• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Zarafat

  • Digər
  • 6 Mart 2014 12:34
  • 1 252 Baxış
Zarafat

Azərbaycan futbolunun problemləri məşqçilərdən, hakimlərdən, futbolçulardan yox, idarəçilərdən qaynaqlanır. Bu iddia az qala hər gün öz təsdiqini tapır. Azərbaycan futbolunun inkişafına cavabdeh olan şəxslər-AFFA, PFL, klub rəsmiləri qeyri-peşəkar addımları, açıqlamaları ilə bu iddianın həqiqət yükünü artırırlar.

Alın, biri də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən gəldi. Özü də Allah bilir neçənci dəfə.

Bir müddət əvvəl Musayev bildirmişdi ki, Fariz Yusifovun “Xəzər Lənkəran”ın oyunlarına təyinat almasına şəxsən özü qadağa qoyub. Səbəb də göstərmişdi: “Bunu məndən “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov xahiş edib”.

O vaxt Musayevin açıqlaması geniş müzakirə olunmuşdu. Niyə də olunmayaydı? PFL prezidenti o açıqlama ilə Azərbaycan futbolunun qeyri-peşəkar üsullarla idarə olunduğuna işarə etmişdi. Hakimlərə təyinat verən Hakimlər Komitəsinin formal qurum olduğunu, klubların xahişlə istədikləri hakimləri öz oyunlarına təyin etdirə bildiyini etiraf etməklə.

Üstündən bir müddət keçib, Ramin Musayev yenə də danışıb.

Yenə də müzakirələrə səbəb ola biləcək tərzdə. Bu dəfə etiraf edib. Deyib ki, o vaxt o sözləri elə-belə çıxartmışam ağzımdan: “Bunu elə-belə söyləmişdim. Xahiş edirəm, bunun üstünə bu qədər də getməyin. Heç bir klub bizdən belə xahiş edə bilməz. Məgər mən hansısa kluba deyirəm ki, 300-400 minə aldığın futbolçunu niyə oynatmırsan? Bu, onların daxili işidi. Biz də həmişə çalışırıq ki, təşkil etdiyimiz çempionatda əlavə söz-söhbət yaranmasın”.

PEŞƏKAR FUTBOL LİQASININ (özüm bütün hərfləri böyük yazdım ki, Ramin Musayev hansı vəzifəni tutduğunu oxuya bilsin) prezidenti Ramin Musayev belə deməklə, yəqin ki, belə demək istəyib: “O vaxt mətbuatla zarafat etmişdim. Siz allah, bunun üstünə çox getməyin. Sadəcə, Azərbaycan çempiontının inkişaf göstəricisi o qədər yüksək olmuşdu ki, istədim mən də bir balaca mətbuatla zarafatlaşım. Çünki mətbuat bu inkişafı görmür. Mənim onlarla zarafat etmək haqqım var”.

Peşəkar bir qrumun prezidentinin qeyri-peşəkar açıqlamasına başaq cür izah vermək mümkün deyil. Vallah, mümkün deyil.

“Biz də həmişə çalışırıq ki, təşkil etdiyimiz çempionatda əlavə söz-söhbət yaranmasın” ifadəsi Musayevə məxsusdu. Amma PFL prezidenti həftə səkkiz, mən doqquz belə qeyri-ciddi, qeyri-peşəkar açıqlamalar verməklə Azərbaycan çempionatı barədə söz-söhbətin yaranmasına rəvac verir.

Çempionatının təşkili qeyri-peşəkarlara həvalə olunubsa, Azərbaycanda peşəkar futbol niyə olsun ki?

Ramin Musayevin futbol təsərrüfatında neçə ildi rəhbər vəzifədə olduğunu bilmirəm. Amma görünən odur ki, Musayev “futbolla mırt tutmaq” mərhələsini hələ adlamayıb. Adlayanda Azərbaycanda da futbol olacaq. Əsl futbol.

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR