Andreas Lübitzin dostları
Bizi izləyin

Digər

Andreas Lübitzin dostları

Jurnalistlər bayram günlərində həmişə xəbər qıtlığından əziyyət çəkir. Amma əminəm ki, novruz tətilində bu xəbəri heç kəs duymaq istəməzdi. Dünyada ən etibarlı hava yollarından sayılan “Lufthanza”nın alt şirkətinin “Airbus 320” təyyarəsi Alp dağlarının üzərində qəzaya uğradı.

Nəticə ağır oldu: 150 ölü...

Təbii ki, xəbəri ilk duyunca ağıla hansısa ehtimallar gəlmir. Sadəcə, 150 insanın qəfil həlak olmasının şokunu yaşayırsan...

Amma sonradan biləndə ki, o insanlar həyatla alman hava yolları şirkətinin günahı ucbatından vidalaşmayıb... Dünyaya bu şoku yaradan bir pilotdur... 150 nəfər günahsız insan 28 yaşlı Andreas Lubitz adlı şəxsin psixi problemlərinin qurbanıdır... dəhşətə gəlirsən... Təsəvvür etmək belə çətindir: adamın psixoloji problemləri var, xəstədir, qətiyyən pilot kimi fəaliyyət göstərə bilməz. Amma bunu çalışdığı aviaşirkətdən gizlədir və ilk fürsətdə 150 nəfərin həyatına son qoyur.

Faciə, yoxsa terror deyək, ya başqa cür adlandıraq?

Təsəvvür edin, harasa səfər edirsiz, necə arzularınız, planlarınız var. Bilet alıb sərnişini olduğunuz təyyarəni idarə edən pilotun qafasında hansı proseslərin getdiyindən xəbərsizsiniz. O, sizi göyün yeddinci qatından, sözün əsl mənasında, dağların başına çırpır, həyatınıza son qoyur. Arzular, planlar yarıda qırılır.

İnsanlıq adına ədalətsizlikdir. Hansı yönündən baxsaq... 150 nəfərin faciəli ölümü, onların yaxınlarının, doğmalarının acısı, kədəri dözülməzdir.

Və bunun insani izahı yoxdur...

Bundan sonra hava nəqliyyatından istifadə edərkən aviaşirkətlərdən pilotların sağlıq durumu ilə bağlı arayış istənməlimi, yoxsa özləri bir yolunu tapacaqlar? Amma etiraf edək ki, insan həyatının, insan sağlamlığının qarşılığı-qiyməti 50 min avro, 50 min dollar və ya 50 min manat deyil. İnsan həyatının, sağlamlığının qiyməti yoxdur! Adamın doğmasını, ciyərparasını öldür, səbəb nə olursa-olsun, sonra da parayla-pulla könlünü almağa cəhd et. Absurddur...

Allaha şükürlər olsun ki, təhlükəsizlik baxımından “Azal” dünyada örnək sayıla biləcək şirkətlərdən biridir. Azərbaycan Hava Yolları öz işinin öhdəsindən həmişə peşəkarlıqla, məharətlə gəlib və qürur duya biləcəyimiz bir brendə çevrilib.

Türkiyə haqqında həmişə deyirlər ki, türkləri dünyaca məşhurlaşdıran 3 brend varsa, onun biri və birincisi THY - Türk Hava Yollarıdır.

Məncə, azərbaycanlılar da “Azal”la bağlı eyni dərəcədə qürurlana bilərlər!!!

Bu sətirləri yaza-yaza xatırlamaq istəyirəm: biz daha çox nəyimizlə, nələrimizlə fəxr edirik? Azərbaycanı dünyaya tanıdacaq neçə brendimiz var?

Və ya Azərbaycan deyiləndə orta statistik əcnəbinin ağlına ilk olaraq nə gəlir? Onlar bu ölkə haqqında nə bilirlər?

Xatırladaq: Birinci Avropa Oyunlarının başlanmasına iki aydan bir az artıq vaxt qalır. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək. “Evrovision” mahnı müsabiqəsindən sonra daha bir mötəbər yarışma...

Əlbəttə, normal düşüncəli azərbaycanlı üçün qürür duyulası hadisədir. Sözün əsl mənasında, Hadisədir! Çünki Azərbaycanın özünü dünyaya təqdim etməsi üçün növbəti dəfə çox gözəl bir fürsət açılır, münbit şərait yaranır. Bu önəmli bir kültür tədbirinin – idman yarışmasının Bakıda keçirilməsi həm də Avropaya, Avropa dəyərlərinə inteqrasiyadır.

Bunun bir adı Uğurdur!!!

Bir adı Vətənpərvərlik!!!

Üçüncüsü, Azərbaycan naminə Çalışmaq, İş, Fəaliyyət!!!

Azərbaycanlılar, sizdən soruşuram, məntiqlə buna sevinmək lazımdı, yoxsa... aşağılamaq, gözdən salmaq?..

Avropa Oyunlarına hazırlıq prosesində bəzi qüvvələr tərəfindən başladılan qara-qışqırığın, hay-küyün izahı varmı? Onlar gerçəkdənmi Azərbaycanın uğurlarına sevinə bilmirlər?..

Əslində tanış situasiyadır. “Evrovision” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyi ərəfədə də eyni proseslərin şahidiydik. Yalnız düşmənlərimiz istəmirdi ki, bu yarışma Azərbaycanda keçirilsin. Hər vəchlə törəni gözdən salmağa cəhd edirdilər. Məsələnin ən naxoş tərəfi o idi ki, düşmənlərimiz yalan olmuşdu, öz içimizdəkilər, müxalifətdəkilər gerçək. Əllərində olan 5-6 media orqanı az qala gecəli-gündüzlü bar-bar bağırırdılar, əcnəbilərə çağırışlar edirdilər ki, yarışmada iştirak etməyin, Azərbaycana gəlməyin...

Axırı nə oldu?

Gözlənildiyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifəni sonadək ləyaqətlə icra etdi. Beynəlxalq yarışma yüksək səviyyədə baş tutdu... Gənc Azərbaycan dövlətinin tanıdılması üçün bütün vasitələrdən istifadə olundu. Miqyasca cox nəhəng işlər görüldü. Mədəniyyətin dili ilə Azərbaycan öz sözünü dedi!!!

Dünyada reklama, təbliğata milyardlar xərclənir. Qarabağ kimi bir konfliktdə məcbiri tərəf olan, ərazisi işğal olunan Azərbaycanın tanınmağa, təbliğ olunmağa əşhədü-ehtiyacı varkən bu gözəl imkandan bəhrələnməsinmi? İndi sizin istədiyiniz nədir, bu ölkədəki müsbət dəyişiklikləri, inkişafı, tərəqqini beş ölkənin vətəndaşı, idmançısı görsə, gördüyü qayğıdan, diqqətdən məmnun qalsa, Azərbaycan onun yaddaşında müsbət işarələnsə, dünyanın 55 ölkəsinin TV-ləri Azərbaycandan canlı yayımlar etsə, dünya dağılar, yoxsa sizin çirkab niyyətləriniz puç olar?

Birinci Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycan dövlətinin sərf etdiyi maliyyə, xərclənən pullar dolayısı ilə Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına qoyulan kapitaldır. Güc nümayişidir. Azərbaycan gücləndikcə addım-addım Qarabağa yaxınlaşır.

Mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək də bu Gücün daha bir göstəricisidir, birincilik adına yiyələnməkdir, diqtə olunandan diqtə edənə çevrilməkdir.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Ermənistan bunlara görə istəmir. Bəzi dılğır beynəlxalq təşkilatlar da bu səbəblərdən arzulamır. Buna görə qarayaxmalarla məşğul olurlar. Anlaşılandır, çünki düşməndirlər.

Yaxşı, bəs sizə nə olub? Düşmənlə, Ermənistanla, ermənipərəst təşkilatlarla sizin maraqlarınız niyə üst-üstə düşür? Siz kimsiniz, azərbaycanlısınız, yoxsa Azərbaycanın düşmənisiniz?!

Yazının əvvəlində bir pilotun 150 nəfər insanı məhv etməsini elə-belə yada salmadım. Azərbaycanın radikal müxalifəti də mahiyyət etibarilə psixopatdır, xəstə düşüncənin, cahil təfəkkürün, geriçi zehniyyətin daşıyıcısıdır.

Aydındır, hər bir siyasi təşkilatın başlıca məqsədi hakimiyyətə gəlməkdir. Amma potensialı buna yetməyəndə hər şeyi qara rəngdə görmək, hər şeyi məhv etmək, “ya mən, ya da mən” aqressiyası sərgiləmək ağır bir xəstəliyin simptomlarıdır. O xəstəliyin müalicəsi yoxdur.

Bax elə buna görə sükanı onların əlinə verməmək lazımdır. Ki, günahsız insanları məhv etməsinlər, bu dövlətin sonunu gətirməsinlər...

Alp dağlarının üstündə bir təyyarənin sükanının bir psixopatın əlində olmasının nə ilə nəticələndiyini görəndən sonra Azərbaycandakı müxalif psixopatlara nəyisə necəsə etibar etmək olar?

Düşüncəsi belə qorxunc...

Ağıllı insanlar, özlərinin, ölkələrinin gələcəyini düşünən insanlar ona görə o düşərgədə deyillər...

Ona görə onlar təkdirlər...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm