılan ehtiyatların həcmi də artır. Qənaətbəxş aktivlərdə ehtiyat ayırmalar 1%, ümidsiz aktivlərdə isə 100%-dir. Bu ayırmalar bankların likvidliyinə mənfi təsir edirdi”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm