Soyuq adamların havası
Bizi izləyin

Digər

Soyuq adamların havası

Kənan Hacı Soyuq adamların havası

Bir azdan yer qışın ayağı altından qaçacaq. Külək də, şaxta da hayına çatmayacaq. Hələ ki, saqqal ələ vermək istəmir, hələ ki, meydan onundu. Bulud-bulud karvanlarıyla göyü tutub qalıb. Hələ ki, qışın soyuq silahları kəsərdən düşməyib. Bulaqlar səsini qısıb, vaxtını-vədəsini gözləyir.

Arada hava elə isinir ki, düşünürsən qış yazla görüşmək, yerini ona verib getmək istəyir. Özünü ən yaşlı məhbus kimi aparır; yorğun, hövsələsiz, narahat… Qış fəsillər içində ən yaşlı məhbusdu. Qarda, yağışda dizə çıxan palçıq, lil onun üzə vuran kədəridi. Qış səxavət kisəsini açanda düzü-dünyanı bolluca qara bürüyür. Qoca, xəstə və kasıb adamlar qışı heç sevməzlər. Onlar üçün qışın bir rəngi var – qara. Böyük Şəhriyar yazırdı ki, “yenə qara qışın qeydi alıb canımı”.

Ayın əvvəli şəhərə bolluca qar yağdı. Evimizin yaxınlığındakı balaca park qarın altında qaldı. Evdə darıxdığımdan həyətə düşdüm və gördüm ki, parka qulluq edən qoca bel götürüb parkın yolunu təmizləyir, qarı kürüyür. Yanaqları soyuqdan allanmış yaşlı bir kişi isə əlindən tutduğu balaca oğlan uşağıyla birgə (yəqin ki, nəvəsiydi, ona qarın sevincini yaşatmaq istəyirdi) asta-asta parka doğru gəlirdilər. Qocayla salamlaşdım, başını qaldırmadan salamımı aldı və bellə skamyanın üstündəki qarı kürüməyə başladı. Baba və nəvə yaxınlaşdılar.

-Ay kişi, qarın gözəlliyini niyə pozursan? Bu qar onsuz da əriyib gedəcək, qoy təzə-tər qalsın da, - deyə baba qar təmizləyən qocanı məzəmmət elədi.

Qoca “skamyanı təmizlədim ki, bəlkə oturmaq istədiniz” dedi. Baba başını bulayıb heyfsiləndi. “Mən elə bu qarın üstündə oturacaqdım” dedi.

Geyimindən elə də varlı adama oxşamırdı, amma qarın gözəlliyini yaşamaq, nəvəsinə də bu sevinci bəxş etmək istəyirdi. Bu xırda əhvalatı heç unuda bilmirəm. Qışdan giley-güzar edənlər elə yayın qora bişirən qızmarında da istidən dad edib yaxa yırtırlar. Çeynənməkdən dadı qaçmış bir ifadə var – təbiət bütün fəsillərdə gözəldir. Biz təbiətdən o qədər uzaq düşmüşük ki, qar, şaxta, çovğun bizə fəlakət kimi görünür. Bir dəfə yazmışdım, təbiət öz sözünü yağışıyla, qarıyla, daşqınlarıyla deyir. O sözdən qorxmaq yox, o sözü anlamaq və sevmək lazımdı. Diqqətlə qulaq as, gör külək nə deyir, qaralan bulud da sözlü adam kimidi; sinəsi doludu. O da sözünü yağış şəklində deyir.

Öz içinin havası olmayanlar həmişə havalardan gileyli olurlar. “Dəhşət soyuqdu”, “yaman istidi”, “bu külək də zəhləmizi tökdü” və sair bu tipli sözlərlə çox vaxt ətrafdakı adamların zəhləsini tökürlər. Onlar öz içlərindəki havasızlıqdan boğulurlar, darıxırlar, bəlkə də bu havasızlığın heç fərqində deyillər. Eləcə bu dünyanın havasıyla yaşayırlar… Hava proqnozu onların ovqatını tez təlx edir. Onlar bu dünyanın havasını ovuclayanda əlləri boşa çıxdığı kimi insanların da havasını tuta bilmirlər. Ona görə həmişə darıxırlar… Onlar heç vaxt anlaya bilməz ki, insanın da içində külək əsə bilər, dolmuş bulud ola bilər, insanın içində də Günəş doğar, ay batar…

İndi adamlar havalar kimi soyuqdu…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm