Mətbəxdə hazırlanan mühərriklə qazanılan 199 milyard, atadan qalma palto və ucuz mehmanxana – “MİLYONÇU”
Bizi izləyin

Digər

Mətbəxdə hazırlanan mühərriklə qazanılan 199 milyard, atadan qalma palto və ucuz mehmanxana – “MİLYONÇU”

O, orta təbəqədən olan əhalinin ala biləcəyi maşınlar istehsal edən şirkətin qurucusu, ötən əsrin ən varlı adamlarından biri olub. Sərvətinin həcmi bugünkü ekvivalenti ilə 199 milyard dollar səviyyəsində qiymətləndirilir. İlk daxiliyanma mühərrikini öz evinin mətbəxində hazırlayır. Sonrada fermada işlətmək üçün traktor, daha sonra isə avtomobil istehsal edir. Söhbət Henri Forddan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində əslən İrlandiyadan olan amerikalı iş adamı Henri Fordu təqdim edir.

Ailənin fermer arzusu

Henri Ford 1863-cü ildə ABŞ-ın Miçiqan ştatının Vayn-Kantri şəhərinin Sprinqfild qəsəbəsində İrlandiyadan miqrasiya edən Ulyam Ford adlı fermerin ailəsində anadan olub. O, altı uşaqlı ailənin ən böyük övladı idi. On iki yaşında anası Mari Fordu itirir. Bundan sonra özünə qapanaraq vaxtının çoxunu qurduğu sexdə keçirir. Beləliklə də, gələcəyin avtomobil istehsalçısı maqnatı yaranır. Artıq 15 yaşında ilk buxarlı maşınını istehsal edir. Bu kəşfi ailəsi tərəfindən sevinclə qarşılanmır. Çünki onun bu marağını qəbul etmir, zəhmətkeş fermer olmasını istəyirdilər. 16 yaşında çarəni evdən qaçmaqda tapan Ford Detroytda şirkətlərdən birində mexanik kimi işləməyə başlayır. İlk işi cib saatlarını düzəltmək olur. 3 il sonra fermaya geri qayıdir. Təsərrüfat işləri ilə bərabər “Vestinqauz elektrik”lə əməkdaşlıq edir. Şəxsi istifadəsi üçün traktor yığır. 1888-1899-cu ildə yenidən Detroyta gəlir və mühəndis-mexanik işləməyə başlayır. Getdikcə karyera pilləsi ilə irəliləyir. Əvvəlcə “Edison luminating Company”-də baş mühəndis olur. Bir neçə illik sınaqdan sonra 1893-cü ildə ilk avtomobilini yığır. 1898-ci ildə daha komfortlu avtomobil yığmağa müvəffəq olur. 1903-cü ildə 12 sərmayəçiylə birlikdə 28.000 dollara “Ford Motor Company”ni yaradır.

Dünyanın ən çox maşın satan iş adamı

1908-ci ildə bazara “Modell T”ni çıxarır. Artıq 1913-cü ildə bu avtomobil xeyli məşhurlaşır. O dövrdə ABŞ-ın nəqliyyat yollarının hər yerində “Modell T”yə rast gəlinirdi. Hətta 1918-ci ildə Amerikada istifadə edilən avtomobillərin yarısı “Modell T” olur. Ford tezliklə Avropanın bir çox şəhərlərində zavodlarını qurur. 1922-ci ildə Belçikada, 1923-cü ildə İtaliyada, 1925-ci ildə isə Almaniyada zavodlar açılır. 1928-ci ildə İngiltərədə qurulan yeni bir zavod bu müəssisələrin mərkəzi elan edilir.

Şirkətin tam sahibi

Bu arada “Ford Motor Company” yaradılanda səhmlərinin 25,5 faizi Forda məxsus olsa da, sonradan payını artırır. Belə ki, o və oğlu Edsel Brayant 1919-cu ildə “Ford” müəssisənin səhmlərini digər səhmdarlardan 105 568 858 ABŞ dollarına satın alır. Nəticədə, Ford ailəsi şirkətin vahid sahibkarına çevrilir. Elə həmin il Edsel “Ford”un prezidenti postuna varis olur.1930-cu ildə həmkarlar ittifaqları və partnyorlarla yaranan mübahisənin nəticəsində H.Ford idarəçiliyi oğluna həvalə edir. 1943-cü ildə Edselin qəfil ölümündən sonra o, yenidən şirkətin başına keçir.

İşçilərə yüksək maaş, mallara ucuz qiymət

Henri Ford işçilərinə qarşı yaxşı davranan sahibkar kimi də tarixə düşüb. 1913-cü ildə Amerikada işçilərin gündəlik 2,5 dollar maaş aldıqları zaman Ford müəssisəsində gündəlik ödənişi 5 dollara qaldırır. 1918-ci ildə ödənişlər 6 dollara çatdırılır. Bu artımlar işçilərin əmək qabiliyyətini yüksəldir. Yeri gəlmişkən, Fordun istehsal etdiyi avtomobillər də baha deyildi. Orta təbəqəyə hesablanan “Ford” modelləri məhz buna görə bazarı ələ almağı bacarır. İş adamının şirkəti bazarın tələbini nəzərə alaraq 1915-ci ildə 1 milyon avtomobil,1926-ci ildə 2 milyon, 1928-ci ildə 15 milyon avtomobil istehsal edir.

Müharibədən gələn gəlir

1917-ci ildə Birinci Dünya müharibəsi başlayan zaman Ford bunun əleyhinə çıxsa da, sonradan həyatın nəbzini tutur. Onun fabriki hərbi avtomobillərin istehsalı üçün sifarişlər alır. Getdikcə istehsal dairəsini genişləndirərək qaz maskaları, dəbilqə, təyyarə mühərrikləri üçün silindr, müharibənin sonuna yaxın isə kiçik tanklar və hətta sualtı gəmilər istehsal edir. İkinci Dünya müharibəsi zamanı da o, fabrikinin istehsal istiqamətini hərbiyə yönəldir. Yeri gəlmişkən, istər Birinci, istərsə də İkinci Dünya müharibəsi zamanı Ford hərbi texnikanın istehsalına görə hökumətdən pul almadığını bildirsə də, onun bundan çox yaxşı pul qazandığı deyilir.

“Hər zaman, hər yerdə Henri Fordam”

Henri Ford dövrünün ən varlı adamlarından olsa da, həddən artıq sadə imiş. O, çox xərclərdən qaçırmış. Bununla bağlı maraqlı əhvalat da var. Belə ki, bir gün Henri Ford işləri ilə əlaqədar İngiltərəyə getməli olur. Ford o zaman artıq milyarder idi. Hava limanının məlumat şöbəsində o, şəhərin ən ucuz mehmanxanası barədə maraqlanır. Şöbənin əməkdaşı ona təəccüblə baxır. Fordun siması məşhur idi. Bütün dünyanın qəzetləri Henri Ford haqqında tez-tez yazırdı. Və budur, Ford hava limanında əyninə böyük olan paltoda durub və ən ucuz mehmanxana barədə soruşur. Şöbənin əməkdaşı çəkinə-çəkinə deyir:

- Səhv etmirəmsə, siz mister Henri Fordsunuz?

- Bəli , - deyə Ford cavab verir.

Əməkdaş daha da çox təəccüblənir və deyir:

- Mən xəbərləri izləyirəm və bilirəm ki, sizin oğlunuz harasa gedəndə ən bahalı otellərdə qalır və hər zaman çox yaxşı geyinir. Amma siz ən ucuz mehmanxana soruşursunuz və sizə böyük olan palto geyinmisiniz. Yoxsa siz pula qənaət edirsiniz?

Henri Ford qıcıqlanaraq cavab verir:

- Mənim bahalı mehmanxanalarda qalmağa ehtiyacım yoxdur. Harada qalmağımdan asılı olmayaraq mən yenə də Henri Fordam. Ən ucuz mehmanxanada da mən Henri Fordam. Heç bir fərq yoxdur. Mənim oğlum hələ cavandır və təcrübəsizdir. O, ucuz mehmanxanalarda qalsa, insanların onun haqqında nə düşünəcəyindən qorxur. Bu paltonu isə hələ mənim atam da geyinib. Lakin bunun heç bir əhəmiyyəti yoxdur. Yeni geyimlər mənim nəyimə gərəkdir? Mən Henri Fordam, nə geyinməyimdən asılı olmayaraq hər zaman və hər yerdə mən yenə də Henri Fordam.

Biznesin Ford qanunları

Henri Ford eyni zamanda yeni biznesə başlamaq istəyənlər üçün ibrətamiz fikirlərin müəllifidir. H.Ford deyirdi ki, pula sahib olmaq olduqca zəruridir. Amma unutmaq lazım deyil ki, pulun məqsədi işsiz dayanmaq olmamalıdır. İnsanlara xidmət etmək məqsədi ilə vəsaitlər artırılmalıdır: “Mən hesab edirəm ki, avara həyat tərzi qədər iyrənc heç nə ola bilməz. Bizlərdən heç kimin belə yaşamağa haqqı yoxdur. Sivilizasiyada tənbəl insanlara da yer yoxdur. Kapitalın xeyri pulların kəmiyyətinin artmasında deyil, həyatın keyfiyyətinin çoxalmasından ötrü pul qazanmaqdadır. Ən riskli biznes – təmiz (halal) qazanc əldə etməkdən ötrü iş qurmaqdır. Bu, qumar oyununa oxşayır, onu bir neçə ildən artıq oynamaq nadir hallarda mümkün olur. Xoşbəxtliyi və rifahı yalnız təmiz yolla – halal zəhmətlə əldə edilməsinin mümkünlüyünə inanaraq çalışmaq kifayət qədər təbiidir. İnsan bədbəxtliyi bir sıra halda məhz onunla bağlı olur ki, o bu təbii yoldan üz döndərməyə çalışır. Mənfəətdə pis heç nə yoxdur. Əgər müəssisə yaxşı idarə olunursa və faydalıdırsa, demək, o həm də yaxşı gəlir gətirəcək. Gəlir faydalı işin təməli deyil, onun bəhrəsi olmalıdır.

Rəqabət sizi narahat etməli deyil. Qoy işin öhdəsindən daha yaxşı gələn işləsin. Kimin isə işini dağıtmağa cəhd etmək cinayətdir, çünki bu, qazanc əldə etmək uğrunda yarışda digər bir insanın həyatını sındırmağa cəhd etmək anlamına gəlir, bu isə gücün hakimiyyətinin ağıla üstün gəlməsi deməkdir.

Gördüyün işin doğru və dürüst olduğunu bilirsənsə və məhz bu məmnuniyyət hissini yaşamaqdan ötrü çalışırsansa, onda pullar özü gəlib səni tapacaq və kifayət qədər də bol olacaq”.

H.Ford bildirir ki, uğursuzluq hər şeyi yenidən, amma bu dəfə daha ağılla başlamaq deməkdir: “Uğursuzluq alçaldıcı deyil, alçaldıcı olan uğursuzluq qarşısında qorxaqlıqdır. İnsanlar çox vaxt təslim olur, nəinki məğlubiyyətə düçar olur.

Mütəxəssislər həmişə sizə bu və ya digər işin alınmayacağı barədə müxtəlif səbəblər deyən insanlardır, əgər mən öz rəqiblərimi o dünyalıq etmək istəsəydim, onları ən təcrübəli ekspertlər ilə əhatə edərdim. Öz çörəyini qazanmış insan ona sahib olmaq hüququnu əldə edir. İnsanları cəmi iki stimul işləməyə məcbur edir: əməkhaqqı əldə etmək tamahı və onu itirmək qorxusu. İnsanın həmişə iki motivi olur: biri həqiqi motiv, digər isə sadəcə qulaqlara xoş gələn. Özlüyündə ideyalar nə qədər dəyərli olsa da, sonda yenə sadəcə ideya olaraq qalır. Əsas məsələ bu ideyanı həyatda gerçəkləşdirə bilməkdir. Əgər müvəffəqiyyət qazanmağın hər hansı bir sirri və ya düsturu varsa, bu, eyni bir problemə öz nöqteyi-nəzərindən yanaşdığın kimi, digər insanın mövqeyindən də yanaşa bilməkdir. Biz əksər hallarda özümüzü belə bir fikirlə qorxuduruq ki, guya həyat və vəsait qazancı anlayışları biri-birinə zidd dayanır. Əslində isə maşın, pul və bütün mülkiyyət növləri yalnız ona görə faydalıdır ki, onlar müəyyən məqsədə çatmaq üçün vasitə qismində çıxış edirlər. Gələcək haqqında düşüncələr, daha çox şey etmək istəyi insan şüurunu elə bir vəziyyətə gətirir ki, insan "mümkünsüz olan heç nə yoxdur" fikrinə gəlir. Çalışmaq arzusunda olan insanın öz əməyi müqabilində kifayət qədər mükafat almaması üçün bir səbəb yoxdur. Eyni qaydada, işləmək iqtidarında olan, lakin özünə əziyyət vermək istəməyən insanın buna görə cəzalanmaması üçün də bir səbəb yoxdur. İstənilən halda, o, cəmiyyətə nə verirsə, onun da qarşılığını əldə edəcək. Əgər cəmiyyətə heç nə verməyibsə, onda onun da cəmiyyətdən tələb edəcəyi bir şey yoxdur. İnsanları elə yerləşdirmək lazımdır ki, onların həyat miqyası cəmiyyətə göstərdikləri xidmət səviyyəsi ilə mütənasib olsun. Sənayenin son məqsədi – insanların öz ağıllarının bəhrəsindən istifadə edəcəyi dünya yaratmaqdır, əks təqdirdə, onlar səhərdən axşama qədər sağ qalmaq (mövcudluq) uğrunda vəsait əldə etməklə məşğul olacaqlar. Mən fikir vermişəm ki, bir sıra işgüzar insanlar öz işlərini çiyinlərindən tezliklə atmalı olduqları yük kimi qəbul edirlər. Onlar çox tezliklə mübarizədən çıxmağı, işdən aralanmağı və əldə etdikləri renta hesabına yaşamağı arzu edirlər. Mən bunu heç cürə başa düşə bilmirdim. Əgər özümüzün paslanmağımızı istəyiriksə, tənbəlliyə təslim olmaqdan başqa çıxış yolu qalmır. Əgər məqsədimiz inkişafdırsa, onda hər səhər yenidən oyanmaq və bütün günü gümrah, ayıq-sayıq olmaq lazımdır. Mən həyatı bir dayanacaq kimi deyil, səyahət kimi dərk edirəm. Hər şey hərəkətdədir və elə ilk başdan belə olması nəzərdə tutulub. Həyat axır. Ola bilsin ki, biz həmişə eyni küçədə, eyni mənzildə yaşayırıq, amma orda yaşayan insan hər gün bir az dəyişir”.

Şəxsi həyatı

Henri Ford 1887-ci ildə adi fermerin qızı – Klare Brayantla evlənib. 4 ildən sonra cütlüyün Edsel adlı oğlanları dünyaya gəlib. Həddən artıq ağıllı qadın olan Klareni Henri Ford ömrünün axırına qədər sevib. Hətta o, jurnalistlərin “daha bir həyat yaşamaq istərdinizmi” sualına belə cavab verirmiş: “Əgər ikinci dəfə də Klare ilə evlənərəmsə, bəli”.

Şirkəti nəvəsinə həvalə edir

Henri Ford 1945-ci ilə qədər yaratdığı şirkətin rəhbəri olur. Həmin il səlahiyyətlərini nəvəsi II Henri Forda həvalə edir. Hazırda iş adamının nəticəsi Ulyam Kley Ford “Ford Motor Company”nin direktorlar şurasının üzvüdür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm