Azərbaycanlılar xaricdə necə ev alırlar?
Bizi izləyin

Digər

Azərbaycanlılar xaricdə necə ev alırlar?

“Azərbaycan vətəndaşları əcnəbi ölkədə daşınmaz əmlak satmaqdan daha çox, yeni mənzil əldə edirlər”.

Bunu Publika.az-a açıqlamasında Value and Sources konsaltinq şirkətinin nümayəndəsi Rəşad Əliyev bildirib. O deyib ki, daşınmaz əmlakın əldə edilməsi variantları müxtəlif olur: “Bəziləri fiziki şəxs qismində öz adından, bəziləri isə bu ölkədə və yaxud aşağı vergi dərəcələrinin olduğu ölkələrdə qeydiyyatdan keçmiş şirkət adına mənzil alırlar.Əcnəbi ölkədə vasitəsiz olaraq fiziki şəxslər tərəfindən alınan mənzillərlə bağlı suallar daha aktualdır. Əcnəbi ölkədə daşınmaz əmlak alan vətəndaşlarımız üçün gəlir vergisi qaydası Azərbaycan Respublikasının Vergi məcəlləsi tərəfindən nizamlanır.97.1-ci maddəyə əsasən “Rezident-vergi ödəyicinin gəliri Azərbaycan Respublikası və onun sərhədlərindən kənarda əldə edilən gəlirdən ibarətdir”. Daha doğrusu, fiziki şəxs – rezident alış yerindən asılı olmayaraq gəlir vergisi ödəməlidir”.

Ekspert bildirir ki, daşınmaz əmlak satıldığı zaman ondan əldə edilən gəlirdən mənzilin ilkin dəyəri və əldə edilən gəlirin xərcləri çıxılır. Bu isə sənədlə təsdiq edildiyi halda keçərlidir. Əldə edilən gəlir xalis gəlir hesab edilir ki, ondan da gəlir vergisi tutulur: “Müxtəlif ölkələrdə vergi tutulması sistemi kəskin şəkildə fərqlənir və həmin şəxsin öz vətənində ödəcəyi vergi də məhz ondan asılıdır. Əcnəbi dövlətdə gəlir əldə edildikdə gəlir əldə edilən ölkənin büdcəsinə gəlir vergisi ödənməlidir. Yalnız bundan sonra həmin şəxs öz vətənində ödəyəcəyi vergini bilə biləcək. Vergi məcəlləsinin 127.1-ci maddəsinə əsasən, əldə etdiyi gəlirdən əcnəbi ölkədə gəlir vergisi ödəyən şəxslər Azərbaycanda vergi ödəyərkən bu məbləği nəzərə almalıdırlar. Daha sadə dillə desək, vətəndaşın əcnəbi ölkədə ödədiyi gəlir vergisinin faizi Azərbaycanda mövcud olan gəlir vergisi faizindən çox olarsa, o Azərbaycanda əlavə ödəniş etməyəcək. Əksinə, faiz dərəcəsi az olarsa, fərq öz ölkəsinin büdcəsinə ödənməlidir”.

R.Əliyev deyir ki, Azərbaycan vətəndaşları üç səbəbdən xaricdə ev alırlar: “Birinci səbəb istrahət üçün. Bura əsasən Türkiyə, Bolqarıstan, Gürcüstan aiddir. İkinci səbəb kapitalın yerləşdirilməsidir. Bura həm Türkiyə, eyni zamanda Böyük Britaniya, Almaniya, Çexiya və s. ölkələr daxildir.Üçüncü səbəb həmin ölkədə preferensiyaların alınmasıdır ( məsələn daimi yaşayış yerinin alınması ). Məsələn, Macarıstanda və Portuqaliyada müəyyən məbləğə ev alanda daimi yaşayış yeri statusu verilir. Bu da vətəndaşın şenqen zonası birbaşa çıxışı deməkdir. Maltada isə qanunla müəyyən edilmiş həddə mənzil alan ümumiyyətlə vətəndaşlıq ala bilər”.

O qaldı nə qədər Azərbaycan vətəndaşının xaricdə daşınmaz əmlak almasına, ekspert bu statistika haqda məlumatların mövcud ollmadığını deyir.

R.Əliyev xarici vətəndaşların Azərbaycanda ev almasına da toxunub. Bildirib ki, xaricilər buna az maraq göstərirlər: “Alıcılar əsasən İran vətəndaşları və ölkə ilə əlaqəsi olan xarici ölkələrin vətəndaşı olan həmvətənlərimizdir. Marağın az olmasının səbəbinə gəldikdə, rəqabət baxımından Gürcüstan, Türkiyə və Bolqarıstanda ev almaq daha əlverişlidir. Bizdə qiymətlər həmin ölkələrə nisbətən bahadır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm