4 milyon manatlıq sosial ipoteka krediti verilib
Bizi izləyin

Digər

4 milyon manatlıq sosial ipoteka krediti verilib

Bu ilin iki ayında dövlət büdcəsi hesabına 3,8 milyon manat ipoteka krediti verilib. Banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 14 milyon manat təşkil edib. Kreditlər üzrə orta aylıq ödəniş 291,1 manat olub.

Publika.az-ın məlumatına görə, ölkədə ipoteka kreditləşməsinə başlanılmasından ötən müddət ərzində 16318 ipoteka krediti verilib. Bundan 3681-i güzəştli kreditlər olub. Vəsaitlərin 60,7 faizi qiymətli kağızlardan cəlb edilib. İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilən vəsaitlərin 39,3 faizini dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edib.

Borcalanların aylıq gəlirlərinə görə pay bölgüsünə gəlincə, 33,3 faizin gəliri 1100 manat, 21,6 faizin gəliri 700-900 manat, 15 faizin gəliri 900-1100 manat, 19,4 faizin gəliri 500-700 manat olub. Borcalanların 57,5 faizi özəl sektorda, 42,7 faizi dövlət sektorunda işləyib. Güzəştli kateqoriyaya aid borcalanların arasında hərbçilər daha çox kreditdən yararlanıblar. Belə ki, sosial ipoteka alanların 79,6 faizi hərbçilər, 8,4 faizi dövlət qulluqçuları, 8 faizi məcburi köçkünlər, 2,1 faizi elmlər namizədləri, 1,5 faizi idmançılar olub. Borcalanların 67,5 faizi ailəli, 32,5 faizi subay olub. İpoteka alanların 42 faizi 40-60 kvadratmetrlik, 30,5 faizi 60-80 kvadratmetrlik, cəmi 10 faizi 80-100 kvadratmetrlik mənzil alıb.

Nəzərə çatdıraq ki, ölkədə İpoetka Fondu tərəfindən iki növ ipoteka krediti təqdim edilir – sosial, adi. Adi ipoteka kreditlərinin maksimal illik faiz dərəcəsi 8, güzəştli ipoteka kreditləri 4 faizdir. Adi ipoteka kreditlərinin maksimal müddəti 25 il, güzəştli ipoteka kreditlərinin maksimal müddəti 30 ildir. Birincidə ilkin ödəniş 20 faiz, ikincidə 15 faiz idi.

Qeyd edək ki, kreditlər Azərbaycan manatı ilə ölkə vətəndaşına təqdim olunur. Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ isə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən artıq olmamalıdır.

İpoteka kreditləri almaq üçün minimal əmək haqqı tələbi yoxdur. Mülkiyyətində yaşayış sahəsi olan şəxsə ipoteka krediti almaq məhdudiyyət qoyulmayıb. İpoteka verilməsi zamanı potensial borcalanın qeyri-rəsmi gəlirləri nəzərə alınmır. İpoteka kreditlərinin verilməsi zamanı potensial borcalanın yalnız rəsmi gəlirləri nəzərə alınır. Bunlara aşağıdakılar aiddir: əsas iş yeri üzrə əmək haqqı, o cümlədən iş yeri üzrə əlavə gəlir, natamam iş günü və əvəzçilik üzrə işdən əldə olunan gəlir, illik mükafatlar, müavinətlər, depozitlər üzrə faizlər, icarə haqqı, işəgötürənin sənədli təsdiqi olduqda gəlir məbləğinin gözlənilən artımı,digər sabit gəlirlər,dövlət tərəfindən verilən subsidiyalar. Bundan başqa, ipoteka kreditləri verilərkən fərdi sahibkarlıqla məşğul olan vətəndaşların illik dövriyyələrinin 20% gəlir kimi hesab olunur.

İlkin ödəniş mütləqdir. İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”na əsasən ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 80%-dən çox olmamalıdır. Alınan yaşayış sahəsinin qiymətinin 20%-dən az olmayan hissəsi (ilkin ödəniş) (güzəştli kateqoriya üçün 15%) borcalanın şəxsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği müstəqil qiymətləndirici şirkətlər tərəfindən alınan yaşayış sahəsinin bazar dəyərinin qiymətləndirilməsi nəticəsində müəyyən olunur və satıcıya çatır. Bir ailədən neçə nəfərin kredit ala bilməsinə gəlincə, ailə üzvlərinin maddi vəziyyəti imkan verdiyi, hər bir ailə üzvünün saxlanılması üçün xərc ödənildiyi halda ipoteka kreditinin verilməsinə dair heç bir məhdudiyyət qoyulmur. Ev tikdirmək məqsədilə kredit götürmək istəyənlərə müsbət cavab verilmir. “İpoteka kreditlərinin verilməsi Qaydaları”na əsasən ipoteka krediti yaşayış sahəsinin alınması məqsədilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə müvəkkil kredit təşkilatı tərəfindən verilən uzunmüddətli borcdur. Belə ki, ipoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir. İpoteka ilə alınan mənzili satmaq mümkündür. Mövcud qaydalara əsasən bu halda borcalanın ipoteka krediti üzrə öhdəliyi başqa ödəmə qabiliyyəti olan vətəndaşa keçirilir.

Onu da bildirək ki, ipoteka kreditlərinin alınması ilə bağlı xərclərin həcmi az deyil. Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka müqavilələrinə görə, rüsum 30 manat, ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün Bakı şəhəri üzrə 110 manat, digər şəhər və rayonlarda 44 manat təsdiqlənib. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün Bakı şəhərində 55 manat, digər şəhər və rayonlarda 22 manatdır. Sığorta xərclərinə gəldikdə, fərdi qəza və xəstəlik sığortası kredit məbləğinin 0,5% – 0,7% miqdarında, ipoteka predmetinin sığortası kredit məbləğinin 0,3% – 0,4% miqdarında təsdiqlənib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm