Köhnə binalarda evlərin qiymətləri – siyahı
Bizi izləyin

Digər

Köhnə binalarda evlərin qiymətləri – siyahı

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu təkrar mənzil bazarında qiymət araşdırması aparıb.

Şirkətdən Publika.az-a verilən məlumata görə, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin kvadratmetrinin hesablanmış orta təklif qiyməti 1689 dollardan 3.49% azalaraq 1630 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində mənzillərin kvadratmetrinin qiyməti 1770 manatdan 1709 manata düşüb.

Hansı ki ekspertlər təkrar yaşayış mənzil bazarında qeyd olunan qiymət azalmasını aprel ayında olduğu kimi may ayında da alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirirlər: “Son aylarda əmlak bazarında baş verən proseslər bazara satış məqsədi ilə təklif olunan mənzillərin sayına da təsirsiz ötüşməyib. May ayında bazarın bu seqmenti üzrə təklif həcmi -9.4% azalıb. Aprel ayında ümumi təkliflərin sayı 1726 olduğu halda, bu rəqəm may ayında 1564 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -25.0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55.3 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsinin kvadratmetirinin qiyməti 1500 dollardan aşağı olub. Bu da ümumi portfelin 41.2%-i deməkdir. Qeydə alınan orta bazar qiyməti kvadratmetr üzrə 1217 dollardır. Ümumi təklif portfelinin 41.0%-ni 1500-2000 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1735 $/kv.m-dir. Bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.8% təşkil edib.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, ekspert qrupunun araşdırması göstərir ki, 1, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılarda qeydə alınıb. 2 və 4 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib. Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib. Müvafiq olaraq 11.64 %, 13.41 %, 9.78% və 42.47%.

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması baş verib. Ay ərzində ən çox qiymət azalması Xruşşov layihəsində qeydə alınıb (-7.45%). Bazarda bu mənzillər 52.15 faiz paya malikdir. Mənzillərin orta sahəsi 82.0 kv.m, orta otaq göstəricisi isə 2.46 təşkil edir. Hər otağın orta satış qiyməti 54 509 dollar, mənzilin orta qiyməti isə 134 092 dollardır.

Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

Abşeron 630 dollar

Binəqədi 1019 dollar

Nərimanov 1205 dollar

Nəsimi 1268 dollar

Nizami 946 dollar

Qaradağ 590 dollar

Sabunçu 699 dollar

Səbail 2011 dollar

Suraxanı 802 dollar

Xətai 1102 dollar

Yasamal 1050 dollar

O da məlum olur ki, təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “stalinka” layihəli 3 otaqlıda qeydə alınıb. Nizami küçəsində (Torqovı) yerləşən 72 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadratmetrinin satışa təklif olunan qiyməti 4600 dollar olub. Ən ucuz mənzili Abşeron rayonunda, Xırdalan qəsəbəsində yerləşən 78 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb. Həmin mənzilin kvadratmetrinin dəyəri 685 dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm