Əvvəl “bülbül” idi, sonra “qartal” oldu
Bizi izləyin

Digər

Əvvəl “bülbül” idi, sonra “qartal” oldu

Futbolsevərlərin ürəyində özünə yer tapmış futbolçulardan biri də Rüştü Rəçbərdir. Türkiyə millisində və 5 müxtəlif komandada forma geyinib. Bu komandalardan 4-ü yerli klub olub. Biri də dünya futbolunun nəhənglərindən sayılan “Barselona”dır.

Publika.az II taym layihəsində meydandaykən fərqli imic yaratmış Rüştü Rəçbər haqqında məlumat verəcək.

O, Türkiyə və dünya futbol tarixinin ən yaxşı qapıçıları arasında yer alır. 2003-ci ildə dünyanın ən yaxşı 3-cü qapıçısı olaraq seçilib. Bundan əlavə, futbol əfsanəsi Pele tərəfindən "yaşayan ən yaxşı 100 futbolçu"dan biri olaraq seçilərək "FIFA 100" siyahısında yer alır.

Hücumçu kimi “Qalatasaray” bəyənmədi...

Rüştü Rəçbər 1973-cü il mayın 10-da Antalyanın Korkuteli mahalının kəndində anadan olub. Atası meyvə mağazası açdıqdan sonra kənddən Korkuteli mahalına köçməli olublar. Futbola da burada başlayan Rüştü karyerasına hücumçu kimi start verib. Lakin ilk məşqçisi Dursun Karasucu boyunun uzun olmasına görə, ona qapıda dayanmağı məsləhət görür. 187 sm boya malik Rüştü 1989-cu ildən qapıçı kimi karyerasını davam etdirir.

İlk peşəkar klubu “Burdurgücü” olur. Burada üçüncü qapıçı ola-ola U-21-in millisinin baş məşqçisi Fatih Terim onu kəşf edir. Maraqlıdır ki, "Qalatasaray" tərəfindən sınaqdan keçirilsə də, bəyənilmir. Baş məşqçi Mustafa Dənizli onun bir il "Qalatasaray"ın əvəzedici heyətində oynamasını məsləhət görür. Ancaq Rüştü İstanbulda bir il keçirmək əvəzinə Antalyaya getməyə qərar verir.

1991-1994-cü illərdə “Antalyaspor” klubunda forma geyinir. Bu komandada 34 dəfə meydanda olur. Antalya təmsilçisində oynayarkən milliyə daha tez-tez dəvət olunmağa başlayır.

Onun karyerasının ən yaddaqaln dövrü “Fənərbaxça”da olub. 1994-2003-cü illərdə İstanbul nəhənginin şərəfini qoruyub, 241 oyun keçirib. DÇ-2002-də bürünc medal qazanan Türkiyə millisinin əsas qapıçısı mundialdan sonra "Barselona", "Mançester Yunayted", "Arsenal" kimi nəhəng klublarının transfer hədəfinə çevrildi. Sonda Kataloniyaya üz tutur.

“Barsa”nın məğlubiyyətinə səbəb oldu – “Fənər”ə qaytarıldı

O, “Barselona”nın heyətində La Liqada ilk dəfə 2003-cü ilin dekabrında Kataloniya derbisində - “Espanyol”la matçda debüt etdi. Həmin qarşılaşmada “Barselona” 2:1 hesabıyla qalib gəldi. Ancaq dekabrın 22-də ikinci matçı olan “Selta Vigo” ilə oyunda bir qol buraxdı (1:1). Elə bu matç onun Kataloniya klubundakı gələcəyini sual altına saldı. Hələ “Rasinq”lə matça 5 qol buraxması da yaddaşlardan silinməyib 5:1).

“Barselona”nın ehtiyat qapıçısı olduqdan sonra 2004-cü il avqustun 31-də yenidən “Fənərbaxça”ya keçir. Amma bu dəfə 1 illik icarə əsasında... Sonra “Fənər” onu “Barsa”dan ala bilir. 2004-2007-ci illərdə ikinci dəfə forma geyindiyi “sarı-lacivərdli” klubda 54 oyun keçirir.

“Bülbül” idi, “Qartal” oldu

Rüştü 2007-ci ildə Türkiyənin digər nəhəng klubu “Beşiktaş”a keçir. Bundan sonra mətbuatda “Rüştü artıq bir “qartal” deyə yazılmağa başlandı. Burada rəqib komandadan gəlməsinə baxmayaraq, həm klubun, həm də azarkeşlərin sevgisini qazanmağı bacarır. “Qara qartallar” 2012-ci ilə qədər qapısını ona etibar edir. "Beşiktaş"ın "MY"ni səfərdə 1:0 məğlub etdiyi matçda Rüştü qapıda xarüqələr yaratmışdı. Bu səbəbdən “BBC Sport” onu matçın qəhrəmanı seçmişdi. Matçı canlı yayımlayan Türkiyə kanallarından birinin şərhçisinin Rüştünün fantastik "seyv"indən sonra dediyi sözlər hələ də yaddaşlardan çıxmayıb: "Hər yerindən öpürəm, Rüştü". Bu söz Türkiyədə çox məşhurdur.

Xarici klublardan təkliflər almasına baxmayaraq, Rüştü Reçber "Beşiktaş"da qalmaq istəyir. Lakin "Qartallar" onunla müqavilə imzalamır. Komandadan ayrılan təcrübəli qolkiper futbolla vidalaşır.

Günü bu gün də “Rüştü “Beşiktaş”lıdır, yoxsa “Fənərbaxça”lı?” deyə soruşanlar, müzakirə edənlər olur. Cavabını özü belə verir: “Yarı “Beşiktaş”lı, yarı “Fənərbaxça”lıyam”.

Millidəykən...

O, 110 dəfə Türkiyə milli komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib.

Ən eybəcər futbolçu...

2008-ci ildə Avropa çempionatının “ən eybəcər” 15 futbolçusu müəyyən edilmişdi. İspaniyalı Karlos Puyolun başçılıq etdiyi siyahıda Türkiyə yığmasının qapıçısı Rüştü Reçber də vardı. Bir qrup mütəxəssisin müəyyən etdiyi reytinqdə isveçrəlilər üstünlük təşkil edirdi.

Azərbaycanda akademiya açdı?

2013-cü ildə azərbaycanlı futbolsevərlər bir xəbər eşitdi. “Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Reçber Bakıda qapıçılar hazırlayan akademiya açıb”. Məlumatı Türkiyənin saytlarından biri yayır. Bildirilir ki, bir müddətdir sözügedən idman akademiyası faəliyyətə başlayıb. Rüştü özü də bu akademiyada qapıçılıqla bağlı dərslər keçəcək.

Uğurları...

- Türkiyə çempionu: 1995/1996, 2000/2001 və 2004/2005

- DÇ-2002-nin bürünc mükafatçısı

- Konfederasiyalar kubokunun bürünc mükafatçısı (2003).

- DÇ-2002-dəki iştirakına görə Dövlət Üstün Xidmət Medalı laureatı

- “Fənərbaxça”nın heyətində Superliqada ən çox oyun keçirən qapıçı

- “Fənərbaxça”da ən çox oyun keçirən 5-ci futbolçu.

- Türkiyə millisində ən çox oyun keçirən futbolçu.

- Türkiyə millisində 100-dən artıq oyun keçirmiş 2 futbolçudan biri.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm