• USD 1,8311 +1,45% EUR 1,9483 +0,93%
    • GBP 2,2482 +0,95% RUB 0,0308 +1,30%

“Sovetski”də söküntü dayandırıldı – Reportaj - Fotolar

  • Digər
  • 19 Fevral 2014 18:50
  • 5 901 Baxış
“Sovetski”də söküntü dayandırıldı – Reportaj - Fotolar

Bakının qədim küçələri, məhəllələri, tarixi bir yeri olan “Sovetski” sökülür.Bu söküntüdən narazı qalanların etiraz aksiyası da keçirildi. Ancaq son günlər narazılıqlar da səngiyib. Söküntü növbəsində olan evlərdən, söküntüdən sonra hansı taleni yaşayacaqlarını bilməyən Bakı insanlarının son durumunu öyrənmək üçün “Sovetski”yə üz tutduq.

Stula bağlanmış çörək, dar-düdük dalanlar...

Buranın yadda qalan yerlərindən biri də dalanlarıdır. Dar-düdük və qaranlıq dalanlar insanın diqqətini cəlb edir. Bəlkə də elə “Sovetski”nin qədimliyini birbaşa özündə büruzə verən yerlərindən biridir bu dalanlar. Qədim məhəllələrdə diqqət çəkən bir məqam isə çörəkçilərin çox olmasıdır. Burada demək olar ki, hər məhəllədə çörəkçi var. Çörəkçilər təndirdə bişirdikləri çörəkləri marketlərinin qarşısındakı stullara bağlayıblar. Yəni onların çörək dükanının qabağına vuracaqları bir elanları belə yoxdur. Onların elanı da elə bişirdikləri çörəkləridir.

Buranın qədimliyini özündə cəmləşdirən məqamları təkcə sadaladıqlarımız deyil. “Sovetski”ni qədim tarixə gömən onun qədim evləridir. Çox təəssüf ki, bir neçə ay sonra həmin evlər, məhəllələr, dalanlar, stullara bağlanmış çörəklər tarixin səhifələrində qalacaq. Ancaq buranın inasanının ləhcəsi, “Sovetski” aurası itib gedəcək...

Söküntü niyə dayandırılıb?

Mətbuatda da yazılanlarda bildirilirdi ki, artıq bu ərazidə söküntüyə start verilib. Əraziyə gedərkən məlum oldu ki, söküntüyə “İmam Hüseyn” məscidi tərəfdən başlanılıb. Həmin ərazidə həqiqətən də söküntü aparılmışdı. 4-5 ev yerlə yeksan edilmişdi. Ətrafda ağır tonnajlı maşınlar, buldozerlər var idi. Ancaq nədənsə onlar işlək vəziyyətdə deyildilər. Sakinlər də bildirdilər ki, artıq söküntü müvəqqəti olaraq dayandırılıb: “Söküntünün dayandırılması ilə bağlı qərarı Bakı Şəhər İcra Hakimiyyəti verib. Çünki sakinlərlə tam razılığa gəlinməyib. Aksiyadan sonra dedilər ki, söküntünü dayandıracağıq, sonra da sizlərlə danışıqlar aparacağıq. Artıq bir neçə nəfəri söhbətə çağırıblar. Onlara deyiblər ki, kompensasiyanın miqdarını artıracağıq. Biz istəyərik ki, hər kvadratmetr üçün 3500 manat pul ödənilsin. Çünki kvadratmetri az olan evlərə az pul düşür. Həmin pulla da şəhərdə ev almaq mümkün deyil. Hətta razıyıq ki, bir otaqlı evlərin əvəzində pul verməsinlər, ev versinlər. Çünki biz küçədə yaşaya bilmərik, bizə ev lazımdır. Hazır evimizi verib, az pulla küçələrdə qalası deyilik”.

Kompensasiya ilə razılaşanlara köç edir...

Sakinlər deyirlər ki, martın 1-nə kimi danışıqlar aparılacaq. Hətta evlərin yenidən ölçülməsi də nəzərdə tutulur.Amma buna baxmayaraq kompensasiya ilə razılaşanlar da var.

Razılaşanların sayı çox olmasa da məhəllələrdə müşahidə apararkən bunun şahidi olduq. Martın 1-nə kimi söküntü dayandırılsa da bəzi sakinlər veşlərini maşınlara yığıb ərazidən köçürdülər.

Kompensasiya ilə razılaşanlar ərazinin sökülməsinin lehinə olduqların deyirdilər. Hüseyn Məmmədov adlı sakin deyir ki, buranın sökülmə qərarı doğru qərardır: “Əslində çox adam istəyirdi ki, bura sökülsün. Çünki küçələr pis vəziyyətdədir. Evlərdən isə danışmağına dəyməz. Evlər çox köhnədir. Uçulub dağılırlar. Zibillik əlindən adam xəstəlik tapır. Çox insanın ürəyincə oldu buranın sökülməsi. Ancaq bircə narazı olanlar evlərinin kvadratmetri az olanlardır. Onlar verilən pulla özlərinə şəhərin başqa yerində ev ala bilməyəcəklər. Gərək onların kompensasiyasını artırsınlar. Yaxud da onlara ev versinlər. Çünki onlar evsiz qalacaq”.

H. Məmmədov deyir ki, onlara kompensasiya yox, ev də versəydilər bununla razılaşacaqdılar: “Məncə burada hamıya ev versəydilər hamı razı olacaqdı. Çünki hamı buradakı şəraitsizlikdən cana doymuşdular. Başqa yerdə binalar tiksəydilər, hərəyə bir ev versəydilər lap yaxşı olardı. Ev verəndə hamı biləcəkdi ki, evsiz deyil. Ona görə də heç bir narazılıq yaranmayacaqdı. Bunun ən yaxşı həlli insanlara ev vermək olar. Amma yenə də deyirəm ki, biz cəhənnəm, biz özümüzə birtəhər ev alacağıq. Kvadratmetri az olanlar isə ev ala bilməyəcəklər. Mənim evimin kvadratı çoxdur, ona görə narazılıq etmədim. Çox narazılıq etsəm, bunu da verməyəcəklər”.

Söküntü 6 mərhələli olacaq

Söküntü işləri 6 mərhələdə həyata keçiriləcək. Belə ki, 1-ci mərhələdə Vergilər Nazirliyinin arxasından Nərimanov heykəlinə qədər ərazidə söküntü işləri aparılacaq və söküləcək ərazidə yol genişləndiriləcək. Bu günə olan məlumata görə, 2095 evin qaralama layihəsi çəkilib. Ümumi söküntüsü nəzərdə tutulan 10 min 500 tikilinin layihəsi çəkilməlidir. Söküntü aparılacaq ərazi 40 hektara yaxındır. Söküntünün isə nə vaxt başa çatacağı isə məlum deyil.

Elmin Bədəlov

Fotolar müəllifindir

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR