Bakı-2015 açılış mərasimi dünya mediasında - FOTO
Bizi izləyin

Digər

Bakı-2015 açılış mərasimi dünya mediasında - FOTO

Bakı-2015 birinci Avropa Oyunlarının açılış mərasimi müxtəlif beynəlxalq media qurumlarında da işıqlandırılıb.

Axar.az xəbər verir ki, mərasimi canlı olaraq yayan TV-lərlə yanaşı, internet media da bu böyük mərasimə yer ayırıb.

BBC Avropa Oyunlarından xüsusi fotoreportajla verilən xəbərdə mərasimin möhtəşəm keçdiyini qeyd edib:

“Azərbaycanın paytaxtı Bakıda Ledi Qaqanın iştirakı ilə birinci Avropa Oyunlarının açılış mərasimi baş tutub. Bu multi-idman yarışında 6000-dən çox idmançı yarışacaq. Avropa Olimpiya Komitələrinin rəhbəri Patrik Hikki açılış mərasimini “tarixi an” adlandırıb.

Açılışda Azərbaycan mədəniyyətinin müxtəlif sahələri təqdim olunub. Şouda təmsil olunan ən parlaq obrazlar arasında yunan allahı Zevs, böyük öküz və eləcə də, havada dənələnən iri nar diqqət çəkib.

Ledi Qaqa çiçəklərlə bəzədilmiş pianosu ilə Con Lennonun “İmeycn” mahnısını ifa edərək hər kəsə təəccübləndirib.

Tədbirin açılışında qonşu prezidentlər – Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da iştirak edib.

Parad zamanı ilk dəfə olaraq Kosova idmançıları öz bayraqları ilə çıxış ediblər.

Avropa Olimpiya Komitələri ümid edir ki, Birinci Avropa Oyunları dünya idman təqvimində əsas hadisəyə çevriləcək”.

Ukrayna mediası (“sport bigmir”) Birinci Avropa Oyunlarının açılışından fotoreportaj hazırlayıb.

Sayt Birinci Avropa Oyunlarının açılış mərasiminin heç də Olimpiya Oyunlarının təntənəli tədbirlərindən fərqlənmədiyini qeyd edib:

“Açılış tədbirində izləyicilərə möhtəşəm teatr şousu, alovun estafeti, Ledi Qaqanın ifasında Lennonun “İmeycn” mahnısı və təbii ki, iştirakçıların paradı təqdim olundu. Tədbir böyük atəşfəşanlıqla başa çatdı”.

Gürcüstanın bir neçə media orqanı tədbirin açılışını işıqlandırıb. Qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakı şəhərində Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılış mərasimi keçirilib: “Şou-proqramla start götürən tədbirdə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Ərdoğan və digər ölkə rəhbərləri iştirak ediblər.

Tədbiri Murad Dadaşov və Hüsniyyə Məhərrəmova aparıb. Bu il Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov da tədbirin açılışında yer alıb.

Tədbir Azərbaycan milli mədəniyyətinin və musiqisinin tərənnümü ilə davam edib: “Sarı gəlin” mahnısı səsləndirilib və Azərbaycanın muğam ustası Alim Qasımov milli musiqi ansamblının müşayiəti ilə oxuyub”.

Açılış mərasimi Rusiya mətbuatında da əksini tapıb. Rusiyanın bir neçə nüfuzlu saytı, o cümlədən “Rosbalt.ru” tədbir haqda ətraflı reportaj hazırlayıb:

“Azərbaycanda Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılışı baş tutub. Açılış gecəsi dünyanın nadir səslərindən biri, YUNESKO-nun Beynəlxalq Musiqi Mükafatı sahibi Alim Qasımovun ifası ilə start götürüb. “Ritm” qrupunun müşayiəti ilə davam edən möhtəşəm şouda dünya şöhrətli ulduz Ledi Qaqa da çıxış edib.

Tədbir boyu böyük ekranlarda Azərbaycanın müxtəlif regionlarının təsvirindən ibarət videoroliklər nümayiş olunub.

Açılışda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikey nitq söyləyib.

Tədbir möhtəşəm atəşfəşanlıqla və Azərbaycan milli musiqisi olan Yallı sədaları altında sonlanıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm