“Məni qucağına alıb yataq otağına apardı” - Mövlud Mövludun layihəsi
Bizi izləyin

Digər

“Məni qucağına alıb yataq otağına apardı” - Mövlud Mövludun layihəsi

Biz təsadüfən tanış olmuşuq, hava limanında. Çantam ağır idi, mənə kömək etmək istədi, izn verdim. Sonra təsadüfən şəhərdə rastlaşdıq, alış-veriş mərkəzində. Bir-birimizə baxıb gülümsündük. Yaxınlaşıb:

- Merheba, - dedi. Hal-əhval tutdu.

Ancaq bu boyda şəhərdə daha sonralar da dəfələrlə rastlaşacağımızı, hətta günlərin bir günü sevgili, daha sonra ailə olacağımızı ağlıma gətirməzdim. Onun ailəsi qətiyyətlə bizim münasibətlərimizə qarşı çıxdı. Onların buna səbəbi vardı. Mən dul qadın idim. Ərindən ayrılmış, hətta bir oğul anası. O isə subay oğlan. Vətənimdə, elimdə başıma gələnlər olmasaydı, mənim bu yad ölkədə bu qədər tənəni, minnəti götürməyimə nə lüzum vardı...

Boşanandan sonra atamgildə, ailəmlə yaşadım. İşimə bərpa olundum. Oğlumu anam saxlayırdı. Əvvəl-əvvəl oğlumun atası məni çox narahat edirdi. Yoluma çıxır, hədə-qorxu gəlirdi. Oğlunu əlində vasitə edib, özünə lazım gələndə ondan istifadə edirdi. Bütün bunlar mənim canımı boğazıma yığmışdı. Bir yandan bu olanlar, bir yandan təklik, tənhalıq...

İki il beləcə dava-dalaşla, narahatlıqla keçdi. Günlərin bir günü hər gün qarşısından keçib işə getdiyim şirkətin məsul bir işçisi mənə elçi düşdü. Ancaq əmmaları vardı: ailəsi vardı. İki uşaq atası idi. Özü də dindar idi, mömin. İkinci arvadı alacağına ixtiyar sahibi bilirdi özünü. Adamları bizə göndərdi. Atamla danışıb razı saldılar. Atam da:

- Dul qadınsan, oğlun da var. Bax, mən səni düzə atmıram, qızım. Oğlunu da özüm saxlayıb-böyüdəcəm, ancaq sən necə olacaqsan, kiminlə yaşayacaqsan? Biz bu gün varıq, sabah yox. Adam səni ayrıca evdə saxlayacaq, kəbinin də olacaq. Özünə və imkanına arxayındır, arxayın olmasaydı, ikinci ailəni saxlamağa qərar verməzdi. Özü də işi-gücü olan adamdı, boş-bekar, avara olsaydı, səni ona qıyardımmı heç?! – dedi. Çox götür-qoy edəndən sonra qərar verdim: evlənəcəkdim bu adamla.

Ərimi sevib evlənmişdim. Daha doğrusu, bir-birimizi sevmişdik. Tələbə yoldaşlarım bizə həsəd aparırdılar. Hər yerə birlikdə gedərdik. Mənim ali təhsilimi başa vurmağı gözləyirdik. Universiteti bitirən kimi evlənməyə qərar verdik.

Evləndik, oğlumuz doğuldu. Hər şey də bundan sonra başladı. Əvvəlcə, anlaya bilmirdim onun davranışlarını, elə bilirdim adi qısqanclıqdır. Cavandır, təzəyik, diqqətimin, sevgimin bölünməsini həzm edə bilmir yəqin. Zaman keçdikcə gördüm ki, yox, bu, adi hal deyil. Getdikcə vəziyyət dözülməz oldu, o qədər dözülməz ki, öz ata-anasına, mənim ata-anama da qısqanmağa başladı. Otağımdan çıxmağa qoymur, hətta oğluma belə yaxın getməyə qoymurdu. Əgər oğlumu qucağımda görsə, xüsusən də, döşümə salıb əmizdirəndə, uşağı əlimdən alıb özümü də təpiyin altına salıb döyürdü. Daha dözə bilmirdim.

Bir gün atam bizə gəldi. Elə-belə, baş çəkməyə. Ancaq bu, mənim evimdəki son günüm oldu. Gözlərimin altındakı qaranı görəndə bir gün də bu evdə qalmayacağıma qərar verdi. Mənim cəsarət edib verə bilmədiyim qərarı atam verdi və bu, mənim də ürəyimcə oldu. Pal-paltarımı, əşyalarımı yığıb uşağımı da götürüb atamla evdən çıxdım.

Bütün həngamələr bundan sonra başladı. Hər gün gəlib qapımızı döyər, səs-küy salıb qonşuları başımıza yığardı. Nəhayət, məhkəmənin qərarı ilə biz boşandıq, daha ər-arvad deyildik. Ancaq bu olanlar mənim psixoloji durumuma ciddi təsir etmişdi. Əsəblərim tamam pozulmuşdu, özümü olduqca pis hiss edirdim. Heç kəslə normal ünsiyyət qura bilmirdim, adamlarla münasibətim getdikcə korlanırdı. Bunu görən atam məni işimə qaytardı. Şirkətlərdən birində tərcüməçi işləyirdim, bütün günü başım işə qarışır, evə elə yorğun gəlirdim ki, ağzımı açıb danışmağa halım olmurdu.

Hər şeyi gözəl başa düşürdüm, bilirdim, bu da mənim taleyimdir, hərəninki bir cür gətirir. Ancaq həyat davam edir, oğlum var, onun üçün yaşamalıyam filan. Bütün bunlara rəğmən, öz şəxsi həyatımı arxa plana keçirmək fikrim yox idi, mən həyata bir dəfə gəlmişəm, bircə dəfə. Və bu həyatı onun istədiyi kimi yox, öz istədiyim kimi yaşayacaqdım. Buna haqqım vardı, xoşbəxt olmaq istəyirdim, xoşbəxt olmalıydım. Gənc idim, gözəl idim, tənhalıq mənə görə deyildi. Heç vaxt anlamadım bütün həyatını özünə qapılıb tənha yaşayan qadınları. Bu fədakarlıq mənə görə deyildi. Övlad da böyüyüb özünə yuva quracaq əlbət, bəs mən, mən necə olacaqdım?!

Bütün bunlar da mənim ailə qurmağıma, daha doğrusu, ikinci arvad olmağı qəbul etməyimə təkan oldu. Təklifi qəbul etdim.

Bir müddət biz nişanlı sayılırdıq deyə, hər gün işdən çıxanda evə ötürmək, istirahət günlərində gəzintiyə çıxmaq, arada birlikdə nahar etməklə bir-birimizi tanımağa cəhd etdik. Bu adam olduqca mədəni, intellektli, hər şeyin yerini bilən biri idi. Bu da məni çox xoşbəxt edirdi. Qəlbim rahatlıqla dolu idi. Özümü rahat hiss edirdim. Nəhayət, ürəyimcə, daha doğrusu, qismən də olsa, ürəyimcə bir ailəm olacaqdı...

Mənimlə yaşamaq üçün əvvəlcə ev kirayələdi. Tam təmirli, hər bir əşyası ilə təmin olunmuş rahat və geniş bir mənzil. Bu mənzili kirayələdikdən sonra orda görüşməyə qərar verdik, belə həm mənim, həm də onun üçün rahat idi. Nə qədər olmasa, mən dul, o da ailəli biri idi axı. Mən bu adama çox bağlanmışdım, belə getsə, sevəcəyim çox mümkün görünürdü.

Bir gün biz yenə birlikdə həmin evə getdik. Nahar etdikdən sonra gələcəklə bağlı planlarımızı xeyli müzakirə etdik. Bir-birimizə yaxınlaşdıqca hisslərimizi idarə edə bilmirdik. Ya bilərəkdən, ya da təsadüfən bir-birimizə toxunanda hər ikimiz od tutub yanırdıq sanki. Əllərimdən tutub özünə sarı çəkdi. Başımı çiyninə qoydum. Ürəyim sinəmdən çıxırdı. Tir-tir əsirdim. Qəfil məni qucağına alıb yataq otağına apardı...

***

Ağlaya-ağlaya paltarlarımı geyindim. Bütün ümidlərim, qadın kimi istəklərim daşa çırpılmışdı. Nə edəcəyimi bilmirdim. İçimdə “niyə, niyə???” – deyə bir hayqırtı vardı. Bağırmaq, var gücümlə bağırmaq istəyirdim. O, hamamdan qayıdınca mən hazırlaşıb evdən çıxdım. Heç nə alınmayacaq, heç nə olmayacaqdı, necə ki olmadı...

***

İki gün sonra həyat yoldaşı zəng edib mənə dişinin dibindən çıxanı dedi:

- Mən ona halallıq verməmişəm, nəinki icazə. O, mənim ərim deyil, sadəcə, uşaqlarımın atasıdır. Ancaq onlara atalıq edir, mənə ərlik etmir, edə bilmir, bacarmır. İllər əvvəl maşın qəzasına düşmüşdü, il yarım yataq xəstəsi oldu, mən onun altına qab gətirirdim, qulluğunda dururdum. Uşaqlarımın atası, ərimdir deyə. Ayağa qalxandan sonra bildik ki, daha mənə ərlik edə bilməz. Özü hələ də bunu qəbul edə bilmir, elə bilir başqa qadınla yatsa, nəsə alınacaq. İmanı, əqidəsi oğraşlıq eləməyə yol vermir, gündə bir fahişə ilə yatmaq onun işi deyil deyə, səninlə kəbinlə evlənmək istəyir, elə bilir sağalacaq. Ancaq boşuna ümid etmə, həkimlər sözünü deyib, o sağalmayacaq. Səninlə də alınmayacaq, heç sınamağa da qalxma....

***

Bu, son oldu. Daha qarşımı heç kəs ala bilməzdi. İşdən ayrıldım. Oğlumu ata-anama tapşırıb baş götürüb getdim İstanbula. İş tapdım, ev tutdum. Mətinlə rastlaşdım, o, məni sevdi. Bütün yaşadıqlarımı unutdurdu mənə. Hisslərimizə əmin olduqdan sonra ailəsinin təpkisinə baxmadı, mən də öz ailəmə qərarımı açıqladım. Atam son sözü özümə buraxdı. Çünki sonuncu dəfə onun qərarına razılıq verib növbəti sarsıntını yaşamışdım.

Mətinlə evləndik. İndi Mətinin xudmani, rahat evində rahat həyat yaşayıram. Oğlum da hər yay bizimlə olur. İkinci uşağımı - Mətinlə mənim uşağımı dünyaya gətirməyə hazırlaşıram...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm