4G-ni dünyaya tanıdanTeliaSonera
Bizi izləyin

Digər

4G-ni dünyaya tanıdanTeliaSonera

Dünyada 3G-ni hər kəs üçün əlçatan xidmətə çevirən, 4G-nin isə ilk dəfə kommersiya məqsədi ilə istifadəsini tətbiq edən telekommunikasiya nəhəngi. Bu və digər ilklərə imzasını atmış TeliaSonera hazırda Skandinaviya və Baltikyanı ölkələrdə bazarın şəksiz lideridir. Qurum Türkiyə və Rusiya daxil olmaqla, ümumilikdə Avrasiya məkanında güclü mövqelərə malikdir.

Məlum olduğu kimi, TeliaSonera 2002-ci ilin dekabrında İsveç və Finlandiyanın iki şirkətinin birləşməsi nəticəsində yaranıb. Hər iki şirkətin tarixi kökləri XVIII əsrin sonlarına gedib çıxır. Telia və Sonera vaxtilə Şimali Avropa ölkələri və ümumiyyətlə dünyada telekommunikasiya sahəsində bir çox yeniliklərin tətbiqi ilə tanınıblar.

Avropada ilk telefonu quraşdırıb

TeliaSoneranın əcdadı sayılan İsveç Kral Teleqraf Agentliyi ilk dəfə bu ölkəyə 1877-ci ildə telefon çəkib. Yəni, telefon Bell tərəfindən icad olunandan artıq bir il sonra İsveçdə də qurulub. 1890-cı ildə isə şirkət artıq İsveçdə 20 min telefon nömrəsinə xidmət göstərirdi.

Bu qurum həmçinin NMT standartlı mobil rabitənin yaranmasının da əsas baiskarıdır. Belə ki, məhz bu şirkət 35 il öncə ilk dəfə olaraq Avropada NMT analoq standartının kommersiya tətbiqini təşkil edib. Hələ 1956-cı ildə şirkət avtomobildə quraşdırılmış səyyar mobil rabitə təklif etmişdi. Bu zaman abunəçi operator olmadan avtomobildən həm digər maşına, həm də adi telefona zəng edə bilirdi.

Qeyd etmək lazımdır ki, TeliaSonera da varis kimi bu qurumun etimadını doğruldub. Şirkət hazırda dünyanın bir çox ölkələrində mobil rabitə sahəsində modern texnologiyaları tətbiq edir. 1G-dən tutmuş dördüncü nəsil texnologiyaya kimi hər sahədə ən yüksək səviyyəli işi ortaya qoyub. Təsadüfi deyil ki, məhz TeliaSonera 2010-cu ilin dekabrında Stokholm və Osloda LTE texnologiyasına əsaslanan 4G xidmətinin ilk kommersiya tətbiqini həyata keçirib.

Bütün bunlar bir yana, TeliaSonera dünyada ilk dəfə olaraq 3G texnologiyasının təqdimatını Everest dağının zirvəsində də təşkil edib. Belə ki, TeliaSoneraya aid olan Ncell (Nepal) operatoru dağın başında 3G şəbəkəsini qurub. İndi bu şəbəkənin baza stansiyası 5300 metr hündürlükdə yerləşir.

Everestin təpəsindən tweet göndər

Hazırda Kxumbu vadisində yerləşdirilən bu şəbəkə yerli əhali ilə yanaşı, həm də turistlərin işinə yarayır. Axı əvvəllər dünyanın ən hündür nöqtəsinə çıxan alpinist və turistlər internet əldə edə bilmək bahalı peyk rabitəsindən istifadə etməli olurdular. Özü də bu zaman yalnız danışmaq mümkün idi. TeliaSonera isə həmin nöqtədə 3G şəbəkəsini qurmaqla bu problemi birdəfəlik həll etmiş oldu. İndi burada olan səyahətçilər nəinki harasa zəng edir, həm də internetdə dolaşa bilirlər. Artıq Everestin zirvəsindən şəkil çəkib dərhal sosial şəbəkələrdə paylaşmaq, bu haqda tweet göndərmək çox rahat bir işə çevrilib.

Qeyd edək ki, Everestdəki baza stansiyası alpinistlər üçün olan düşərgənin yanında quraşdırılıb. Bu yer dağın başına çıxmaq üçün olan marşrut üzərində nəfəs dərmək üçün sonuncu məntəqədir. Bu şəbəkənin mövcudluğu həm də təhlükəsizlik məsələləri baxımından böyük önəm daşıyır. Belə ki, Everesti fəth etmək istəyən turistlərə tez-tez yardım çağırmaq lazım olur. Bu isə internet və yaxşı mobil rabitə olmadan böyük çətinliklər yaradırdı.

Bu cür novator və yenilikçi şirkət hazırda dünyada telekommunikasiya sektorunda aparıcı yeri tutur və müştərilərinə dünya səviyyəsində xidmət təklif edir. TeliaSonera mobil sektorda internet və innovasiyalara artan tələbatı lazımınca ödəyir, müştərilərin rahat və effektiv ünsiyyəti üçün təqdim etdiyi xidmətlərin keyfiyyətini anbaan artırır, yeni texnologiyaların tətbiqini genişləndirir.

TeliaSonera yerli bazarlarda həmişə öndədir

Hazırda TeliaSonera Şimali Avropadan Asiya regionuna qədər uzanan 20 ölkəni əhatə edən coğrafi ərazidə fəaliyyət göstərir.

TeliaSonera ailəsinin ən aparıcı üzvlərindən biri olan Azercell Azərbaycanda da daim texnoloji yenilikləri tətbiq edir, ölkəmizdə davamlı inkişafın təminatına öz töhfəsini vermək üçün səylərini əsirgəmir. Bununla yanaşı, TeliaSonera təmsil etdiyi ölkələrin tarixində iz buraxacaq hadisələr zamanı da önə çıxmağı bacarır.

Məsələn, “Azercell Telekom” MMC 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasnın baş sponsoru qismində çıxış etmişdi. Qeyd edək ki, bu müsabiqə TeliaSonera telekommunikasiya şirkətləri qrupunun dəstəyi ilə 2007-ci ildə Helsinkidə, 2013-cü ildə isə İsveçdə keçirilmişdi.

Azercell eləcə də, qarşıdan gələn əlamətdar tarix - “Bakı 2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Hazırda TeliaSonera üzvləri yerli bazarlarda bir çox istiqamətlər üzrə liderliyini qoruyur, ölkələrdə ən iri vergi ödəyiciləri qismində çıxış edir. 2013-cü ildə TeliaSonera-nın gəliri 16 milyard ABŞ dolları (101,7 milyard kron) təşkil edib. Ümumilikdə dünya üzrə bu qurumun 30 minə yaxın əməkdaşı var. TeliaSonera səhmləri Stokholm və Helsinkidə NASDAQ OMX fond birjalarında qeydə alınıb. Şirkətin səhmdarlarının ümumi sayı 600 mini keçir. TeliaSonera - həm də iri sənaye investorudur. Bu şirkət fəaliyyət göstərdiyi ölkələrin iqtisadiyyatında önəmli rol oynayır. Bu günə qədər TeliaSonera Avrasiya məkanında sektorun inkişafına 5 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Azercell-in timsalında TeliaSonera şirkətlər qrupu Azərbaycanda da müştəri üçün dünyanı daha yaxın etmək və müştəri məmnuniyyətini artırmaq istiqamətində işlərini daha da gücləndirəcək, əhəmiyyətli texnoloji layihələrə töhfə verməklə, ən son yenilikərin Azərbaycan bazarında tətbiqini davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm