İpoteka kreditlərinin faizləri necə olmalıdır? - AÇIQLAMA
Bizi izləyin

Digər

İpoteka kreditlərinin faizləri necə olmalıdır? - AÇIQLAMA

Son günlər gündəmə gələn əsas mövzulardan biri də ipoteka kreditləri üzrə faizlərin aşağı salınacağı, eləcə də məbləğinin artırılacağıyla bağlıdır. Bu günlərdə açıqlama verən maliyyə naziri Samir Şərifov da ipoteka kreditlərinin məbləğinin çoxaldılacağını deyib.

"Value and Sources konsaltinq" şirkətinin eksperti Rəşad Əliyev Publika.az-a şərhində faiz dərəcələrinin müxtəlif amillərdən asılı olduğunu deyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə əsas amil Mərkəzi Bankların yürütdükləri pul-kredit siyasətləridir: “Mərkəzi Bank tərəfindən uçot dərəcəsi azalanda ipoteka kreditləri üzrə faizlər azalmağa başlayır. 2008-ci ildən etibarən inkişaf etmiş dövlətlərdə Mərkəzi banklar yumşaq pul-kredit siyasəti yürüdürlər. Bu, nəticədə ipoteka kreditlərinə əlçatanlığı təmin etməklə daşınmaz əmlak bazarında aktivliyi artırır”.

İqtisadçı müxtəlif ölkələrdə ipoteka kreditləri üzrə faizləri misal gətirir. Deyir ki, ABŞ-da mart ayında 30 illik ipoteka kreditləşməsi üzrə fiksasiya edilən orta faiz göstəricisi (artaraq) 3,77% olub. Halbuki yanvar ayında faiz dərəcəsi 3,67%, fevral ayında isə 3,71% idi: “İpoteka üzrə faizlərin artması Federal Ehtiyat Sistemi tərəfindən faiz dərəcələrinin artırılması yönündə gözləntilərlə bağlıdır”.

Rusiyadan söz açan R.Əliyev bildirir ki, 2014-cü ilin dekabrın 16-da Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 17% qaldırması faktiki olaraq bütün növ kreditlər üzrə faizlərin artmasına səbəb olub: “Nəticədə ipoteka kreditləri 17,5%-dən başlayan dərəcələrlə verilməyə başladı (bəzi hallarda 25%-ə təklif edən banklarda var idi). Mərkəzi bank uçot dərəcəsini 14% faizə saldıqdan sonra ipoteka kreditləri 14%-dən bir qədər çox faizə təklif edilməyə başladı. Ümumiyyətlə, mövcud olan faiz dərəcələri həddən artıq yüksəkdir və bu, kreditə olan tələbatı azaldır. Bazarda dövlət tərəfindən dəstəklənən ipoteka kreditlərinə də rast gəlinir, onlar üzrə faiz dərəcələri 12%-dən başlayır. Böyük Britaniyada da faizlər diqqət çəkir. 2009-cu ildə Mərkəzi Bank uçot dərəcəsini 0,5%-ə saldıqdan sonra bütün növ kreditlər üzrə faiz dərəcələri enməyə başladı. Hazırda daşınmaz əmlak bazarında aktivlik dərəcəsi yüksəkdir və bunun əsas səbəblərindən biri də ucuz ipoteka kreditləridir. İpoteka kreditləri üzrə faiz dərəcəsi müddətindən və ilkin ödənişin məbləğindən asılı olaraq 2%-dən başlayır. Avrozona ölkələrinə gəlincə, Avropa Mərkəzi Bankının 2014-cü ilin sentyabrında üçot dərəcəsini 0,05%-ə kimi endirdikdən sonra ipoteka kreditləri üzrə faizlər aşağı düşməyə başladı. Ölkədən olaraq üzən faiz dərəcələri (EUROBİR bağlı olan kreditlər) orta hesabla 2%-dən başlayır. Fiksasiya edilmiş faiz dərəcələri üzrə isə faizlər daha yüksəkdir”.

R.Əliyevin sözlərinə görə, hazırda AMB-nin uçot dərəcəsi 3,5%-dir: “İpoteka kreditləşməsi sahəsində 2 sistem formalaşıb: dövlət dəstəyi ilə həyata keçirilən ipoteka proqramı və kommersiya banklarının müstəqil həyata keçirdiyi ipoteka kreditləşməsi. Dövlət ipoteka proqramı üzrə adi kreditlər 8% ilə, sosial ipoteka kreditləri 4%-lə təklif edilir. Kommersiya banklarının təklif etdiyi ipoteka kreditlərinə maraq azdır”.

İqtisadçı bildirir ki, bir qayda olaraq ipoteka kreditlərinin faizləri digər kreditlər kimi Mərkəzi Bankların uçot dərəcələrindən artıq olur: “Göstərdiyimiz nümunlərdə ancaq Rusiyada, demək olar, uçot dərəcəsi səviyyəsində ipoteka almaq mümkündür. Azərbaycana gəldikdə isə, bu asılıdır ipoteka kreditinin hansı sistem üzrə verilməsindən. Dövlət dəstəyi ilə verilən kreditlər elə üçot dərəcəsi faizi, yəni 3,5% ətrafinda verilə bilər - yəni 3% -4% aralığında. Dövlətin iştirakı olmadan kommersiya bankları tərəfindən verilən kreditlər isə məntiqə görə üçot dərəcəsindən xeyli artıq olmalıdır. Amma bizdə 2 dəfədən çoxdur. Yəni 7%, lap pis halda 8% ola bilrədi. Bizim banklara bu sərf etmir. İstehlak kreditlərinin 30% ilə təqdim olunduğu şəraitdə 8% ilə krediti sərfəli saymırlar. Üstəlik də, banklar depoziti 12 faizə cəlb edirlər. Yəqin 10%-dən aşağı ipoteka krediti banklara sərf etmir. Buna görə də banklar öz vəsaitləri hesabına əlverişli şərtlərlə kredit verə bilmirlər”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm