İpoteka vəsaitinin artırılması nəyi DƏYİŞƏCƏK? – EKSPERT RƏYLƏRİ
Bizi izləyin

Digər

İpoteka vəsaitinin artırılması nəyi DƏYİŞƏCƏK? – EKSPERT RƏYLƏRİ

Mərkəzi Bankın sədri Elman Rüstəmov ipoteka vəsaitinin əhəmiyyətli dərəcədə artırılacağını bəyan edib. O qeyd edib ki, ipotekada iqtisadi aktivlik canlandırılacaq. Baş bankirin sözlərindən həmçinin məlum olub ki, “sosial evlər”in tikintisi ipoteka vasitəsilə maliyyələşdiriləcək.

“Bakı şəhərində qeydiyyatda olan 60 minə yaxın ailənin evə ehtiyacı var”

Nəzərə çatdıraq ki, yalnız Bakı şəhərində qeydiyyatda olan 60 minə yaxın ailənin evə ehtiyacı var. Statistikaya görə, paytaxtda 500 minə yaxın ailə təsərrüfatı qeydiyyatdadır və bunun 5,2 faizinin mənzili yoxdur. Dünya Bankının hesablamalarına görə, problemin köklü həllinə 6 milyard dollar vəsait lazımdır. “Sosial evlər”ə gəlincə, bunun mahiyyəti ondan ibarətdir ki, dövlət insanların minimal tələbatını ödəyən evlər inşa edir və aztəminatlı ailələrə kirayəyə verir. Kirayə haqları isə bazar qiymətlərindən 3-4 dəfə aşağı olmaqla simvolik xarakter daşıyır. Vətəndaşlar kirayə haqqından əlavə pul da ödəyə bilərlər. Həmin vəsaitlər toplanaraq dəyəri çıxıldıqdan sonra mənzil şəxsi mülkə çevrilir. Nəzərə çatdıraq ki, Türkiyə artıq uzun illərdir bu təcrübədən yararlanır. Avropa ölkələrinin əksəriyyətinin mənzil fondunun 30 faizini "sosial evlər" təşkil edir.

“Hazırkı ipoteka proqramının iqtisadi səmərəsi azdır”

“Value and Sources” konsaltinq şirkətinin eksperti Rəşad Əliyev Publika.az-a açıqlamasında məsələnin rəsmi səviyyədə gündəmə gətirilməsinin müsbət tendensiya olduğunu dedi: “Əvvəlki təhlillərdə qeyd etmişdik ki, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır. Çünki həmin vəsaitlər hazırda əsasən təkrar bazardakı mənzil alışına yönəldilir. İqtisadi səmərəsizliyi ilə yanaşı, proqram daşınmaz əmlak bazarında “ekonom sinfə” (dəyəri ucuz mənzillər) aid mənzillərə təlabatı yüksəldərək onların qiymətlərinin artımına səbəb olurdu. Bu proses ilkin bazara çox cüzi müsbət təsir göstərirdi. İqtisadi cəhətdən səmərəsi az olmasına baxmayaraq, mövcud proqram sosialyönümlüdür və məqsəd ev almaq üçün maddi imkanı az olan ailələrə kömək etməkdir”.

R.Əliyev deyir ki, ipoteka proqramının daha çox ilkin bazara yönləndirilməsi (mənzillərin birbaşa tikinti şirkətlərindən alınmasına) tikinti sektoruna hazırki dövrdə əlavə dəstək verə bilər: “Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir. Əlavə etmək istərdik ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20%-i dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq”.

“Sosial evlərin inşası üçün ilkin mərhələdə 300 milyon manat vəsait tələb edilir”

İqtisadçı - ekspert Vüqar Bayramov isə bildirir ki, sosial evlərin inşası üçün il ərzində ilkin mərhələdə 300 milyon manat vəsait tələb edilir: “Sosial evlərin üstünlüyü ondan ibarətdir ki, aztəminatlı ailələr sosial evlərdən istifadə etməklə mənzil problemlərini həll edəcəklər”.

Ekspertin sözlərinə görə, sosial evlərin inşa edilməsi mənzil bazarında tələbatın bir qısminin bazardan çıxmasına gətirib çıxardır. Bu da qiymətlərin tənzimlənməsinə imkan verir.

“Sosial evlər aztəminatlı ailələrə yalnız kirayəyə deyil, aşağı qiymətlə uzun müddətə kreditə də verilə bilər. Məsələn, Türkiyədə sosial mənzil layihəsi çərçivəsində evlər uzunmüddətli kreditə verilir və ailənin aylıq ödənişi təxminən 100 dollar ətrafında dəyişir. Bu, İstanbul və Ankara kimi şəhərlərdəki kirayə qiymətlərindən xeyli aşağıdır. Bu pulu ödəyən ailə 25 ildən sonra mənzilə sahib olur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm