• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bataqlıqdakı ölüm səsləri, yoxa çıxan şagirdlər, bu günədək axtarılan dənizçilər – AÇILMAMIŞ SİRLƏR/FOTOLAR

  • Digər
  • 8 Aprel 2015 10:41
  • 1 843 Baxış
Bataqlıqdakı ölüm səsləri, yoxa çıxan şagirdlər, bu günədək axtarılan dənizçilər – AÇILMAMIŞ  SİRLƏR/FOTOLAR

Elmin inkişafı, texnologiyaların tərəqqisi insanların bir sıra təbiət hadisələrinin sirlərini, habelə müəmmalı olayların məğzini açmasına əlverişli şərait yaradır. Qədim dövrlərdə, orta əsrlərdə, habelə müasir dövrdə baş verən bir sıra təbii və antropoloji hadisələrin sirləri indi hər kəsə məlumdur. Lakin elə müəmmalar da var ki, onlar bu günə kimi açılmayıb. Publika.az dünyanın maraqlı, müəmmalı olaylarını, habelə sirri açılmamış hadisələrini təqdim edir.

Bataqlıqda “Ura” qışqırtısı və 70 illik tütün iyi

Rusiyanın Novqorod vilayətinin yaxınlığındakı kiçik yaşayış məskəni indi Ət Boru adlandırılır. Tarixin faciəli hadisələri özü bu ərazinin belə adlandırılmasına səbəb olub. İkinci Dünya müharibəsi illərində - 1942-ci ildə SSRİ ordusunun Volxovsk cəbhəsinin İkinci zərbə ordusunun Lyubyan əməliyyatı zamanı on minlərlə sovet əsgər və zabiti burada faşistlər tərəfindən məhv edilib. Hazırda Rusiyada alman faşistlərinin bir zamanlar məhv etdikləri sovet əsgər və zabitlərinin birlikdə uyuduqları yüzlərlə belə kütləvi qəbiristanlıqlar var. Ancaq Novqorod vilayətinin yaxınlığındakı bu qəbiristanlıq onlardan bəzi cəhətlərinə görə kəskin seçilir. İlk öncə qeyd edək ki, Novqorod vilayətindəki kütləvi qəbiristanlığın yaxınlığında xeyli sayda meşə və bataqlıq var. Sovet əsgər və zabitləri məhz burada tələyə düşərək mühasirəyə alınıblar. Mühasirəyə alınmış sovet əsgərləri fədakarlıqla döyüşsələr də, onların bir qismi qeyri-bərabər vuruşlarda faşistlər tərəfindən məhv edilib, bir qismi bataqlıqda və meşədə, digər qismi isə aclıq nəticəsində dünyalarını dəyişiblər.

İndi həmin ərazidə yaşayan sakinlər artıq uzun müddətdir kütləvi qəbiristanlıqdan gələn qeyri-adi səslər barəsində danışırlar. Sakinlər bildirirlər ki, bu ərazidən tez-tez kişi qışqırtıları (iddiaya görə, 1942-ci ildə öldürülmüş əsgərlərin səsləri), habelə avtomat şaqqıltılarının səsi gəlir. Habelə qəbiristanlığın, meşə və bataqlığın yerləşdiyi ərazidə daim əsgərlərin papiroslarının tütün iyi hakimdir. İlk əvvəllər sakinlərin bir qismi bu barədə danışarkən bir çoxları onların yanıldıqlarını, səhv etdiklərini deyirdi. Lakin indi hamı bataqlıqdan, meşədən və kütləvi qəbiristanlıqdan kişi qışqırtılarının, avtomat səslərinin, hərbçilərin tütün iyinin gəldiyini təsdiq edir. Hərdən bu ərazilərdə qulaqbatırıcı sükut hakim olur.

Əsgərlərin kütləvi həlak olduqları ərazidə qısa müddətdə olanlar belə söyləyirlər ki, burada müharibənin hücum əməliyyatlarında, habelə köhnə filmlərdə eşitdikləri “Ura” ifadəsini tez-tez eşidirlər. Bu ifadəni 1942-ci ildə SSRİ ordusunun Volxovsk cəbhəsinin İkinci zərbə ordusunun Lyubyan əməliyyatı zamanı on minlərlə sovet əsgər və zabiti qışqıraraq hücuma atılmışdılar. Lakin onlar tələyə düşərək mühasirəyə alınmışdılar. Novqorod alimləri bunu hərbi anomaliya ilə əlaqələndirirlər. Mütəxəssislərin uzun müddət apardıqları araşdırmaların nəticəsi belə olub: İkinci Dünya müharibəsi illərində burda döyüşərək həlak olmuş və meyitləri bataqlıqda qalmış, torpaqda dəfn edilməmiş əsgər və zabitlərin güclü enerjiləri, o cümlədən qışqırtı səsləri meşədə və bataqlıqda qalıb. Ərazidəki səslər və qəribə enerji - təzyiq bundan qaynaqlanır.

Mumiyalanmış cəsədləri aşkarlayanlar nə üçün faciəylə üzləşdilər?

Çin inşaatçıları qazıntı işləri apararkən tikinti meydanında mumiyalanmış bir neçə insan cəsədini aşkar ediblər. Tezliklə mumiyanın aşkar edildiyi yerə tarixçilər dəvət olunub. Onlar iki metr dərinlikdə, bir neçə daş örtüyün altında qədim tabutlar aşkarlayıblar. Mumiyanın aşkarlandığı Çzyansu şəhəri Çinin şərqində yerləşir. Tarixçilər hesab edir ki, mumiyalanmış cəsədlər XIV-XV əsrləri əhatə edir. Mumiyalardan biri Min adlı hökmdarın arvadının cəsədidir. Həmin sərdabə çox yaxşı mühafizə edilib və bir qədər dərinlikdə basdırılıb. Mumiyaların yanında paltarlar da aşkar olunub. Qəribədir ki, paltarlar və ayaqqabı bu günə kimi hələ də sıradan çıxmayıb. Mumiyaların isə dərisi, hətta tükləri də bu illər ərzində olduğu kimi qalıb. Mumiyalar üzərində xüsusi araşdırmalar aparılacaq. Bu arada arxeoloqlar tabutun içində adyala bükülmüş başqa bir mumiya da aşkarlayıblar. Tayçjou muzeyinin əməkdaşları hesab edirlər ki, sonrakı tapıntılar hökmdarla birlikdə öldürülən xidmətçilərin cəsədləridir.

Bunlar Çzyansuda aşkarlanmış dördüncü qədim mumiyalardır. Çin arxeoloqları bu günə qədər bir suala doğru-dürüst cavab tapa bilməyiblər: nə üçün qədim dövrdə hökmdarla yanaşı onun qulluqçularını da mumiyalayırdılar? Bütün bunlar bir yana, qəribədir ki, mumiyalanmış cəsədlərin olduğu tabutların yerini təsadüfən aşkarlamış fəhlələrdən üçü də bədbəxt hadisələrlə üzləşiblər.

Yeri gəlmişkən, Çin tarixçiləri 1970-ci ildə də Çin hakimiyyətində təmsil olunmuş qadınların mumiyaları olan tabutları aşkarlamışdılar. Həmin cəsədlər 2000 il əvvəl mumiyalanmışdı.

SSRİ-ni şoka salan müəmmalı Şaxta Baba olayı

Qatil Şaxta Baba – bu şok cinayət hadisəsi Yeni il şənliklərindən birində baş vermişdi. SSRİ dövründə belə sirli cinayət hadisəsi hələ yaşanmamışdı. Belə ki, dekabrın sonlarında Rusiyanın şimalındakı şəhərlərdən birində yaşayan ailələr qarşıdan gələn Yeni il şənliyi münasibətilə övladlarının təhsil aldığı məktəbdə keçiriləcək bayram mərasimi üçün Şaxta Baba sifariş edirlər. Dekabrın 31-i günü bayram şənliklərinə start verilir. Şaxta Baba mərasimə təşrif buyurur. Bayram şənlikləri orta məktəbin akt zalında düzənlənmişdi. Valideynlər övladlarının bayram sevincini izləyirdilər. Mərasimin müsabiqə bölməsi başlayır. Şaxta Baba valideynlərdən akt zalını tərk etməyi xahiş edir. Bildirir ki, uşaqların kostyumlarını dəyişəcək. Valideynlər bundan sonra öz övladlarını axtarıb tapmalıdırlar. Şagirdlərin ata-anaları Şaxta Babanın xahişindən sonra akt zalını tərk etməli olurlar. Zalın qapısı içəridən bağlanır.

Valideynlər 20 dəqiqə ərzində dəhlizdə gözləməyə məcbur olurlar. Bir neçə dəqiqədən sonra zala daxil olan valideynlər içəridə heç kimi tapa bilmirlər. Valideynlər bunun müsabiqənin hazırlıq işlərinin başa çatmaması kimi qəbul edib, daha 10 dəqiqə gözləməli olurlar. Yarım saatdan sonra övladlarını tapa bilməyən ata-anaların qışqırtısı bütün məktəbə yayılır. Tezliklə məktəbin direktoru əsl Şaxta Baba ilə telefon əlaqəsi yaradaraq hər şeyə aydınlıq gətirir. Məlum olur ki, şənlikdəki saxta Şaxta Baba olub. Həqiqi aktyor isə yollardakı problemlər üzündən gələ bilməyib. Dərhal saxta Şaxta Baba və yoxa çıxmış şagirdlərlə bağlı axtarışlara başlanılır. Lakin uşaqların paltarlarından başqa heç nə tapılmır. Bu olay hadisə barədə eşidən hər kəsi şoka salır.

Yoxa çıxan dənizçilər, 118 ekipaj üzvündən cəmi 27 nəfər

Eldricin müəmmalı gəmisi. 1943-cü ilin 28 oktyabrında Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinə məxsus, içində 118 nəfər olan gəmi müəmmalı şəkildə yoxa çıxır. Lakin qısa müddət sonra onu həmin ərazidən on kilometrlərlə uzaq məsafədə aşkarlayırlar. Bir çoxları bunu güclü elektromaqnit dalğası ilə əsaslandırırlar. Üstəlik, dənizçilərin olduğu gəmini yaşıl duman əhatə edib. Lakin maraqlıdır ki, 118 ekipaj üzündən yalnız 27-i geri qayıda bilib. Gəmi heyətinin 13 nəfəri elektrik qısaqapanmasından dünyasını dəyişib. Heyət üzvlərinin qalanlarının aqibəti isə bu günə kimi məlum deyil.

65 gün çiy balıq yeyən Alen Bombar

2005-ci ildə 81 yaşında dünyasını dəyişmiş Alen Bombar 50 il bundan əvvəl həm öz iradəsi ilə bir sıra iddialara üstün gəldi, həm də yeni müəmmalara yol açdı. O qədər də böyük olmayan rezin qayıqla Atlantik okeanında gəzintiyə çıxan Alen Bombar uzun müddətli səfər zamanı sağ-salamat qalmaqla hamını təəccübləndirdi. Dəniz gəzintisi müddətində özü ilə heç nə götürməyən azuqəsiz Bombarın acından ölməməsi müəmmalı idi. O, geri qayıtdıqda iddia etdi ki, dəniz suyunu içməklə və okeanda əlinə keçdiklərini yeməklə sağ qalıb. Alen bununla sübut etmək istəyirdi ki, gəmiləri batan, qayıqla okeana atılan bütün dənizçilər geriyə sağ-salamat qayıda bilərlər. O, bunu sübut etdi. Riskli dəniz səyahətinə çıxan Alen özü ilə qeyd dəftərçəsi də götürmüşdü. O, xatirə dəftərçəsində bunları qeyd etmişdi: “Çiy balıq yemək insanın səhhətinə təsir göstərir və orqanizmdə infeksiyaların yaranmasına səbəb olur”.

Səyahətçi kiçik “gəmi”sinin bortuna antibiotiklər də yerləşdirir ki, dərmanlar ona lazım ola bilər O, səyahət zamanı əmin olur ki, dəniz səyahəti zamanı 6 gündən gec olmayaraq az miqdarda dəniz suyu içmək lazımdır. Bundan sonra isə balıq ovlayıb, dəniz heyvanının əti və suyu ilə qidalanmaq olar. Sutka ərzində balığın suyunu içib, sonra bunu okean suyu ilə əvəzləmək olar. Susuzluğun qarşısını almaq üçün nəm dəsmalı üzə sürtmək olar. Dəniz səyahətçisi gün ərzində bir qaşıq vitamin C-dən də istifadə edib. O, belə riskli gəzinti zamanı üst paltarını çıxarmağı məsləhət görmür, hətta onlar sıradan çıxsalar belə. Alen Bombar hesab edir ki, cırılmış paltar da bədənin temperaturunu sabit saxlamağa kömək edir. Lakin təhlükəli və riskli dəniz səyahətinə çıxmaq Alen Bombarın psixikasına təsirini göstərmişdi. Səyahətçini əvvəlki psixi vəziyyətinə qaytarmaq üçün bir qədər zaman lazım gəldi. O ki qaldı Bombarın öz dilini unutmamasına, səyahətçi dəniz gəzintisi boyu kukla ilə söhbət edib. Həmin kuklanı ona dostları bağışlayıb. Bombar bununla 6 gündən çox susuz qalmağın mümkün olmaması barədə iddiaları heçə endirir.

Bombar 65 gün sonra sağ-salamat Barbados adasına qayıdır. Qalib gəlmiş Alen “Qələbəyə nail olmaq üçün ona inanmaq lazımdır” deyə onu səyahətin başlanğıcında atıb getmiş dostu Cekə yazır. “İnsan hər şeydən çox təhlükədən qorxur” - deyən Bombar bildirir ki, əgər “Titanik”dəkilər onun bu üsullarından istifadə etsəydilər, sağ-salamat qalardılar. Alen Bombarın 65 gün ac-susus qalması bir çoxları tərəfindən şübhəylə qarşılandı. Onlar iddia etdilər ki, səyahətçi gizli şəkildə özü ilə kifayət qədər azuqə götürüb. Lakin onun kiçik “gəmi”sində doğrudan da heç nə yox idi. Bu məntiqlə onun okean balıqlarını tutub yeməsi haqqında söylədikləri həqiqətə yaxın variantdır. Amma maraqlıdır, Alen nə üçün ağır infeksion xəstəliyə yoluxmamışdı?

Anar Tağıyev

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR