Silah dələduzu, qızıl alverçisi, “Titanik”i “batıran” dahi iş adamı - MİLYONÇU
Bizi izləyin

Digər

Silah dələduzu, qızıl alverçisi, “Titanik”i “batıran” dahi iş adamı - MİLYONÇU

Dostları və düşmənləri onu “Yupiter” adlandırırdılar. Amerikanın maliyyə imperiyasının yaradıcısı hesab edilir. Eyni zamanda 6 böyük sənaye nəhənginin – “Amerika Telefon və Teleqraf”, “General Electric”, “International Harvester”, “United States Steel Corporation.”, "Westinghouse Electric Corporation" and "Western Union"-un təsisçisidir. O həm də dünyanı yönəldən 12 ailədən birinin nümayəndəsidir. Söhbət Con Pierpont Morqandan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində hazırkı dollar ekvivalenti ilə 300 milyard dollara yaxın sərvəti olan, “Amerika valyutasının Allahı” hesab edilən C.P.Morqanın həyatını təqdim edir.

9 məktəb

Con Pierpont Morqan 1837-ci ildə Hartfordda anadan olub. Conun atası Cunius Spenser Morqan Londonda “J.S. Morgan & Co”nun yaradıcısı idi. Anası Cülyet Pierpont rahib ailəsində doğulmuşdu.

Cülyet və Cunius hələ kiçik yaşlarından oğullarının iş adamı olmasına böyük əmək sərf edirlər. Konkret olaraq, atası Conu özü ilə birjaya aparır, kommersiyanın sirlərini öyrədir, yüngül əyləncələrdən çəkindirirdi. Nəticədə, gənc Morqan doqquz təhsil müəssisəsi dəyişir.

Cunius 1854-cü ildə Londonun məşhur bankirlərindən birinin ortağı olur və ailə Avropaya köçür. Bəzi tarixçilərə inansaq, Cuniusun Avropa bazarına girməsində Rotşildlərin rolu olur. Hətta ata Morganın sözügedən məşhur bankir ailəsinə tabe olduğu deyilir. Hansı ki, gələcək illərdə oğlu da bunun bəhrəsini görür. Morqan ailəsi 1900-cü ilin əvvəlində Rotşildlərdən sonra dünyanın ən böyük bankçılıq nəhənglərindən biri olur.

Bankir oğlu sərvəti necə artırır?

Con Morqan əvvəlcə İsveçdə təhsil alır, sonradan təhsilini Almaniyada davam etdirir. Gələcəyin milyarderi bütün qüvvəsi ilə valideynləri onu necə görmək istəyirlərsə, o cür olmağa çalışır. Hətta məktəbdə yazdığı inşasında belə deyirdi: “İnsan əgər şəxsi keyfiyyətlərə sahibdirsə, hətta ən kasıb vəziyyətdən belə sərvətə, cəmiyyətdə layiqli yerə sahib ola bilər".

Beləliklə, məktəbi yüksək göstərici ilə bitirən Morqan Hettinqenk Universitetində təhsil alır. 1857-ci ildə Amerikaya qayıdır. Nyu-Yorkun məşhur banklarından olan “Duncan, Sherman & Co”da işə start verir. Yeri gəlmişkən, bu bankın onun atasının bankı ilə işgüzar əlaqələri var idi. Yəni Con bu işi öz bacarığı, istəyi ilə tapmamışdı.

XIX əsrin ortalarında Amerika iqtisadi yüksəliş dövrünü yaşamağa başlayır. Amma siyasi vəziyyət başqa şeyləri diktə edirdi. 1861-ci ildə ölkəni vətəndaş müharibəsi bürüyür. Vəziyyət elə gətirir ki, hökumətin ordusuna silah lazım olur. Gənc Morqan cəld tərpənərək vəziyyətdən faydalanır. Ortaqları ilə Amerikanın Nyu-Yorkdakı arsenalından ədədi 3,5 dollardan beş min köhnəlmiş tüfəng alır. Yüngülcə əl gəzdirdikdən sonra silahları 22 dollardan Cent-Luisdəki ştaba satırlar. Con Morqan bu gəlirli alqı-satqı əməliyyatlarında qısa müddət iştirak etsə də, böyük pay götürür.

Maliyyəçini sevməyənlər gələcəkdə bu qaranlıq olayı daim xatırladaraq bildirirdilər ki, Morqan karyerasına dələduzluqdan başlayıb. Rusiya mətbuatı isə yazırdı ki, Morqan milyardlara vətəndaş müharibəsi dövründə Şimali Amerikanın inqilabçı hökumətinə yararsız silahları satmaqla sahiblənib.

Qızıl-külçə əməliyyatı

Con silah satışından əldə etdikləri ilə qızıl külçələri almağa başlayır. Ortağı ilə birlikdə lazım olan həcmi - 2 milyon dollarlıq qızılı topladıqdan sonra Böyük Britaniyanın valyuta bazarında onun 1,15 milyon dollar dəyərindəki hissəsini satırlar. Nyu-Yorkda ajiotaj yaranır. Hər kəs qızıl almağa başlayır. Qızılın unsiyasının qiyməti bahalaşır. Qiymət yüksək həddə çatanda ortaqlar əllərində qalan 850 min dollarlıq qızılı bazara çıxarırlar. Bu əməliyyatdan 132,4 min xalis gəlir əldə edirlər. Bir çox iş adamları, eləcə də atası birjadakı proseslərdən hiddətə gəlir. Ata və oğul Morqanlar arasında narazılıq belə yaşandığı yazılır.

Nəticədə, Cunius Morqan çarəni oğluna məsləhətçi tapmaqda görür. Amma Con Morqan tezliklə həmin məsləhətçini işdən çıxarır. Özünə köhnə tanışı Toni Drekselanı ortaq gətirir və atasının kiçik bankının əsasında imperiya yaradır.

Pierpont

Morqan təkcə istedadlı alverçi yox, həm də korporativ münaqişələri həll edən mütəxəssis kimi ad çıxarır. Belə ki, vətəndaş müharibəsindən sonra dəmir yolu tikintisi bumu başlayır. Biznesin yeni sahəsi Conun diqqətini çəkir və o, situasiyadan yararlanmağı qərara alır. Necə? O zaman tikinti sektoru banklardan asılı idi. Dəmiryol şirkətləri bir çox hallarda gəlir və xərclərini düzgün proqnozlaşdıra bilmədiklərindən bankların öhədliyinə keçirdilər. Beləliklə, Con Morqan dəmiryol şirkətini ələ keçirənlərdən olur. Sonrada xətti 99 illiyinə iş adamlarından birinə icarəyə verir. O həmçinin iqtisadiyyatın bir çox sahələrinə investisiya yatırır. Morqan özündən sonra varislərinə “Ceneral Electrics”, “U.S Steel Corporation”, “International Harvester Company” və kredit dərəcələndirmə təşkilatı olan “Morgan & Stanley” adlı nəhəng maliyyə şirkətini miras buraxır.

Doqquz ay iş, üç ay Avropa turnesi

Con Morqan ilin doqquz ayını işləyirdi. Yayda üç ay müddətinə Avropaya gedirdi. Qayıtdıqdan sonra işə atılırdı. İqtisadiyyatın elə sahəsi yox idi ki, ora əl uzatmasın. Tarixçilər milyarderin özü ilə çoxlu qeyd kitabçaları gəzdirdiyini qeyd edirlər. Biznesi daha da böyüdükdə isə kitabçaları eyni sayda köməkçilərlə əvəzləyir: “Morqan bizneslə elə məşğul olurdu ki, sanki müharibə aparırdı. O, kəşfiyyat aparır, rəqibinin zəif tərəflərini öyrənərək hücuma keçirdi. Bununla belə, o, kasıblara da kömək edir, qadınlara qarşı əliaçıq olmağa çalışırdı”.

Şirkətləri

1890-1913-cü illərdə C.P.Morqan 42 korporasiyanı idarə edirdi. Bura aşağıdakılar aiddir:

John Pierpont Morgan

American Bridge Company

American Telephone & Telegraph

Associated Merchants

Atlas Portland Cement Company

Boomer Coal & Coke

Federal Steel Company

General Electric

Hartford Carpet Corporation

Inspiration Consolidated Copper Company

International Harvester

International Mercantile Marine

J. I. Case Threshing Machine

National Tube

United Dry Goods

United States Steel Corporation

Railroads

Atchison, Topeka and Santa Fe Railway

Atlantic Coast Line

Central of Georgia Railroad

Chesapeake & Ohio Railroad

Chicago & Western Indiana Railroad

Chicago, Burlington & Quincy

Chicago Great Western Railway

Chicago, Indianapolis & Louisville Railroad

Elgin, Joliet & Eastern Railway

Erie Railroad

Florida East Coast Railway

Hocking Valley Railway

Lehigh Valley Railroad

Louisville and Nashville Railroad

New York Central System

New York, New Haven & Hartford Railroad

New York, Ontario and Western Railway

Northern Pacific Railway

Pennsylvania Railroad

Pere Marquette Railroad

Reading Railroad

St. Louis & San Francisco Railroad

Southern Railway

Terminal Railroad Association of St. Louis

Morqan və qadınlar

Morqan incəsənəti və qadınları çox sevirmiş. Gəncliyində o, bu haqda deyirdi: “Elə qadınla evlənmək lazımdır ki, sənə uşaq doğsun və tərbiyə etsin”. Lakin qocaldıqda iş adamı anlayır ki, damarlarından qan əvəzinə şampan axan qadınları bəyənir. Məhz bu səbəbdən də Nyu-Yorkun ən dəbli, gözəl qadınları onun sevgilisi olurlar. Düşmənləri Cona hər dəfə bir-birindən gözəl qadınlarla görüşdüyü üçün nifrət edirdilər. Özü isə əmin idi ki, qadınların diqqətini o deyil, milyonlarına maraq gücü çəkir.

Milyarderin ailə həyatına gəlincə, o, 1861-ci ildə artıq 3 ilə yaxın arxasınca gəzdiyi Nyu-York kommersantlarından birinin qızı Ameliya Sterdjesslə evlənir. Amma toydan bir qədər sonra Ameliya xəstələnir. Cütlük Fransada bal ayında olan zaman Morqan həyat yoldaşının kəskin vərəm olduğunu öyrənir: “ Elə bil başıma daş düşdü. Təbii ki, Ameliyaya heç nə demədim”. Ameliyanın sağalması üçün onu ölkədən ölkəyə gəzdirsə də, nikahdan 5 ay sonra qadın vəfat edir. Morqan Ameliyanı nə qədər sevsə də, bu, onu ikinci dəfə evlənməkdən çəkindirmir. O, 1865-ci ildə Frances Louisa ilə evlənir. Bu evlilikdən onun 5 övladı olur. C.P.Morqan haqqında maraqlı faktlardan birinin də çoxlu sayda sevgililərinin olmasıdır. Amma milyarder onların heç birinə etibar etmirdi.

“Titanik” gəmisini batırır?

Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan “White Star Line” şirkətinə aid olan və 1912-ci ildə batan “Titanik” gəmisinin hazırlanmasında bir çox xərcləri ödəyir. Bununla da gəminin sahibinə çevrilir. Gəmi hazır olan kimi səyahətə çıxan ilk sərnişinlərdən olacağını vəd etsə də, son dəqiqədə səfərdən imtina edir. Sonradan onun bunu əvvəlcədən planlaşdırdığı, gəminin batmasında rolunun olduğu iddiası irəli sürülür. Belə ki, “Titanik”də o zaman Amerika və dünyanın ən varlı şəxsləri – Con Cekob Astor IV , Bendjamin Quqqenxaym, İsidor Ştraus bataraq həlak olurlar. Bu şəxslərin hamısı Federal Ehtiyat Sistemində Morqanın rəqibləri sayılırdılar. Təkcə Astor IV və Quqqenxaymın sərvətinin həcmi 500 milyon dollar təşkil edirdi. Bu hazırkı ekvivalentlə 11 milyard dollar deməkdir. Gəmi yola çıxan gün Morqan işinin çıxdığını desə də, sonradan onun sevgilisi ilə Fransanın cənubuna istirahətə getdiyi məlum olur. Bir başqa versiya Morqanın dövrün məşhur astroloqu Yevandjelin Adams tərəfindən xəbərdar edilməsidir. Milyarder astroloqlarla, öncəgörənlərlə yaxından dostluq edirdi. O hətta bu haqda belə deyirdi: “Milyarderlər astrologiyadan yararlanmırlar. Onlar milyarderlərdən istifadə edirlər”. Bundan əlavə, C.P.Morqanı dostu mühəndis-elektrotexnik NikolaTeslinin də xəbərdar etdiyi deyilir. Maraqlıdır ki, gəmi ilə səyahətdən son anda Morqanın dostu Corc Vanderbilt də imtina edir. Onu da bildirək ki, “Titanik”in batmasından sonra Amerikanın 12 özəl bankı tərəfindən Federal Ehtiyat Sistemi yaradılır. Bununla da, bütün pul əməliyyatları, hətta ölkənin idarəçiliyi bankirlərin əlinə keçir. Morqanlar siyasi dəyişikliklərdə mühüm rol oynayıblar. C.P.Morqanın vəfatından sonra işlərin başına keçən oğlu C.P.Morqan-kiçiyin adı Amerika prezidenti Con Kennedinin öldürülməsində də hallandırılır.

Ölümü

C.P.Morqan1913-cü ildə vəfat edir. Özündən sonra qurduğu imperiyanın – “J.P. Morgan & Co.”nun başına oğlu C.P.Morqan-kiçik gəlir. 2000-ci ildə bank “Chase Manhattan Corporation”la birləşdirilərək “JP Morgan Chase & Co” adlandırılır. “JP Morgan Chase & Co” bu gün ABŞ-ın ikinci ən böyük bankıdır. Bankın aktivləri 2,3 trilyon dollar təşkil edir. Bank 2008-2013-cü illərdə təkcə məhkəmə çəkişmələrinə 18 milyard dollar xərcləyib. 2013-cü ildə bankın dövriyyəsi 96 milyard dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm