• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Vüqar Bayramov: “Azərbaycanda yeni devalvasiya gözlənilmir”

  • Digər
  • 9 İyun 2015 18:08
  • 799 Baxış
Vüqar Bayramov: “Azərbaycanda yeni devalvasiya gözlənilmir”

Manat-dollar tandemi müzakirə mövzusu olaraq qalır. Nəzərə alsaq ki, qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi prosesi gedir, bunun manatın məzənnəsinə təsirləri sual yaradır. Düzdür, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi növbəti devalvasiyanın gözlənilmədiyini deyir. Onun sözlərinə görə, dövlətin qızıl, valyuta ehtiyatları sabitləşib. Mövzu ətrafında Publika.az-ın suallarını iqtisadçı-ekspert Vüqar Bayramov cavablandırıb.

- Vüqar müəllim, manatın məzənnəsi yaxın aylarda necə dəyişəcək?

- Milli valyutamızın yaxın aylarda məzənnəsi daha çox dünya valyuta bazarında baş verənlərdən asılı olacaq. Manatın son günlərdəki rəsmi məzənnəsi göstərir ki, Mərkəzi Bank valyuta səbətində avronun payını artırıb. Praktik olaraq, dollar avroya nisbətən möhkəmlənən zaman manata nisbətən də güclənir. Və ya əksinə: dollar ilə müqayisədə dəyər itirən avro manat qarşısında da zəifləyir. Deməli, bu artıq Mərkəzi Bankın çevik valyuta siyasətinə keçərək, valyuta səbətində milli valyutamızın gələcək məzənnəsinə təsir edəcək dəyişiklik etdiyindən xəbər verir. Əslində, bu, tədricən manatın avronun məzənnəsindən asılılığının yaranması anlamına da gəlir. Bu isə o deməkdir ki, manatın növbəti mərhələdə məzənnəsi həmçinin Avropa pulunun durumundan asılı olacaq. Əgər avrozonada milli valyuta möhkəmlənəcəksə, o zaman manat da dollara nisbətən dəyər qazanacaq. Avronun dollara nisbətən zəifləməsi isə manatın da yumşalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, Mərkəzi Bank hələlik mövcud məzənnə dəhlizindən kənara çıxmamağa çalışacaq.

- Dollar yaxın zamanlarda 1 manatdan aşağı düşə bilərmi?

- Manatın məzənnəsini Mərkəzi Bank inzibati yol ilə müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə aldıqda, yaxın zamanlarda manatın dolları “qəpiklərlə satın alması” mümkünsüz görsənir. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta və dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımından da məqbul hesab edilmir. Çünki möhkəm milli valyuta hər zaman qeyri-enerji ixracatını tormozlayır. Bu baxımdan, Mərkəzi Bankın hətta xarici faktorlar arzuolunan olduğu halda belə kəskin məzənnə möhkəmlənməsinə gedəcəyi gözlənilmir.

- Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi növbəti devalvasiyanın gözlənilmədiyini deyir. Bununla nə dərəcədə razılaşırsınız?

- Əvvəla, bu ilin fevral ayından sonra yaxın zamanlarda yeni devalvasiya olacağı və manatın kəskin ucuzlaşacağı ilə bağlı bir sıra xəbər portallarının manşet xəbərləri valyuta bazarına spekulyativ neqativ təsir göstərməklə yanaşı, vətəndaşlar arasında valyuta yığımları baxımdan süni ajiotaj yaradırdı. Bəzi portalların may ayınadək 1 dollar üçün 5 manat və bəzən hətta 20 manat ödəniləcəyi ilə bağlı əsaslandırılmayan məlumatlar yayması ictimai məsuliyyət baxımdan çox arzuolunmazdır. Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənnəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur.

Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələlik isə baş bank xırda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaq. Dünya neft bazarındakı mövcud tendensiyanı nəzər alsaq, Mərkəzi Bank hələ bir müddət mövcud məzənnə sərhədləri daxilində məzənnəni müəyyənləşdirməyə çalışacaq.

- Manatın dollara nisbətdə məzənnəsi hansı halda bərabərləşə bilər?

- Strateji baxımdan manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin hər barel üçün 80 dolları ötəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Praktik olaraq milli valyutamız ilə dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.

- Valyuta bazarında baş verə biləcək dəyişikliklərdən necə sığortalanmaq olar?

- Ötən ilin sonlarında tövsiyə etdiyimiz kimi, vəsaitlər nağd şəkildə saxlanan zaman səbətdən istifadə edilməsi məqsədəuyğundur. Xüsusən də, dünya valyuta bazarındakı mövcud vəziyyəti, milli valyutamızın mövcud dəhliz daxilində dəyişiklikləri nəzər alaraq nağd şəkildə saxlanan vəsaitlər bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanması arzuolunandır. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 60 faizinin dollar, 20 faizinin manat, 20 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq ki, bu da valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq.

- Xarici valyutalara tələbin azaldılması üçün nələrin edilməsinə ehtiyac var?

- Bu ayın əvvəlinə Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın məzənnəsinə həm psixoloji, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər. Baş bankda borclanmalar hesabına valyuta ehtiyatlarının həcmindəki azalmaların qarşısının alınmasına çalışılacağı gözlənilir. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının inkişaf etdirməklə əhalinin qeyri-valyuta yığım imkanlarını artırmaq və bütövlükdə dollara tələbin azalmasına nail olmaq mümkündür.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR