Milyardların fikir platforması – TED layihəsi Bakıda
Bizi izləyin

Digər

Milyardların fikir platforması – TED layihəsi Bakıda

Azercell ağlı və biliyi hesabına uğur əldə etmiş şəxslərin özünü tanıtmasına şərait yaratdı

Alternativi olmayan layihə. Dünya miqyasında milyardlarla izləyicisi olan bir hərəkat. Və bu layihə artıq 5 ildir Azərbaycanda da mövcuddur. Azercell Telekom-un dəstəyilə Bakıda təqdim olunan TEDx konfransları haqqında layihənin Azərbaycan üzrə kuratoru Orxan Qasımovla söhbət etmişik.

Azercell-in strateji partnyorluq və müştəri kanalları departamentində mütəxəssis olan Orxan Qasımov əvvəlcə TED layihəsinin fəlsəfəsi və mahiyyəti haqqında məlumat verdi:

- TED (Technology, Entertainment and Design) hazırda dünyada mövcud olan ən iri fikir platformalarından biridir. Layihə 1984-cü ildə ABŞ-da yaradılıb. TED hər hansı bir insanın konkret mövzuya aid maraqlı düşüncələrini bölüşməyə şərait yaradır.

İndiyə kimi TED konfranslarında bir çox texnoloji yeniliklər təqdim olunub. Məsələn, “Macintosh” kompüteri, süni intellekt, SONY istehsalı olan kompakt-disklər ilk dəfə məhz TED səhnəsində təqdim olunub. Bu günə qədər TED konfranslarında bir çox məşhurlar çıxış edib. Onlar sırasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatçısı Ceyms Uotson, Microsoft rəhbəri Bill Gates, Google şirkətindən Erik Şmidt və digərlərinin adlarını çəkmək olar.

TED qaydalarına görə, spikerlər öz fikir və ideyalarını, demək istədiklərini 15 dəqiqə ərzində auditoriyaya çatdırmalıdır. Çıxışlar arasında məşhur isimlər də ola bilər, sıradan adi insanlar da.

- Bəs bu konfranslarda dinləyici kimlər olur? Onların vaxtlarını və pullarını bu tədbirlərə sərf etməkdə maraqları nədir?

- Düzdür, TED konfranslarına maraq çox böyükdür. Təsəvvür edin, Dünyada keçirilən TED yığıncaqlarına biletin qiyməti 8-9 min avroya qədər olur. Hər dəfə də anşlaq olur, minlərlə insan başqalarını dinləməyə gəlir. Özü də pulun olması əsas şərt deyil, tədbirlərə bilet tapmaq da çətindir. Hətta, bilet üçün bir neçə ay öncədən növbəyə yazılanlar da olur.

Hazırda bütün dünyada TED-in milyarddan çox izləyici kütləsi var. Bu layihənin xüsusi şəbəkəsi, könüllüləri var. Onlar ayrı ölkələrdə keçirilən konfranslardakı çıxışları tərcümə edib subtitrlərlə www.ted.com saytına yerləşdirirlər. Bu proyektin artıq fəlsəfi hərəkata çevrildiyini demək olar. Hətta, bəzi ölkələrdə televizor və telefonlar xüsusi TED əlavəsi ilə birgə satılır.

TED konfranslarında auditoriya adətən gənclərdən ibarət olur. Amma düzünə qalsa, dinləyicilər üçün heç bir yaş məhdudiyyəti yoxdur.

-Bu fəlsəfənin Bakıda keçirilməsi təşəbbüsü hansı səbəbdən ortaya çıxdı?

- Çünki hazırda Azərbaycanda sosial layihələrin sayı arzuolunan qədər deyil. Ölkəmizdə bu tip təkliflər, əsasən əyləncə sahəsinə aiddir - musiqi, şou-biznes sferasında hər cür təşəbbüslərə rast gəlmək mümkündür. Amma gənclərə yönəlik maarifləndirici, düşündürücü tədbirlər azlıq təşkil edir.

Amma bu o demək deyil ki, Azərbaycanda uğur qazanmş, nailiyyətlərini bölüşmək istəyən insanlar, istedadlı gənclər yoxdur. Onların sayı kifayət qədərdir. Bu baxımdan, Azərbaycanda TEDx kimi layihələrə böyük tələbat var. TEDx müstəqil şəkildə təşkil edilən TED konfransıdır.

Azercell şirkəti daim gənclərin inkişafına, onların bilik və bacarıqlarını artırmasına, əqli potensialını gücləndirməsinə yönəlmiş sosial layihələrə önəm verdiyindən, TEDx ilə bağlı təşəbbüs də dərhal dəstəkləndi. Son iki konfranslarımızda Azercell tədbirin rəsmi tərəfdaşı, əsas sponsoru qismində çıxış edir.

Bu layihənin köməyilə istedadlı, bacarıqlı, öz ağlı, biliyi hesabına uğur əldə etmiş gənclərimiz özlərini tanıtmaq, bacarıqlarını paylaşmaq imkanı qazanmış oldular.

Aprel ayının 18-i Caz Mərkəzində növbəti sayca 10-cu TEDxBakı Yaddaş tədbiri baş tutdu. Bu dəfəki tədbirimizdə də çox istedadlı spikerlər çıxış etdilər.

Məsələn, son iclasda Elman Süleymanov çıxış edirdi. Gözündən əlil olmasına baxmayaraq, Elman bir neçə il şirkətə rəhbərlik edib, “Bakı 2015” ilk Avropa Oyunları üçün könüllüləri işə qəbul edir, 1500-dən çox adamla müsahibə keçirib. Onun “TEDx Bakı” konfransındakı çıxışı çox emosional idi, zaldakıların hamısına təsir etdi. Elman görmə imkanı məhdud olan bir insanın nələrə qadir olduğunu göstərə bildi.

- Bakıdakı TEDx konfranslarında da maraq xaricdə olduğu kimidirmi?

- Əlbəttə, təsəvvür edin, biz TEDx konfranslarına yalnız Facebook səhifəsində elan veririk. Və görüşlərdən bir həftə əvvəl artıq biletlərin hamısı satılır. Tədbirlərimiz hər dəfə anşlaq olur. Dünya üzrə TEDx konfranslarının videosu sayta yerləşdirilir və oradan daha çox izlənilir. Yeri gəlmişkən, həmin sayta Azərbaycanda keçirilən tədbirlərin də videoları qoyulur.

Onu da deyim ki, Qafqaz regionunda heç bir yerdə indiyədək 10 dəfə TEDx konfransı keçirilməyib. Bizdə isə hər dəfə bu tədbirlər anşlaqla baş tutur. Demək ki, ehtiyac var.

- TEDx-in qaydalarına görə çıxış edən qonaqlar hansı peşə sahibi olmalıdır? Ümumiyyətlə, spiker seçimi necə aparılır?

-Əvvəlcə qeyd edim ki, TEDx-in lisenziyasını almaq çox çətindir, bu layihənin özünün xüsusi qaydaları, tələbləri var. Hər toplantıda istənilən sayda spiker ola bilər. Əsas odur ki, bu insanların paylaşmağa maraqlı ideyaları, həyat tarixçələri olmuş olsun.

Biz növbəti görüşlə bağlı elan verdikdən sonra yüzlərlə təklif alırıq. Bu dəfə spikerlərlə bağlı 200-dən çox müraciət daxil olmuşdu. Biz bu istəkləri, müraciətləri araşdırıb ən maraqlı spikerləri dəvət edirik. Bu dəfə Türkiyədən də bir şirkət rəhbəri spiker kimi çıxış etmək arzusunu bildirmişdi.

TED-in əsas tələbi budur ki, spikerlər səmimi olmalıdır, özlərini real həyatda olduqları kimi aparmalıdırlar. Necə varsansa, elə də olursan: öz ideyalarını, fikirlərini səmimi və sərbəst şəkildə bölüşürsən. Elə adam olur ki, öz həyatından danışır, üzləşdiyi mənəvi çətinliklərə, onları çözməyin onu dinləyənlər də oradan ibrətamiz şeylər götürə bilərlər.

- Konfrans üçün mövzular kim tərəfindən müəyyənləşdirilir?

- Mövzular komanda şəklində müzakirə olunur və aktual bir mövzu seçilir. TEDx-dəki çıxışların mövzuları mütləq texnologiya, əyləncə və dizaynı əhatə etməlidir. Məsələn, sonuncu görüş üçün seçdiyimiz “YADDAŞ” mövzusuna bir neçə aspektdən yanaşmışdıq. Yaddaş kəlməsində söz oyunundan istifadə etmişdik. “Yad”, yəni özgə amilinin həyatımıza təsirlərdən danışmışıq. Eyni zamanda, dilimizlə yanaşı, mentalitetimizdə də gen-bol istifadə olunan “Daş” sözündən.

Həmin görüşdə çıxış edən spikerlər tarixi yaddaşımızı yenilədilər, dil yaddaşımızdan, psixologiyadan və yeni texnalogiyaların həyatımızakı rolundan.

- Deyirsiz ki, TEDx-də adətən hansısa sahəyə aid yeniliklər nümayiş etdirilir. Bəs, Azərbaycandakı konfranslar hansı kəşfi üzə çıxardıb?

- Bizim görüşlərdə də tamamilə ilk dəfə səslənən ideyalara rast gəlmək olar. Məsələn, son konfransda gənc psixoloq Şəbnəm Sadıqova insan pixologiyasının boyun əydiyi 3D prinsipindən danışdı. Bunlar - Düşüncə, Duyğu və Davranış formuludur. Şəbnəm sübut edirdi ki, insan hər bir hadisəyə əvvəl düşüncə, sonra duyğusu ilə reaksiya verir və sonda buna uyğun davranır. Bu reaksiya sonradan həmişə yaddaşımızda qorunub saxlanılır.

Azercell şirkətinin strateji partnyorluq və müştəri kanalları departamentinin rəhbəri İmran Bağırov isə “Müştəri bağlılığı” haqqında maraqlı fikirlər səsləndirdi. Onun sözlərinə görə, hazırda şirkətlər sosial şəbəkələrdə daha diqqətli olmalıdırlar. Çünki indi adi bir müştəri tanınmış blogger ola bilər və onun bir kəlməsiynən minlərlə insanda həmin şirkət barəsində rəy yarana bilər. Ümumiyyətlə, belə fikirlər səsləndi ki, indiki dövrün zəngin insanları sosial şəbəkələrdə daha aktiv, özünün ətrafı, çoxsaylı izləyiciləri olan adamlardır. Ona görə də onların rəyləri böyük önəm kəsb edir.

- Layihənin azərbaycanlı gəncləri üçün hansı üstünlüklərini qeyd etmək olar? Və Azərbaycandakı TEDxBakı konfransları ilə bağlı gələcək planlar nədir?

-TEDx konfransları gənclər üçün beynin qidasıdır. Bu, özünəməxsus gənclər hərəkatı, xüsusi bir dərketmə platformasıdır. Bizdə elə təsəvvür formalaşıb ki, müasir gənclər bütün vaxtlarını internetdə əyləncəyə sərf edrlər. Amma TEDx-ə olan maraq əksini sübut edir. Demək ki, hələ ümid var.

Belə layihəyə dəstək olmaqla isə Azercell Telekom-un birbaşa ölkəmizdə gəncliyin inkişafına sərmayə yatırdığını deyə bilərik. Əminliklə demək olar ki, bu məsələdə Azercell-in dəstəyi görüşlərin təşkili və uğurunda həlledici rol oynayır.

Planlara gəlincə, yaxın vaxtlarda TEDx görüşlərinin universitetlərdə də keçirilməsi nəzərdə tutulur. Artıq ADA-da belə konfrans baş tutub, Xəzər Universitetində də olacağı nəzərdə tutulub. Bu, çox gözəl haldır. Çünki belə görüşlərin sayı nə qədər çox olsa, milli dəyərlərimizə töhfə kimi qiymətləndirilməlidir. İnanıram ki, TEDx-in regionlara ayaq aşacağı gün də uzaqda deyil. Arzu edərdim ki, hər bir kəs fikrin, inkişafın yanında olsun, yalnız əyləncənin yox.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm