Düşmənlərin əjdaha dostluğu
Bizi izləyin

Digər

Düşmənlərin əjdaha dostluğu

Qvardiolanın gücü ancaq buna çata bilərdi. “Barselona” ilə oyunda topa daha çox sahib olmağa. Başqa heç nə. Axı Pep günahkar deyil ki, onun “Bavariya”sı ilə qarşılaşan rəqib həm də öldürücü əks-hücum qurmağı bacarır. Messi-Neymar-Suares üçlüyünun “hoqqalar”ının qarşısına ala bilmədiyinə görə də, Pepi ittiham etmək ədalətsizlik olardı.

Bu üçlüyün qarşısını almaq üçün arxa xəttdə ən azı beş futbolçu saxlamağa məcbursan. Çünki onlarla təkbətək mübarizənin üsulu hələ ki kəşf olunmayıb. Üç müdafiəçi saxlayacaqsansa, qapı torun dəlik-deşik olacaq. Yox, beş futbolçu saxlayacaqsansa, onda hücum potensialın zəifləyəcək. Beş futbolçu ilə “Barsa”nın arxada qərarlaşan yeddi futbolçusunun qurduğu səddi yarmaq asandı? İndiki “Barselona” ilə qarşılaşan komandanın dərdi bir deyil, iki deyil. Üçdür, üç. İstəsəniz, bu “dərd”i “üçbaşlı əjdaha” da adlandıra bilərsiz.

Yüksək keyfiyyətli elementlərdən qurulmuş ideal mexanizmdi bu “Barsa”. Yağ kimi işləyir. Arada-bərədə elə yağlanmasına ehtiyac duyulur. Başqa heç nə.

Çempionatın əvvəlində bu mexanizmdə “Suares elementi” yox idi. Səkkiz oyunda səkkiz qələbə qazanmışdı “Barsa”. “Real”la oyunda bu element mexanizmə daxil edildi. İşləmə effekti aşağı düşdü. Amma element mexanizmdə özünə yer edincə, işlər yenə də yağ kimi getdi. Bir də yanvarda - “Real Sosyedad”la oyunda mexanizm “səs saldı”. Sonuncu dəfə onda “yağlayıblar” bu komandanı.

Lənət şeytana, “Barsa”nın əsas gücünü təşkil edən “üçlük” həm də düşməndir axı. Okeanın o tayında onlar futbol meydanında həqiqətən də düşməndirlər. Özü də uzun illərin düşməni. Bir-birlərini bəyənmirlər. Messi argentinalı, Suares uruqvaylı, Neymar da braziliyalı. Braziliyalılar iddia edirlər ki, futbolu onlardan yaxşı oynayan yoxdur. Uruqvaylılar isə 65 il əvvəl keçirilən dünya çempionatının finalını onların başına qaxır. Futboldakı Argentina-Braziliya düşmənçiliyi müharibəyə səbəb olmayıbsa, buna görə Tanrıya şükür etmək gərək. Hələ də bütün dünya bunun mübahisəsini edir: Ən yaxşı kimdir: braziliyalı Pele, yoxsa argentinalı Maradona?

Okeanın o tayında amansız düşmən olan bu “üçlük” okeanın bu tayında - Avropada necə dost ola biliblər? Özü də Avropanı heyrətləndirə biləcək dost. Sizə əjdaha lazım deyil? Özü də üçbaşlı əjdaha. Düşmənlərin əjdaha dostluğu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm