• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sığortadan yığılan pullar

  • Digər
  • 7 Aprel 2015 16:59
  • 602 Baxış
Sığortadan yığılan pullar

Cari ilin iki ayında könüllü sığortalar üzrə cəmi 72 792 423,70 manat sığorta haqqı yığılıb. Bu sinif üzrə sığorta ödənişlərinin həcmi 17 297 674,97 manat olub.

Publika.az xəbər verir ki, könüllü sığortanın həyat sığortası üzrə sığorta haqlarının məbləği 14 009 808,24, sığorta ödənişləri 3 754 157,27 manat olub. Qeyri-həyat sığortası üzrə sığorta haqları 58 782 615,46, sığorta ödənişləri 13 543 517,70 manat olub. Ümumilikdə Azərbaycanda toplanmış sığorta haqlarının 71,5%-i könüllü sığorta növlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. Eləcə də ümumi ödənişlərin 72%-ni könüllü sığorta növləri təşkil edib. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 34% artıb.

İcbari sığortalar üzrə cəmi sığorta haqları 28 948 669,90 manat, sığorta ödənişləri 6 719 803,50 manat olub. Həyat sığortası üzrə sığorta haqları 5 594,362,34 manat, sığorta haqları 628 517, 39 manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 23 354 307,56 manat, sığorta ödənişləri 6 091 286,11 manat, manat olub. İcbarı sığorta növlərində yığımlar bazarın 28,5%-ni təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 45,5% böyüyüb. Təhlil oluna dövr ərzində könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 23,8 manat ödəniş həyata keçirilib, halbuki 2014-cü ilin eyni dövründə bu göstərici 18 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə son bir ildə 30,7 manatdan 23,2 manata düşüb.

Ümumilikdə isə sığorta sektorunun ÜDM-dəki payına nəzər saldıqda sahənin elə də inkişaf etmədiyi aydın olur. Ötən ilin statistikasına görə, sığorta yığımlarının ÜDM-də payı 0,8 faiz təşkil edir. Baxmayaraq, 3-4 il əvvəllə müqayisədə nisbət artıb (0,4 faiz idi) amma qonşu ölkələrin nisbətləri ilə müqayisədə aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 15-20 faiz arasında dəyişir.

Ekspertlər deyir ki, əhalinin məlumatsızlığı bu bazarın inkişafına təsir edən başlıca amildir. Sığorta müqaviləsi imzalayan insanlar bir çox hallarda imzaladıqları müqavilənin mətni ilə tanış olmur, müqavilə üzrə hüquq və vəzifələrini aydın şəkildə bilmirlər. Əhalinin məlumatsızlığında təkcə onların bu təşəbbüslərinin az olması deyil, sığorta şirkətlərinin məlumatlandırma kampaniyası aparmaması da böyük rol oynayır. Belə ki, şirkətlər reklam işləri ilə müqayisədə potensial müştərilərini məlumatlandırmaq fəaliyyətinə daha az önəm verirlər. Və buna daha az vəsait xərcləyirlər. Nəticədə Azərbaycanda könüllü şəkildə hər hansı sığorta məhsulundan istifadə edən vətəndaşa nadir halda rast gəlmək olur. Sığorta şirkətlərinin könüllü məhsullar üzrə müştəri bazasını əsasən banklar təmin edir.

Araşdırmalar və təhlillər göstərir ki, Azərbaycanda sığorta bazarı Türkiyə, Rusiya, hətta Qazaxıstan kimi ölkələrlə müqayisədə zəif inkişaf edib. Bu, həm sığorta mükafatlarının həcminə, həm də sığorta məhsullarının sayına görə müşahidə olunur.

Hazırda sığorta bazarında həyat sığortası məhsulları satan sığortaçıların texniki imkanları bu növ sığortaları həyata keçirmək üçün kifayət etmir. Beynəlxalq təcrübədə həyat sığortası müqavilələrinin əsas xüsusiyyətlərindən biri də uzun müddəti əhatə etməsidir. Azərbaycanın sığorta bazarında bağlanan həyat sığorta müqavilələrinə diqqət yetirsək görərik ki, öhdəliklər əsasən qısa müddətlidir. Burada başlıca səbəb, əhalinin hələ də uzun müddəti əhatə edən həyat sığortası məhsullarına etibar etməməsidir.

Azərbaycanda sığorta tarifləri (avtomobil sığortası istisna olmaqla) inkişaf etmiş, hətta qonşu ölkələrlə müqayisədə aşağıdır. Xüsusilə nəzərə alsaq ki, sığorta bazarının formalaşmasında sığorta tariflərinin xüsusi rolu var və sığorta fəaliyyətinin nəticəsi bilavasitə tarif dərəcələrinin nə dərəcədə düzgün və real qurulmasından asılıdı. Həyat sığortası üzrə sığorta haqlarının aşağı olması sığorta şirkətlərinin ziyanla işləməsinə gətirib çıxarıb. Bu səbəbdən sığorta şirkətləri həyat sığortası ilə bağlı iri şirkətlərin müraciətlərini geri çevirir, müqavilələri pozurlar. Bu sektorda geniş yayılan tendensiyalardan biri sığorta hadisəsinin qiymətləndirilməsi nəticəsində sığorta şirkətlərinin özləri tərəfindən sığorta ödənişinin çox aşağı göstərilməsidir. Çünki qanunvericiliyə əsasən sığorta şirkətlərinin bağladıqları bir sığorta müqaviləsinin dəyəri onların nizamnamə kapitalının həcmi ilə əlaqədar məhdudlaşdırılır.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR