• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Oyunları manata tələbi artıracaq – AÇIQLAMA

  • Digər
  • 29 Aprel 2015 12:27
  • 580 Baxış
Avropa Oyunları manata tələbi artıracaq – AÇIQLAMA

“Beynəlxalq qiymətləndirmələrə əsasən bir turist Azərbaycanda həftəlik orta hesabla min dollara yaxın vəsait xərcləyir. Praktik olaraq 2 həftəlik yarışlarda bir turist Azərbaycan iqtisadiyyatına 2 min manat sərmayə yönəldəcək”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, əldə ediləcək gəlirlərə, oyunların efir yayımından və müxtəlif reklamlardan gələn gəlirləri də daxil etmək lazımdır: “Avropa Oyunlarının özünün tərəfdaşlarının olduğunu nəzərə alsaq, onların hesabına müxtəlif dövlətlər oyunlar zamanı öz reklamlarını yerləşdirə biləcəklər: Bu zaman reklamlardan kifayət qədər gəlir əldə olunacaq”.

Bununla belə, iqtisadçı düşünür ki, Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə yalnız oyunlar keçirilən zaman əldə edilən gəlirləri müəyyənləşdirmək doğru deyil. Çünki Avropa Oyunları strateji layihədir. Burada gəlirlər qısa deyil, uzunmüddətli dövr üçün nəzərdə tutulur: Oyunlar keçirilən müddətdə kiçik və orta sahibkarlar daxil olmaqla ölkə iqtisadiyyatı bu tədbirlərdən faydalana biləcək. Bu oyunlar iqtisadiyyatın müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq”.

Ölkəyə gələcək turistlərdən söz açan mütəxəssis qeyd edib ki, yarışlar zamanı ölkəyə xeyli sayda turist gələcək: “Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq”.

İqtisadçı turistlərin valyuta ilə xərclərinə də toxunub: “Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir.

Oyunlar Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq”.

Ekspert hesab edir ki, intervensiya xərcləri azaldıqdan sonra Mərkəzi Bank manatın məzənnəsinin möhkəmlənməsinə qərar verəcək.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR