Avropadan gələcək sahibini gözləyən avtomobillər - ARAŞDIRMA
Bizi izləyin

Digər

Avropadan gələcək sahibini gözləyən avtomobillər - ARAŞDIRMA

İnsanların büdcəsi çoxaldıqca əyləncə növləri, xərc istiqamətləri, istirahət seçimləri də artır. Son bir neçə ildə avtomobil kirayəsi bazarındakı irəliləyiş bu səbəbdəndir.

İnsanlar müəyyən məbləğ ödəyib gündəlik, bəzən aylıq müddətə sükan arxasında oturmaq istəyirlər. Düzdür, Azərbaycanda kirayə maşın üçün daha çox əcnəbilər müraciət edir, amma bütün hallarda bazarın statistik göstəriciləri pis deyil. Bazardakı son vəziyyət, qiymətlər, xüsusilə ölkəyə maşın idxalının azalmasından sonra sahənin rentabelliyinin artıb-artmaması ilə bağlı kiçik araşdırma apardıq. Üz tutduq “rant a car”lara.

İlk “rant a car”

Nəzərə çatdıraq ki, ilk avtomobil kirayəsi 1916-cı ildə ABŞ-da reallaşdırılıb. Co Sunders adlı kiçik qaraja sahib amerikalı “Ford T” avtomobillərindən birini kirayəyə verib. Getdikcə bu biznes onun diqqətini çəkib və əhatə dairəsini genişləndirib. Artıq 1925-ci ildə ştatın müxtəlif yerlərində 25 kirayə salonu Conun sərəncamında idi. Avtomobillərin kirayəsi bir mil üçün 10 sent təşkil edirdi. Amma Amerikadakı böyük böhran onun biznesini sarsıdır. Şirkəti iflas edir. Avtomobil kirayəsi sektoru İkinci Dnüya müharibəsindən sonra ikinci nəfəs alır.

Bu gün Azərbaycanda 100-dən çox “rant a car” fəaliyyət göstərir. Həmin bazarın iştirakçılarını da iki hissəyə bölmək olar. Şəxsi avtoparkı olanlar və fiziki şəxslərdən avtomobilləri sub-icarəyə götürənlər. Avtomobillərin fiziki şəxslərdən sub-icarəsi zamanı şirkət müqavilə imzalayır və icarəyə verilən avtomobil həmin müqavilə müddətində onun istifadəsinə keçir. İcarə xidmətinin keyfiyyətinin əsas meyarları isə avtomobilin vəziyyəti, dəfetmə göstəricisi və “yaşı” olur.

Şəxsi avtoparkdan, adından bəlli olduğu kimi, kirayə verilən avtomobillər bir şəxsə məxsus olur. Azərbaycanda hələ ki birinci bazar iştirakçıları üstünlük təşkil edir. Bu peşəkarlıqdan deyil, insanların öz avtomobillərinə gəlir mənbəyi kimi baxmamasından irəli gəlir. Yəni çox az insan avtomobilini kirayə verməyə razılaşır.

Maşın kirayələmə şərtləri

Qiymət və şərtlərə gəldikdə, ilk olaraq “RentEkspress” ə müraciət etdik. Məlum oldu ki, şirkət ekonom klass maşınları - “Kia Rio”, “Chevrolet Aveo”, “Hyundai Accent”, “Nissan Sunny”, mini klass maşınlar – “Nissan Micra”, “Kia Picanto”, biznes klass maşınlar – “Kia Ceratto”, “Toyota Corolla”, “Hyundai ix35”, “Kia Sportage”,” Mitsubishi Pajero”, “Toyota Prado” avtomobillərini kirayə verir. “Kia Rio”nun birgünlük icarəsi 35 manat, “Chevrolet Aveo”nun kirayəsi 35 manat, “Hyundai Accent” 45 manat təşkil edir. Şərtlərə gəlincə, “RentEkspress”in tələbinə görə, 25 yaşından cavan olmayan və azı bir il avtomobil nəqliyyat vasitəsini idarə etmə təcrübəsi olan Azərbaycan Respublikasının və ya xarici dövlətin istənilən vətəndaşına kirayə maşın verilir.

İkinci qapısını döydüyümüz “Avis” şirkətindən bildirdilər ki, avtomobilin kirayəsi üçün sürücülük və şəxsiyyət vəsiqəsi tələb edilir. Bununla yanaşı, kredit kartı girov qoyulur. Kredit kartının məqsədini soruşduqda şirkətdən dedilər ki, bu avtomobilin sığortası məqsədini daşıyır. Kartda da azı 150 dollar pul olmalıdır. Avtomobil sağ-salamat qaytarılanda 150 dollar müştəriyə qaytarılır. Şirkət əsasən “Toyota”, “Prado”, “Sedan”, “Honda”, “Kia”, markalı avtomobillərini icarəyə verir. Belə avtomobillərin birsutkalıq icarə haqqı 60 dollardan 250 dollara qədər artır. Maşınların “klass”ından asılı olaraq aylıq icarə qiymətləri 70-3000 dollar arasında dəyişir.

Bu arada avtomobilin icarəsi zamanı müştəriyə vəkalətnamə, ya da yol vərəqəsi verilir. Hər iki sənəd avtonəqliyyat vasitəsinin başqa bir şəxsə etibar edildiyini təsdiqləyir. Qanunla icarəyə verilən avtomobillər saxlanıldıqda və sözügedən sənədlər olmadıqda cərimə meydançasına aparılır. Avtomobil qısa müddət üçün, məsələn, bir neçə saatlıq və bir-iki günlük icarəyə veriləndə yol vərəqəsi ilə təmin edilir. Digər hallarda əsasən vəkalətnamədən istifadə olunur.

Əsasən mühərrikinin həcmi böyük olan avtomobillərin kirayəsini həyata keçirən “Avand” şirkətinin xidməti ilə də maraqlandıq. Məlum oldu ki, “Avand” “Bentley Continental”dan “Hyundai Elantra”ya gədər müxtəlif səviyyəli avtomobillərin kirayəsini və müxtəlif tədbirlərdə xidməti reallaşdırır. Qiymətlər də öz maşınların dəyərinə uyğun dəyişir. “BMW X5” bir günlük sifarişi 230 manata, həftəlik 150 manata, “Hummer H2” bir günlük sifarişi 230 manata, həftəlik 180 manata,”Bentley Continental” bir günlük sifariş 700, həftəlik 500 manata başa gəlir. Şirkətdə ən ucuz kirayə “Hyundai Elantra”dır. Kirayə haqqı – 60 manat təşkil edir.

Ümumiyyətlə, bazarda apardığımız sorğu belə nəticəyə gəlməyə əsas verdi ki, “ekonom-klass” səviyyəli avtomobillərin icarəsi sutkada 50-70 manata, “biznes-klass” səviyyəli avtomobillərin icarəsi təxminən 90-200 manata, “premium-klass” səviyyəli avtomobillərin icarəsi isə 300 manat və daha artıq məbləğə başa gəlir. Amma istisnalar da var. “Rolls-Royce Phantom” avtomobilini 7 gün sürmək nə az nə çox “cəmi” 21 000 manatdır. “Bentley Continental”ın ( mühhərik 6,0 kub. Sm) gunluk sifarishi 700 manatdır. “Mercedes” model GL550 -in (mühərrik 5.5 kub.sm) sifarişi 300 , “HUMMER H2” (mühərrik 6.0 kub. Sm) 230,” MERCEDES model GL Class” (4.7 kub.sm) 220, “BMW X5” 230, “Mercedes S class” 250, “Mercedes E class” 200, “Mercedes Sprinter” 150, “Mitsubishi Pajero “100, “Lexus LX 470” 180 manatdır..

Onu da bildirək ki, qiymətlərə ƏDV daxil deyil. Bir çox hallarda yeddi gündən çox müddəti olan icarənin qiymətləri individual olaraq müştəri ilə müzakirə olunur. Bu zaman icarə qiymətlərində fəqr 10 dollardan 50 dollara qədər dəyişir.

Hansı maşınlar daha çox kirayələnir

Sorğularımız əsasında öyrəndik ki, kirayə maşınla bağlı daha çox ölkəyə gələn əcnəbilər müraciət edir. Yerli əhali ancaq toy-banket-nişan zamanı avtomobil kirayələyir.Yəni bizdə kirayə avtomobil sürmək mədəniyyəti hələ qonşu ölkələrin səviyyəsinə belə çatmayıb. Düzdür, şirkətlərin özlərinin iş prinsipi də ilgincdir. Onlar daha çox bahalı, mühərrikinin həcmi böyük olan maşınların icarəsini təklif edirlər.

Məsələn, Avropada “rent a car” şirkətlərinin verdiyi maşınların çoxu 0,8-1,2 motora malik, kiçik ölçülü nəqliyyat vasitələrinin icarəsi bizim kirayə avtomobil bazarında cəmi 1 faizdir. Ekonom-klassların icarəsi, demək olar, yoxdur. Salonların fikrincə, ekonom-klass avtomobilləri sürmək imkanına hər kəs sahibdir: “Əslində bizim sahə daha çox əcnəbilərə hesablanıb. Buna görə, I Avropa oyunlarını gözləyirik. Ölkəyə gələn turistlər bizə yaxşı pul qazandıracaqlar”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm