“Gombul sosis”in bilet satışı ilə başlayan milyardları, gizli eşq, intihar cəhdi və 7 saat yuxu - MİLYONÇU
Bizi izləyin

Digər

“Gombul sosis”in bilet satışı ilə başlayan milyardları, gizli eşq, intihar cəhdi və 7 saat yuxu - MİLYONÇU

Onun adı Rusiyanın ən varlı iş adamlarının siyahısında ikinci yerdədir. İlk kapitalını teatr biletlərini qara bazarda satmaqla əldə edib. Bədxərclik etməmək üçün tələm-tələsik tələbə yoldaşı ilə evlənib. Gündə yeddi saat yatır. Bunu yaşlanması ilə əlaqələndirir. Söhbət Mixail Fridmandan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “Alfa-Qrup”un sahibi Mixayil Fridmanı təqdim edir.

6 yaşında sünnət edilən “əsl yəhudi”

Mixail Fridman 1964-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub. Milliyətcə yəhudi olan Fridmanlar uzun illər övlad yolu gözləyiblər. Mixail onların ilk və son övladı olub. Gələcəyin milyarderi ana, ata və nənəsinin əhatəsində böyüyüb. Yazılanlara inansaq, ailə çox sakit və mehriban olub. Bütün yəhudilər kimi sovet hakimiyyətinin kəskin illərində yəhudi adət-ənənələrinə sadiq qalıblar. Kommunist Partiyasının üzvü olsalar da, yerli yəhudi icması ilə daim əlaqə saxlayıblar. Bu səbəbdən də Mixailə dostlarını evə gətirməyə icazə vermirlərmiş. M.Fridman 6 yaşında sünnət olunub. Əməliyyatdan sonra səhhətində problem yaşadığından müsahibələrindən birində yəhudilərin ”sünnət”ənənəsinə nifrət etdiyini bildirib.

“Gombul sosis” ləqəbli musiqiçi

Evin tək övladı, daim ata və ananın nəzarətində olan Fridman uşaqlığında da artıq çəkili olub. O, hətta orta məktəbdə təkcə əla qiymətlərlə oxuyan şagird kimi deyil, artıq çəkisi ilə də seçilirmiş. Məktəb yoldaşları Mixailə “gombul sosis”, “mişka-kiska” ləqəbləri belə qoyublarmış. M.Fridmanın məktəb illəri ilə bağlı daha bir maraqlı fakt onun musiqi məktəbində fortepiano dərsi almasıdır. Hətta musiqiyə marağı o qədər böyük imiş ki, gənclərdən ibarət vokal və instrumental ansambl belə təşkil edibmiş.

Ali təhsili

Yaxşı oxumasına, məktəbi cəmi bir fəndən (rus dili) 4-lə bitirməsinə rəğmən Fridmanın ali təhsil üçün ilk qəbul imtahanı uğursuz keçib. Belə ki, o, Moskva Fizika və Texnologiya İnstitutuna qəbul imtahanından keçə bilməyib. Nəticədə, 1982-ci ildə Moskva Polad və Ərintilər İnstitutuna daxil olub. İnstitutun yataqxanasına yerləşərək bir müddət ailəsinin göndərdiyi pulla dolanıb. Amma sonradan haqqın yolunu tapıb. “Teatr mafiyası”na üzv olub. Tələbələrdən ibarət olan bu qrup o zaman teatr biletlərini qara bazarda satmaqla məşğul olurdu. Deyilənlərə inansaq, Fridman qara bazardan kifayət qədər böyük pullar qazanıb.

Təmizlik şirkətindən başlayan biznes

1987-ci ildə universiteti bitirdikdən sonra "Elektrostal" zavodunda mühəndis-konstruktor işləyir. Bununla paralel “Kurier” kooperativini yaradır. Bu kooperativ pəncərələrin yuyulması xidməti ilə məşğul olur. Mixail Fridman 1989-cu ildə artıq sahibkara çevrilir və “Alfa-foto”nu yaradır. Şirkət kompüter, xalça, qənd satışı ilə məşğul olurdu.1990-cı ildə qurduğu müəssislərin bazasında “Alfa-kapital”ı təsis edir. 1991-ci ildə isə “Alfa-Bank”ı yaradır. Bank 1995-1997-ci illərdə büdcə təşkilatlarına kreditlərin verilməsində aktiv iştirak edir. “Alfa-Bank” artıq 2000-ci ildə Rusiyanın ən böyük banklarından birinə çevrilir. Bütün bunlarla kifayətlənməyən M.Fridman neft sektoruna da investisiya yatırır.

Milyardları

Mixail Fridman əsl sərvətini 1997-ci ildə qazanır. Bu, ”Alfa- Qrup” və “Renova”nının birgə yaratdığı “Yeni holdinq”in Tumen Neft Şirkətinin səhmlərinin 40 faizini əldə etməsi nəticəsində baş verir. Belə ki, Fridman 2003-cü ildə şirkətdəki payının bir hissəsini 6 milyard dollara satır. Həmin ildə sərvətinin həcmi 4 milyard dollar qiymətləndirilərək Rusiyanın ən varlı iş adamlarının siyahısında 3-cü yeri tutur. İllər keçdikcə iş adamının dollarları daha da artır. “Forbes” 2005-ci ildə onun sərvətini 5,8 milyard, 2006-cı ildə 10,4 milyard, 2007-ci ildə 13,5 milyard, 2008-ci ildə 20 milyard, 2009-cu ildə 6,3 milyard, 2010-cu ildə 12,7 milyard, 2011-ci ildə 15,1 milyard, 2012-ci ildə 13,4 milyard, 2013-cü ildə 16,5 milyard, 2014-cü ildə 17,6 milyard dollar, 2015-ci ildə 14,6 milyard dollar dəyərləndirib.

Kapitalı

İş adamının kapitalına “Alfa-Qrup” (“Alfa-bank”, “X5 Retail Group”, “A1”, “Posvodokanal”) və “LetterOne” (RWE Dea, “Vimpelcom”, “Turkcell”) qrupu daxildir. 2010-cu ildə “Alfa-Qrup”un dövriyyəsi 11,9 milyard dollar, xalis gəliri 2,8 milyard dollar təşkil edib. M.Fridman TNK-BP-dəki payını ikinci dəfə 2013-cü ildə “Rostneft”ə 14 milyard dollara satıb. 2015-ci ilin mart ayında onun “LetterOne” şirkəti alman neft-qaz şirkəti “RWE Dea”nı 5,1 milyard avroya əldə edib. Milyarderin kapitalı bununla bitmir. O eyni zamanda “Bilayn”, “Pyateroçka”, “Perekrestok” adlı brendlərin sahibidir. Biznesi Rusiyada olsa da, özü İsrail vətəndaşıdır.

Onun daşınmaz əmlak siyahısına gəlincə, ilk malikanəsini 2001-ci ildə Parisdə alıb. Hansı ki, həmin malikanə əvvəllər aktrisa Mirey Darka (Alen Delonun keçmiş həyat yoldaşı) məxsus olub.

Xəsis biznesmenin ilk məhəbbəti və... hamilə gəlin

M.Fridman ilk dəfə məktəbdə sinif yoldaşı Olya Karmelə aşiq olub. Sonradan aktrisa olan bu qız onun sevgisinə müsbət cavab verməyib. Hətta Mixail intihar etməyə cəhd göstərib və bu məqsədlə binanın damına çıxıb. Lakin son anda özünü 5-ci mərtəbədən ata bilməyib. Bununla belə uzun müddət Olyaya şeirlər yazıb. İnstituta qəbul olduqdan sonra tələbə yoldaşı ilə evlənib. Şəxsi həyatı ilə bağlı məlumatlar mətbuata qapalı olduğundan bəzilərin onun həyat yoldaşının adının Mariya, bəziləri isə Olqa olduğunu iddia edirlər. Bu evlilikdən onların 2 qızları var - Katya və Lora.

Yeri gəlmişkən, Fridmanın evliliyinin tarixçəsi haqqında maraqlı fikirlər səsləndirilir. Məlumatlara görə, o, tələbəlik illərindən pul qazanmağa başlasa da həddən artıq xəsis olub. Hətta cibində pulu olduğu halda dostlarının restorana getmək dəvətinə mənfi cavab verib yataqxananın yeməkxanasında yemək bişirmək üçün növbə gözləyirmiş. Bütün bu əlavə xərclərdən azad olmaq üçün o, evlənməyi qərara alıb. Və tələbə yoldaşlarından biri ilə evlənir. Ən maraqlısı isə odur ki, toyda artıq gəlin hamilə imiş. Valideynləri məhz bu səbəbdən də Mixailə xeyir-dua vermirlər. Görünür sular hələ də durulmayıb. Belə ki, M.Fridmanın həyat yoldaşı qızları ilə birlikdə Fransada yaşayır. Bəzi mənbələr onların boşandıqlarını iddia edir.

Samuray qılıncı sevgisi

İş adamı samuray qılınclarını kolleksiya edir. Bundan əlavə o, musiqi ifa etməyi sevir. Eyni zamanda dostları – Qerman Xan, Viktor Vekcelberq (milyarderlər) ,Saşa Abramov (prezidentin müşaviri) ilə ekstremal avtomobil gəzintisinə çıxmağı xoşlayır.

“Gündə 7 saat yatıram”

Milyarder müsahibələrindən birində gündə 7 saat yatdığını deyib. Qeyd edib ki, bunun özünü rejimə salması ilə əlaqəsi yoxdur və yaşlandıqca daha az yatır. Bir zamanlar yeməyə belə pul xərcləməyə xəsislik edən M.Fridman kitab mağazasına girəndə 20 kitabı birdən alır. Həmin kitabları oxuyub-oxumamasına gəldikdə milyarder “oxuyuram” deyir: “Əgər maraqlıdırsa kitabı axıra qədər oxuyuram. Əks halda atıram kənara”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm