Abutalıbovdan yanan binadakı kirayənişinlərlə bağlı açıqlama: “Bizə müqavilə verilməlidir”
Bizi izləyin

Digər

Abutalıbovdan yanan binadakı kirayənişinlərlə bağlı açıqlama: “Bizə müqavilə verilməlidir”

“Kirayədə yaşayan ailələr mənzil sahibi ilə imzaladığı müqaviləni bizə təqdim edərsə, onlara kompensasiya ödəniləcək”.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Publika.az-a açıqlamasında deyib ki, yanan binada kirayədə yaşayan ailələr mənzilin sahibi ilə aralarında olan razılaşma sənədini mütləq təqdim etməlidir: “Biz əmin olmalıyıq ki, onlar həmin binada kirayədə qalıblar. Əgər bina yanan zaman kirayədə kim qalıbsa, bu vəsait (1000 manatı nəzərə tutur – red.) doğrudan da, ona düşür. Kirayədə yaşayan ailələr mənzil sahibi ilə imzaladığı müqaviləni bizə təqdim edən kimi biz onlara vəsaiti ödəyəcəyik. Yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək. Bunun üçün də kirayə qalanla kirayə verən arasında razılaşma protokolu və bu sənəddə notariat kontorlarının imzası olmalıdır. Bu gün səyyar "ASAN xidmət" mərkəzi yanan binanın yanındadır, yanan binada zərərçəkən insanlara həmin ərazidə bütün sənədlər verilir. Yanan binanın sakinləri vəsait almaq üçün öz sənədlərini bu gün gətirib bizə təqdim edəcəklər. Biz də orada onlara arayış verəndən sonra gedib bankdan pullarını alacaqlar”.

H.Abutalıbov qeyd edib ki, hər bir mənzil üçün nəzərdə tutulan vəsait artıq ayrılıb: “Ancaq kirayəçi mütləq mənzil sahibi ilə razılaşmalıdır ki, pul kimə çatacaq. Pulun kimə çatacağını ev sahibi ilə kirayəçi arasında imzalanmış müqavilə müəyyən edir. Onların arasında bağlanmış müqavilə mütləq olmalıdır. Ola bilər ki, mənzil sahibi evini kirayə verdiyini dansın və desin ki, onları evimdə elə-belə saxlamışam və s. Belə olanda isə biz məcburən vəsaiti evin sahibinə verməliyik. Əgər bununla bağlı hər hansı narazılıq olarsa, onlardan hər hansı biri məhkəməyə müraciət etməlidir. Biz də onlara ayrılmış vəsaiti bankda saxlayarıq və məhkəmə hansı qərarı çıxararsa, biz də vəsaiti o adama verərik”.

H.Abutalıbov yanan binada kirayə yaşamış jurnalist Sevinc Fədaiyə 300 manat verilməsi ilə bağlı məsələyə də toxunub: “Bu məsələ mənlik deyil. O vəsait cib xərcliyi idi, kirayə pulu deyildi. İndi o jurnalist bizə müvafiq arayış verməlidir ki, doğrudan da, o, həmin binada kirayə yaşayıb. Əgər o müqaviləni bizə təqdim edəcəksə, biz də ona nə qədər vəsait düşürsə, hamısını verəcəyik. Bunun üçün də o, bizə müraciət etməlidir. Bakı şəhər İcra hakimiyyətinin qapısı hər gün açıqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm