“Yüksək faiz təklif edən banklarda pullar qorunmur” – EKSPERT RƏYİ
Bizi izləyin

Digər

“Yüksək faiz təklif edən banklarda pullar qorunmur” – EKSPERT RƏYİ

Son günlər bankların reklam roliklərində əmanətlər üzrə faizlərin təklif edilməsi diqqət çəkir. Xüsusilə, faizləri 17 faizə qədər yüksəldən banklar var.

Publika.az xəbər verir ki, bankların əmanət faizlərini qaldırması həm də kreditlərin faiz dərəcəsinə təsir göstərəcək.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondu 12%-ə qədər əmanətləri sığortalayır. Fond özü açıq şəkildə bildirir ki, banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab edilir. Məsələn, 2014-cü ilin 9 ayının yekunlarına əsasən, qorunmayan əmanətlərin həcmi 3,14 milyard manat olub. Bu rəqəm 6,6 milyard manata qarşı alınan rəqəmdir. Nəzərə alsaq ki, fevral ayının 1-i vəziyyətinə banklarda yerləşdirilən əmanətlərin həcmi 7,1 milyard manat təşkil edib. Həmin əmanətlər üzrə də qorunmayan əmaəntlərin çəkisinin yüksək olacağı qaçılmazdır.

“Bu gün banklar əmanətlərə görə yüksək faiz ödəməyi təklif edirlərsə…”

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov yerli bankların əmanətlərə görə ödəniş faizlərini artırmasının səbəblərinə toxunaraq bildirir ki, bankların gəlirləri cəlb etdiyi və yerləşdirdiyi maliyyə vəsaitlərinin fərqindən yaranır: “İstənilən halda bankların əmanətlərə görə ödədikləri faizlərin səviyyəsi bir çox amillərdən asılıdır. Ölkədəki makroiqtisadi vəziyyət, inflyasiyanın səviyyəsi, kiçik və orta biznesin inkişafına dövlət dəstəyinin mövcudluğu və başqa bu kimi şərtlər cəlb edilən əmanətlərə görə faizlərin səviyyəsinin müəyyən olunmasında əsas amil kimi çıxış edirlər”.

F. Yusifov qeyd edir ki, istənilən mal və məhsulların istehsalı və satışında olduğu kimi, burada da depozitlərə görə faizlərin səviyyəsi ölkədə pul vəsaitlərinə olan tələb və təklif əsasında müəyyən edilir: “Tələb böyük olduqda əmanətlərə görə faiz dərəcələri də yüksək müəyyən edilir, az olduqda isə əksinə, faiz dərəcələri aşağı olur. Bu gün Azərbaycan bankları əmanətlərə görə yüksək faiz ödəməyi təklif edirlərsə, bunun iki əsas səbəbi var. Biri ondan ibarətdir ki, ölkə iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, qeyri-neft sektorunun inkişafı dövlət səviyyəsində əsas prioritetə çevrilib və bu səbəbdən ölkədə kreditlərə tələbat artıb.

Manatın məzənnə yumşalmasında tədricilik prinsipini gözləyə bilməsək də, bütövlükdə məzənnəsinin yumşaldılması da iqtisadiyyatın daha sürətli inkişafını təmin etməyə hesablanıb. Ona görə də banklar yaranmış vəziyyətdə yüksək faizlə cəlb etdikləri əmanətləri səmərəli şəkildə yerləşdirməklə daha çox qazanc əldə etmək istəyindədirlər. Bu, təbii bir haldır.

İkinci səbəb isə banklarda kifayət qədər likvidlik olmadıqda baş verir. Daha doğrusu, banklar əmanətləri daha az müddətə cəlb edib, kreditləri daha uzun müddətə verirlərsə, onda cəlb edilən vəsaitlərlə yerləşdirilən vəsaitlərin arasında zaman baxımından uyğunsuzluq yaranır. Buna banklarda “kassa çatışmazlığı” deyilir.

“Daha çox əmanət cəlb etməyin yeganə yolu müştərilərə yüksək faiz təklif etməkdir”.

Bu çatışmazlıq problemli kreditlərin həcmi gözlənildiyindən artıq olduqda daha böyük ola bilir. Problemin həllini banklar, adətən, daha çox əmanət cəlb etməklə həll edirlər. Banklar arasındakı rəqabətin mövcud olduğu bir şəraitdə daha çox əmanət cəlb etməyin yeganə yolu isə müştərilərə depozitlərə görə daha yüksək faizlər təklif etməkdən keçir”.

Ekspertin sözlərinə görə, hökumət və Mərkəzi Bank əmanətlərə görə bankların ödədikləri faizlərin səviyyəsinə birbaşa deyil, dolayı yolla təsir edə bilərlər. Mərkəzi Bankın uçot dərəcəsini dəyişdirməsi, kredit təşkilatlarının depozitlərə görə əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsində edilən dəyişikliklər bu sırada olan məsələlərdəndir.

Manatın məzənnəsinin yumşalmasından sonra bankların əmanətlərə görə ödəniş faizlərini bir qədər artırmasının təbii hal olduğunu deyən F. Yusifov yüksək ödəniş faizləri fonunda əmanətlərə görə risklərin yaranıb-yaranmaması məsələsində də toxunub: “Bəzi banklar cəlb edilən əmanətlərə görə hətta illik 17%-ə qədər ödəniş təklif edirlər. Əgər əmanətlər sığortalanıbsa, onları belə yüksək faizlə də banklara yerləşdirmək olar. Burada qorxulu heç nə yoxdur. Bütövlükdə hesab edirəm ki, əmanətlərə görə 10-12% həddində ödənişlər bu gün üçün daha realdır”.

“Yüksək faiz təklif edən banklarda pullar qorunmur”

İqtisadçı-ekspert Vüqar Bayramov isə yüksək faizlə əmanət yerləşdirilməsini riskli hesab edir. Bildirir ki, banklarda yerləşdirilən və ümumi məbləği 30 min manatdan yuxarı olmayan, illik faizi 12% dən artıq olmayan bütün əmanətlər sığortalanır.

Bu o deməkdir ki vətəndaşın bankda yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan, illik faizi 12% -dən artıq deyilsə, bu artıq bankın müflis olduğu halda belə vətəndaşın əmanəti qaytarılacaq. Çünki həmin bankdakı əmanətlər sözügedən meyarlar daxilində əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanıb. Yəni əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə, o zaman həmin pullar qorunmur. Fond qorunmayan əmanətlərə görə kompensasiya ödəmir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm