• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müxtəlif qadınlardan 13 uşaq sahibi olan “axmaq” dahi - Qaynanasını necə öldürdü? - VİDEO

  • Digər
  • 22 Fevral 2014 13:52
  • 4 107 Baxış
Müxtəlif qadınlardan 13 uşaq sahibi olan “axmaq” dahi - Qaynanasını necə öldürdü? - VİDEO

Futbol deyəndə yada Braziliya düşür. Braziliya deyəndə şübhəsiz, hamının ağlına gələn ilk şəxs Pele olur. Amma bu ölkədə dünya futbol tarixinə adlarını qızıl hərflərlə yazdıran çox futbolçu olub. Vava, Tostao, Torres, Ziko, Qarrinça - maraqlı həyat tərzi olan futbolçulardır. Ancaq onların arasında biri var ki, oynadığı futbolla, istedadı ilə Peleni də üstələyib. Bir ayağı o birindən 6 sm qısa olan Qarrinçanı deyirik. İnanmırsız?

Qarrinça futbolun əfsanə adlarından bəlkə də birincisidir. Onu Brazilya xalqı çox sevir. Peledən də çox. Qarrinça əyri qıçları, qadınlara və spirtə olan düşkünlüyü, mübahisə mövzusu olan zəkası və möhtəşəm futbolu ilə diqqət çəkib.

Braziliyada xalqın böyük bir qismi “Pele, yoxsa Maradona” - sualına “Qarrinça” deyə cavab verir. Bu da onun nə qədər önəmli futbolçu olduğunu göstərir.

Publika.Az “II taym” layihəsi çərçivəsində bu dəfə hər zaman rəqiblərindən bir addım öndə olan əfsanə futbolçu Qarrinça haqqında məlumat verəcək.

Zəngin və təmin edilmiş həyat yalnız tək-tək oyunçulara qismət olur. Yüksək qazanc və şöhrət əldə etmək ümidi ilə yaşayan idmançılardan ibarət böyük bir kütlə ehtiyac içərisində ömür sürür, öz sağlamlığını itirir, arzularına çatmadan sıradan çıxırlar. Məşhur braziliyalı futbolçu, ikiqat dünya çempionu Manoel Frantisko do Santos (Qarrinça) da məhz belə idmançılardan olub.

O karyerası ərzində Braziliyada 5 liqa çempionluğu yaşayıb. Milli komanda ilə iki dəfə dünya çempionluğunu (1958-1962) qazanıb. 7 nömrəli forma ilə 12 il futbol oynayıb.

Oynadığı komandalar: “Botafoqo”, “Korintias”, “Portuguesa”, “Santista”, “Junior”, “Flamenqo”, “Olaria”.

Kasıb ailənin xəstə uşağı

1933-cü ildə oktyabrın 28-də Rio de Janeyro yaxınlığındakı Pau Grande şəhərində anadan olub. Əsil adı Manuel Francisko dos Santosdur. Qarrinça anadan olduğu zaman çox zəif idi, həmçinin qıçlarında anatomik pozuqlar olub. Sol ayağı içəri, sağ ayağı isə çölə doğru əyri idi. Həmçinin sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi. O, kasıb bir ailədə göz açıb. Bu üzdən ailəsinin kiçik Qarrinçanı müalicə etdirmək imkanı yox idi.

14 yaşındaykən doğulduğu şəhərdə tekstil fabrikində işə başlayıb. Bununla yanaşı, o dövrdə futbol qabiliyyətini də sərgiləyirdi.

Gec başlayan karyera

Qarrinça bir çox klubda baxışdan keçib. Amma buna baxmayaraq uzun müddət peşəkar futbola addım ata bilməyib. İlk peşəkar müqaviləsini Gentil Kardosonun tövsiyəsiylə “Botafoqo” ilə bağlayıb. 19 iyul 1953-cü ildə “Botafoqo” formasıyla çıxdığı ilk matçda 3 qol vura bilib. 1966-ci ilə qədər klubun forması ilə 581 matçda 232 qol vurub.

1966-cı ildə isə karyerasında eniş yaşayır. Buna görə klub tərəfindən “Korintians”a satılır. O, karyerası ərzində 6 müxtəlif klubda forma geyinib. Brazilya milli komandasında isə 1955-1966-cı illərdə çıxış edib. Millinin tərkibində 50 oyun keçirib və 12 qol vurub. Qarrinça Braziliya yığmasının heyətində 2 dəfə dünya çempionluğunun sevincini yaşayıb.

Tez-tez klub dəyişdirən Qarrinça 1972-ci ildə Rio-de-Janeyronun kiçik komandası olan “Olaria”da karyerasına nöqtə qoyub.

Onu da qeyd edək ki, qıçlarındakı əyriliyi onun üçün bir üstünlük olub. Qıçlarının forması rəqib müdafiəçiləri çaşdırırdı. Onun hansı tərəfə dönəcəyini təxmin belə edə bilmirdilər.

Şəxsi həyatı - müxtəlif qadınlardan 13 uşağın atası Qarrinça

İlk evliliyini 18 yaşında olarkən Nair adlı qadınla yaşayıb. Nair ilə evlililiyindən Qarrinçanın 8 uşağı dünyaya gəlib. Amma Qarrinçanın uşaq sahibi olduğu tək qadın Nair deyildi. Riodakı sevgilisindən 2, Dünya Kuboku üçün getdiyi İsveçdə tanış olduğu sevgilisindən də 1 uşağı var. Onun sonuncu sevgilisi isə Braziliyanın məşhur sambacılarından Elza Soaresdir. Övladlarından 10-u qız 3-ü oğlandır.

Çı­xış et­di­yi klub rəhbərləri ona mü­qa­vi­lə­nin yazılmamış blan­kı­nı im­za­la­mağı tək­lif edir, bun­dan sonra mi­ni­mal məb­ləğ­lər yazaraq tez-tez al­da­dır­dı­lar. Çıxış etdiyi komandalarda ən aşağı məvacibi o, alırdı. Lakin həmin dövrdə bu məsələdə aldadıldığının fərqinə varır və “Botafoqo”lu klub idarəçilərindən pul tələb edir. Ola bilsin ki, qadınlara həddindən artıq pul xərclədiyi və məvacibinin buna çatmadığı üçün klub rəhbərliyinə qarşı çıxıb. Qarrinçanın sevgilisi Elza Soares “ev yıxan, pul yeyən qadın” kimi xarakterizə edilir.

İntihara təşəbbüs edir, depressiyaya düşür

1963-cü ildə Qarrinçanın dizində şiddətli ağrılar başlayır. Bununla da o, karyerasının sonuna yaxınlaşır. 1966-cı ildə avtomobillə qəza törədir. Bununla da sevgilisi Elzanın anası həyatını itirir. Qarriççanın özü bu hadisənin təsiriylə intihara təşəbbüs edir. Özünü qazla zəhərləməyə cəhd edir. İntihar cəhdindən sonra sağ qalsa da, əsla depressiyadan xilas ola bilmir. Həmçinin, futboldan da qopmağa başlayır. Bu vəziyyət onu alkoqollu içkilərə yönəldir. Elza ona kömək etmək istəyirdi. Romaya köçürlər, amma qısa müddət sonra Braziliyaya geri qayıdırlar. Braziliyaya qayıtdıqdan sonra Elza uşaq dünyaya gətirir, işləri daha da pisləşir. Sonunda Elza Qarrinçanı tərk etdi.

Ölüm səbəbi serroz

Qarrinça 19 yanvar 1983-ci ildə spirtli içkinin yaratdığı xəstəlik ucbatından komaya düşür. Xəstəxanaya qaldırılır, amma komadan çıxa bilmir, 1983-cü ildə, yanvarın 20-də saat 06:00 radələrində Rio-de-Janeyroda dünyasını dəyişir. Ölüm səbəbi serroz olaraq qeyd edilir.

Qəbri öz vəsiyyətinə uyğun olaraq Pau Grandedədir. Məzar daşında bu sətirlər yazılıb:

O çox şirin bir uşaq idi
Quşlarla danışardı.

Ləqəbləri - Kiçik quş, axmaq

Yaşıdlarına görə kiçik olduğu üçün bacısı ona Qarrinça (hasar quşu ya da kiçik quş) ləqəbini qoyub. Özü heç vaxt bu adı sevməyib. Amma o, elə bu adla məşhurlaşıb.

Bəlkə də ona qoyulmuş ləqəbi bəyənmədiyi üçün ən böyük xobbisi kiçik quşları ovlamaq idi.

Qarrinçaya yoldaşları da bir ləqəb qoşmuşdu - “Mane”. Bu öz adının - Manoelin qısaldılmış forması olsa da, Braziliya dilində “çox ağıllı olmayan”, “axmaq” mənasını verir.

Məlumat üçün bildirək ki, Qarrinça həqiqətən də çox ağıllı biri sayılmayıb. Hətta 1958-ci ildə keçirilən Dünya çempionatı öncəsi federasiya rəsmiləri Braziliya millisinin üzvlərini psixoloji testdən keçiriblər və Qarrinçanın zəkasının normal insan zəkasından aşağı olduğu ortaya çıxıb.

Test nəticələrinə görə, Qarrinça avtobus şoferi ola bilməzmiş.

Bərbad sürücü

Qarrinçanın avtomobillərə böyük həvəsi var idi. Ancaq o bərbad bir şofer idi. Dəfələrlə maşını ilə qəza törədib. Bir dəfə sürdüyü maşınla yolda dayanan atasını vurur. Bir dəfə də arvadının dişlərinin qırılmasına səbəb olur. Ən dəhşətli qəzası ilə TIR-la toqquşması olur. Çünki məhz həmin qəzada qaynanası ölür.

Qarrinça və Pele:

Qarrinça ilə Pele ilk matçlarını 1958-ci ildə Dünya Çempionatında keçiriblər. Birlikdə oynadıqları heç bir matçda məğlub olmayıblar. Bu da onların əfsanəyə dönməsinə səbəb olub. Buna baxmayaraq, onların arası heç vaxt yaxşı olmayıb. Əslində iki futbolçu da öz oyun tərzləri ilə zirvədə idi. Pele qısqanc, planlı, intizamlı bir futbolçu idi. Qarrinça isə futbolun sevincli üzünün rəmzi idi. Qarrinça qadın və içki düşkünü idi.

Qarrinça dünya futbolunun zirvəsində olarkən də həyatının böyük hissəsini yoxsulluq içərisində keçirib.

Lakin Pele öz dövrünün ən çox pul qazanan futbolçusu olub. Bununla yanaşı, həm də qazancını başqa sahələrə sərmayə qoyaraq artırıb.

Qarrinçada isə bu alınmırdı. Məsələn, dün­ya çem­pio­na­tın­da qazandı­ğı mü­ka­fa­tın 1/3 his­sə­si­ni Pau Qran­de­də fab­rik­lər­dən birinə qoy­du, la­kin in­ves­ti­si­ya özü­nü o qə­dər də doğ­rult­ma­dı. Qalan his­sə­ni isə dö­şə­yi­nin al­tın­da giz­lət­di, ona gö­rə ki, bank­la­ra inan­mır­dı. Bir müd­dət­dən son­ra bü­tün pul­la­r is­la­na­raq çü­rü­yür.

Ancaq Qarrinça meydanda həmişə Peledən bir addım öndə olub. Deyilənlərə görə, bu üzdən Pelenin ona qarşı qısqanclıq hissi olub.

Dünya mətbuatının yazdıqlarına görə, Qarrinça meydanda necə olubsa, həyatda da eyni idi. Öz bildiyini edən, özündən arxayın, inadcıl və düşünməyə çox vaxt ayırmayan birisi. Pele ilə meydanda müdhiş bir cütlük obrazı yaratsalar da, kənarda heç də anlaşa bilməyiblər.

Hətta 50 yaşında həyata gözlərini yuman Qarinçanin məzarı başında minlərlə insan toplaşsa da, Pelə həmin adamlar arasında olmayıb.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR