Ölümünə öpüşmək...
Bizi izləyin

Digər

Ölümünə öpüşmək...

Belə pis çıxmasın, bu yaşa qədər xeyli qadınla öpüşmüşəm. Hamısı da bircə-bircə yadımdadır. Heç birini unutmamışam. Öpüşmək gözəl hissdir. Xüsusən, tələsik öpüşlər mənə elə gəlir, həmişə yadda qalır və daha çox həzz verir. Belə öpüşlər adətən, ya orta məktəb illərinin sonunda olur, ya da universitetin birinci kursunda, yəni ömrün ən həyəcanlı vaxtlarında.

Sonra bu cür hallar o qədər çoxalır ki, axırda hər şey adiləşir. Nə qədər çalışırsan, nə qədər əlləşib-vuruşursan, alınmır ki, alınmır. Çünki o hiss yoxdur. Mənə elə gəlir ki, təcrübə bütün hisslərin düşmənidir. Tutalım, qadın öpüşməyə vərdiş etdikcə və ya nə qədər çox öpüşdükcə, əslində, öpüşmək hissindən uzaqlaşır. Peşəkarlıq hissi öldürən bir şeydir. Baxırsan ki, dodaqların hərəkəti, aşağı-yuxarı ustalıqla qalxıb-enməsi, bir sözlə, bütün davranışlar yerindədir, ancaq ortada – iki dodağın arasında hiss yoxdur. Həyəcan, qorxu yoxdur, yəni dodaqlar əsmir, titrəmir.

Bəzən də insan hissini itirir və hər şey məcburiyyətə çevrilir. Təsəvvür elə ki, bir ömür yaşayırsan və hər səhər yuxudan durub yanında eyni qadını görürsən. Və yaxud hər səhər yuxudan durub yanında eyni kişini görürsən. Adama deyərlər, başqa nə etmək olar ki? Hər il evlənmək olmur ki... Yaxud hər il ərə getmək...

Belə bir vəziyyətdə bəzən adamı yaşadan xatirələr olur. Məsələn, ilk dəfə öpdüyün qadının və ya kişinin həyəcanını yaddaşında saxlayıb özünü aldada bilərsən və bu yalanla deyim ki, bir ömür xoşbəxt yaşamaq çətin də olsa, mümkündür. Başqa nə etmək olar ki...

Bəzən qadın bir kişi ilə öpüşür, amma xəyalında başqa birisini tutur. Gözlərini yumub gedir illər əvvələ: onu ilk dəfə öpən kişinin yanına. Belə şeylər kişilərə də aiddir. Və beləcə yaşlanır, ömür-gün başa çatır, ölür...

Dediyim bu məsələlər bəlkə də, həssas insanlara aiddir. Elə adamlar var ki, heç ilk öpüşün də fərqinə varmır. Və ya son öpüşlə də ilk öpüş kimi məşğul olur. Yaxud da ümumiyyətlə, öpüşməklə düşmən kimidir. Amma qadınsansa, mənə elə gəlir ki, kişi dodaqlarını özünə ən yaxın dost hesab etməlisən.

Mən uzun müddət Türkiyədə təhsil almasam da, Avropanın bir çox ölkələrini gəzib-dolaşmasam da, elə bil oradakı qadınların hamısını ovcumun içi kimi tanıyıram: filmlərdən, kitablardan, gedib-gələnlərin söhbətlərindən. Oranın qadınları ilə şərq qadınlarını müqayisə eləyəndə ortaya çox böyük fərqlər çıxır. Lap dəhşətə gəlirsən. Nədənsə, bizim qadınların üzü əsəblə, hirslə, hikkə ilə doludur və mənə elə gəlir ki, bizim qadınlar səmimi deyillər. Çünki təbiət qadında zəif yerlər yaradıb ki, qadın hər zaman o yerdən məğlub olur. Bizdə əksindədir, qəribədir ki, təbiətin zəif yaratdığı yer bizim qadınlarda çox güclüdür.

Məsələn, Avropada heç bir qadın bir kişinin xəyalı ilə yaşaya-yaşaya başqa bir kişinin uşaqlarına analıq eləməz. Belə şeylər əxlaqsızlıq sayılır. Avropa qadını xəyalında olan kişini nəyin bahasına olursa-olsun əldə eləyər və onunla gecəni səhərə qədər öpüşər. Həmin anı bütün varlığı ilə yaşayar. Və ya Avropa qadını kişinin bütün pis hərəkətlərini, səhvlərini onun gözəl öpüşməyinə bağışlayar.

Təbiətin qadında yaratdığı zəif yer də belə-belə şeylərdir ki, bizim arvadlarda yoxdur. Bizdə mentalitet basqıları insan həyatını məhv edir, öldürür. Adamlar bayağı və mənasız əxlaqla yaşayırlar.

Bizdə qızlar haqqında deyilən sözə baxın: əlinə hələ oğlan əli dəyməyib. Təsəvvür edin, hələ söhbət əldən gedir, o ki qaldı dodaq ola. Adicə bir öpüşmək üstündə bizdə adam ölər, qan düşər. Və yaxud bir dəfə öpmək istədiyin qız gərək ata-ananı elçi göndərəsən, bir dəfə qız toyu ola, xınayaxdı ola, bir dəfə oğlan toyu ola və sairə. Axırda da görəsən ki, hər şey bir gecəlik öpüş üçünmüş.

Halbuki, görün dünyada nə gözəl hisslər var: uzaq bir yerə istirahətə gedirsən, başqa bir yerdən də qonşuluğuna gözəl bir qız gəlib. Baxırsan, ürəyinə yatır. Onun da səndən xoşu gəlir. Nömrələr, mesajlar və bir neçə telefon zəngindən sonra aylı bir gecədə görüşürsən. Bütün hissinlə, həyəcanınla öpüşürsən, öpüşürsən, öpüşürsən, öpüşürsən...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm