Azərbaycanlı məşhurun toyunda mağar uçdu - VİDEO, FOTOLAR
Bizi izləyin

Digər

Azərbaycanlı məşhurun toyunda mağar uçdu - VİDEO, FOTOLAR

Taleyin qisməti rast saldı bizi.

Yolumuz hardasa qırılacaqsa,

İtirəcəyiksə bir-birimizi,

Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən Allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni…

Yəqin çoxları “Uşaqlıqdan reportaj”da söhbətə çəkdiyim tanınmışın şair Musa Yaqub olduğunu göydə aldı. Hər dəfə onunla salamlaşanda çox sevdiyim bu şeiri söyləməklə salamlaşıram. Bu dəfə də belə oldu, şairlə beləcə salamlaşdıq, sonra da birlikdə xatirələr dünyasına baş vurduq.

“Həyatdan ilk zərbəni 9 yaşımda aldım”

“Elə bir fərəhləndirici uşaqlığım olmayıb ki, indi həvəslə danışım. Durub desəm ki, uşaqlığım səyahətlər, gəzintilər, yaxud da yağ-bal içində keçib, yalan olardı. İsmayıllının Buynuz kəndində doğulmuşam və elə uşaqlığım da o kənddə keçib. Doqquz yaşımda ikən həyatın ən ağır zərbəsini aldım-atamı itirdim. O hadisədən, o itkidən təsirlənib bir şeir də yazmışdım…

Bir insan çevrilib
bir məzar oldu,
Torpağın tapdanmış bir qarışında
yer qabar oldu.
Bu qabar sinəmdə bir qubar oldu,
Ata itirmişəm, atamı...

Bir az nigaranlıq,
xiffət tapmışam,
Amma dəyanəti üzə çıxıbdır,
Anamda mərdlikdən sifət tapmışam,
Ata itirmişəm, atamı...

“Söykənəcəkdən çox söykənənlərim olub”

“Bacım, qardaşım, mən-hamımız anamızın qucağına sığınıb yaşamışıq. Çox əziyyətlər görmüşəm. Kasıbçılıq, imkansızlıq bizi sıxıb. Amma bir məsələ də var ki, heç vaxt kədəri, qəmi özümüzə yaxın buraxmamışıq. O dövrdə hamı belə idi e, kasıbçılıq, sıxıntı içində yaşayırdı. Amma böyük ümidlərimiz vardı, həyatı sevirdik. Yavan çörəyi həvəslə yeyib, özümüzü xoşbəxt hiss edərdik. Çünki dərdliydisə, hamı dərdliydi, sevincliydisə, hamı sevincliydi. İnsanlar onda bir-birinə söykənib yaşayırdı. Mənim bir şeirim də var: “Söykənəcəkdən çox söykənənlərim olub”. Həyatım nağıl kimi keçirdi, hər günümdən zövq alırdım. Yadımdadır ki, uşaq ikən kolxoza gedərdim, kotan qoşardım. O kotanın ağırlığına tab gətirmək çox çətin idi, amma mən içimdəki arzuların xəyalı ilə çoşurdum və həvəslə işləyirdim. Sevinməyi bacarırdıq, qəribə idi ki, hər bir kədərdə də sevinc görürdük”.

Bostanda qarpız oğurluğu

“Buynuz kəndində məktəb dördillik idi, mən oranı bitirəndən sonra Topçu kənd məktəbinə getdim. O məktəb də yeddiillik idi. Kəndimizdən səkkiz uşaq bir-birimizə qoşulub hər səhər saat altıda Topçuya gedərdik. Qaranlıqlar, təhlükələr bizi qorxutmazdı. Qışı çarıqda kənd yollarında oxumaq həvəsi ilə qanadlanardıq. Şaxta-soyuq bizə kar eləməzdi. Yadımdadır ki, məktəbə gedən yolun üstündə bir zavod vardı. O zavodun həyətində böyük bir bostan salınmışdı. Yemiş, qarpız, xiyar-hər şey vardı orda. Biz də uşağıq də, hər dəfə ordan keçəndə ağzımız sulanardı. Qarovulçusu vardı bostanın, amma onun gözünü oğurlayıb, bostana girərdik. Xımır-xımır qarpızdan-yemişdən yeyib qarnımızı doyuzdurardıq. Sonra yol boyu bir-birimizə suallar verərdik, dərslərimizi təkrarlayardıq. Suallar qarşısında aciz qaldığım vaxtlar olmazdı.

“Stalini görsəydim, tutub qucaqlayardım onu”

“İndi qoyun bir az özümü tərifləyim də… Orta məktəbdə guya yaxşı oxuyanlardan biriydim. Hamı məni tərifləyirdi, xoş söz deyirdi. Onu da deyim ki, mən yaşca da, boyca da sinif yoldaşlarımdan balacaydım. Bir dəfə tənəffüs vaxtı heç də yaxşı oxumayan bir sinif yoldaşım qəfildən bir şeir söylədi. Təxminən belə idi: “Stalini görsəydim, tutub qucaqlayardım onu”. Özü yazmışdı şeiri. Sözün düzü, çox pis oldum, öz-özümü danladım ki, mənim nəyimi tərifləyirlər, mən heç şeir də yazmağı bacarmırammış. Fikirləşdim ki, əla oxuyan, təriflənən uşaq mütləq şeir yazmağı da bacarmalıdır yəqin. Bu hisslərin təsiri altında başladım şeirlər yazmağa. Şeir deyəndə ki, bunları cızma-qara da adlandırmaq olardı. İlk şeirlərimə “Bakı”, “Moskva”, “Koroğlu” adını vermişdim. Nə isə aradan vaxt keçdi, şeir yazmağı yadırğadım. Amma bir hadisə şer yazmağı yenidən yadıma saldı”.

“Müxlis Cənizadənin kəndə gəlişi şairliyimi yadıma saldı”

“Bir dəfə eşitdik ki, Bakıdan məşhur diktor Müxlis Cənizadə kəndə gəlir. Yığışdıq başına. Müxlis müəllim orda Səməd Vurğunun “Şair, nə tez qocaldın sən” şerini söylədi. Çox təsirləndim. Bu hadisədən sonra yenidən şeir yazmağa davam etdim. “Ana və Vətən” adlı şeirim həmin hadisənin təsiri altında yazıldı. Bundan sonra artıq şeirlərim qəzetlərdə çap olunmağa başladı, tədbirlərdə şeirlər söyləyirdim”.

“Qəşəng olmadığıma görə qızlar mənə baxmırdı”

“Sakit, yolagedən, dinc uşaq olmuşam. Kəndimizdə kimin malı-heyvanı itirdisə, gedib tapırdım, kimin yükü ağır idisə, aparıb evlərinə qoyurdum. Təkəbbürlü uşaq deyildim.

Maraqlıdır, görəsən, Musa Yaqub gözəgəlimli idimi, qızların diqqətini çəkirdimi? Özündən soruşdum.

Yox, yox, xarici görünüşcə qəşəng oğlan deyildim. Hətta bir şeirim də var bu barədə:

Tale nə sir-sifət verib, sağ olsun,

Məni yaraşıqda saxlayır onlar.

Amma uzun, gur saçlarım vardı. Çox sevirdim saçlarımı. Hətta saçlarıma xüsusi qulluq edirdim ki, tökülməsin. Saçlarımı yumurta sarısı və qatıqla yuyurdum. Qəribədir ki, oğlanlar tez-tez saçlarını qırxdırardı, amma mən yox. Qıvrım saçlarımla özümə inamım daha da artırdı. Qəşəng olmadığıma görə də qızların diqqətində deyildim. Heç dərsdə mənə fikir verən də yox idi. Amma gizlətmirəm, sevdiyim qız vardı”.

“Qıza xəbər yollayırdım ki, gəlib...”

“Orta məktəbdə oxuyanda bir qıza vurulmuşdum. O qız gecə-gündüz ürəyimdə idi. Onda indiki kimi deyildi e, əlindən tutum, yaxınlaşıb ürəyimi açım. Elə içimizdə qıvrıla-qıvrıla qalırdıq. Platonik bir hiss idi. Çoxlu şeirlər də yazmışdım ona. Sevgi məktubları o vaxt dəbdə idi. Mən də məktub yazıb qıza göndərərdim, ya da xəbər yollayardım ki, gəlib aparsın. Özü də o vaxt məktubu belə başlayırdım: “Salam, sənə ürəyimin ən dərin guşəsindən olan salamımı çatdırıram”. Xeyli çəkdi sevdamız. Uzaqdan-uzağa onu görürdüm. Yanağı allanırdı, dodağı əsirdi məni görəndə. İndi qızlarda nə yanaq qızarır, nə dodaq əsir”.

““Cəhənnəmə sev”-, deyib başqasının yanına qaçır”

“Məktub-zad da yazan yoxdur. Oğlan mobil telefonla qıza qışqıra-qışqıra deyir ki, sevirsən məni? Qız azacıq naz edən kimi “cəhənnəmə sev”-, deyib başqasının yanına qaçır. Oğlanla qız bir-birinə baxır, amma həyəcan yoxdur o baxışlarda. Gecə-gündüz SMS, telefon danışığı-burda hansı ülvi hislərdən danışmaq olar. Ülvi hislər də yoxa çıxıb. Biz bir dəfə qızın üzünü görəndə bir ay xəyalı ilə yaşayardıq. Onda həyətdə krant-zad olmazdı, qızlar suyu səhənglə Göyçay çayından gətirərdilər. Həmin vaxtı əvvəlcədən bilərdik. Oğlanlar da həmin qızları görmək üçün sıraya düzülərdi. Bir də o vaxtlar qızla görüş yerlərindən biri də toyxanalar idi. Sevdiklərimizi toyda görmək üçün mağarın qırağından durub oğrunca qızlara baxardıq. Onlar da min naz ilə bizi süzərdilər. İnan Allaha, uzaqdan qızı görəndə ayaqlarım necə əsirdisə, ayaq üstə dura bilmirdim. Ürəyim döyüntüdən az qala yerindən oynayıb çıxacaqdı. Başım hərlənərdi sevgidən.

“O qızı ürəyimdən çıxarıb atmaq üçün...”

“Heyf, o sevgim alınmadı. O sevgi bir şimşək kimi çaxmışdı həyatıma. Çox dərinə getmək istəmirəm, amma qız istəmədi məni. Qismət beyləymiş yəqin. Amma uzun müddət o sevgidən ayrıla bilmədim, çox əziyyət çəkdim o qızı unudana qədər. Ürəyimə heç kimi yaxın qoya bilmirdim. Heç kimi sevə bilmirdim. Çünki qızı ürəyimdən çıxarmaq çətin idi. Elə hara baxırdımsa, o qızı görürdüm. Axırda evlənmək vaxtı çatdı, düşündüm ki, heç olmasa, o qıza bənzəyən qızla evlənim-iri gözləri, qara, dağınıq, uzun saçları olsun. Həyat yoldaşım qonşuluqda yaşayırdı. O vaxt mən yenicə ali məktəbi bitirib kəndimizdə müəllim işləyirdim. Ondan xoşum gəldi, evləndik. Yox, romantika yaşamadıq. Yoldaşıma da bir şeir həsr etmişəm”.

Kəl ovunda yaşananlar

“Ova gedərdik tez-tez. Böyüklər bizi də yanlarına salıb meşədə, dağda kəl ovuna çıxardılar. Kəl ovu da çox çətin idi. Səhər qaranlıqda gedərdik. Meşədə ova çıxmağımız da maraqla keçərdi. Meşədə süfrə açıb yeməklərimizi ortaya yığıb bərabər yeyərdik. Xalid adlı dostum var, heyf çox erkən rəhmətə getdi. Bir dəfə meşədə süfrə açanda Xalid evdən gətirdiyi yumurtaları öz qabağına qoydu. Ağını yedi, sarısını götürdü ki, sonra həvəslə yesin. Mən qəfildən yuxarı bir daş atdım və dedim ki, quşa bax? Xalid üzünü çevirən kimi yumurtalarını götürüb yedim. Uşaqlıq xatirələrini indi danışdıqca mənə də şirin gəlir”.

Araq içdi, qız üstə dava saldı

“Davakar uşaq olmamışam, amma cavanlar tez-tez qonşu kəndə davaya gedərdi. O vaxt dava da nə üstündə düşərdi; ya qız üstə, ya da içkili olub dalaşardılar. Erməni kəndinə yaxın idik, orda ermənilər özlərinin hazırladığı alça, zoğal arağını gətirib Azərbaycan kəndlərinə satardılar. Toyda o araqdan içib dava salardılar. Elə bu davalar da ya oynamaq üstündə düşərdi, ya da hansısa qıza baxmağın üstündə”.

Novruz falı və torpağa basdırılan 3 yumurta

“Uşaqlığımdan danışıb bir may bayramını xatırlamasam, özümü bağışlamaram. Bir may bayramı ən çox sevdiyimiz bayram idi. Evdə nə gözəl paltarımız vardısa geyinərdik. Əlimizdə kiçik bayraqlar bütün kəndi dolaşardıq. Novruz bayramlarını da xüsusi həvəslə qarşılayardıq. Elə bilməyin ki, qızlar Novruzda fala baxardılar, biz oğlanlar da həvəsə düşərdik. Dostlar yığışıb torpağa üç yumurta basdırardıq. Əgər yumurta qırmızıya boyanardısa, arzumuz çin olacaqdı demək. Yaşıl rəngə boyanacaqdısa. Deməli ümidlərimiz göyərəcəkdi. Əslində bəlkə də heç yumurtalar boyanmazdı, sadəcə, gözümüzə hərəsi bir rəngdə görünərdi. O yumurtaları görmək istədiyimiz rəngdə görərdik”.

Toyda islanan beş min manatlıq papaq

“Toyumu da xatırlayıram. Bizim vaxtımızda toy iki gün çalınardı. Buynuzda tez-tez yağış yağardı, hansı toyda yağış yağmasaydı, xoşbəxtlik olardı. Əmim Sarı kişi toyum üçün böyük bir mağar qurdu, üstünü örtdü ki, yağış yağsa, islanmasın. Günortaya qədər yağış yağmadı, sevindik. Vur çatlasın oldu ki, gəl görəsən. Sən saydığın say, günortadan sonra bir sel oldu ki, mağar yağışın ağırlığına tab gətirmədi, uçdu. Hamı yığışdı həyətimizdə anbara. Onu da deyim ki, o vaxtlar kənd camaatının həyətində anbarlar olardı, artıq nə vardısa yığardılar ora. Nə isə, hamı intizarla gözlədi ki, yağış kəssin, bunlar da toyxanaya yığışsın. Toyumu Aşıq Məmmədağa elədi. Kişi əməlli-başlı əsəbiləşmişdi yağışa görə. Ovqatı təlx olmuşdu. Amma mənə, ailəmizə böyük hörməti vardı deyə, özünü sındırmırdı. Nə isə yağış dayandı, hamı yenidən toyxanaya yığıldı. Məmmədağa qayıtdı ki, beş min manatlıq papağımı isladıramsa, bu toy mənalı keçməlidir. Çox şurlu keçdi toyum. Bakıdan da qonaqlar gəlmişdilər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm