Bu dövlət terrorun qənimi, yoxsa sponsorudur?
Bizi izləyin

Digər

Bu dövlət terrorun qənimi, yoxsa sponsorudur?

“ABŞ islam dini ilə yox, onu təhrif edən və terrorizmlə məşğul olan ekstrimistlərlə mübarizə aparır. Heç bir din terrorizmə görə məsuliyyət daşımır. Zorakılıq və terrorizmə görə insanlar məsuliyyət daşıyır”.

Bu fikirlər Birləşmiş Ştatların prezidenti Barak Obamanın bu ilin əvvəlində Vaşinqtonda “Ekstremizmə qarşı mübarizə” Sammitindəki çıxışındandır. İldə bir neçə dəfə bu cür bəyanatlar verən Ağ Ev rəhbəri inandırmağa çalışır ki, bəşəriyyət üçün ən böyük təhlükəyə çevrilən terrorçuluğa qarşı mübarizə ölkəsinin əsas prioritetidir.

Lakin faktlar bunun əksini deyir.

Təcrübə göstərir ki, SSRİ dağıldıqdan sonra ABŞ “islam terroru” adı ilə yeni düşmən obrazı yaradıb. Yəni, bu gün ayrı-ayrı bölgələrdə terrorçuluq mərkəzləri, terroçu təşkilatlar və münaqişə ocaqları yaradan da, onlarla süni şəkildə mübarizə aparan da elə ABŞ özüdür. “Anti-terror” əməliyyatı isə sadəcə, Birləşmiş Ştatların imitasiya siyasətidir.

ABŞ özünün müasir terrorçuluq siyasətini ilk dəfə 3 mindən çox insanın həyatına son qoyan 2001-ci ilin 11 sentyabr hadisələrində ortaya qoydu və dərhal terrorçuların məhv edilməsi istiqamətində konkret güc siyasətinə start verdiyini bəyan etdi. Beləliklə, qlobal antiterror koalisiyası formalaşdı. Başqa cür desək, Birləşmiş Ştatlar münaqişədə olduğu bölgələrə müdaxilə üçün lazımi bəhanə əldə etmiş oldu. Koalisiyanın ilk müdaxilə etdiyi ölkənin Əfqanıstan olması təbii ki, təsadüfi deyildi - bu, Çin və Rusiyanın sərhədlərində yeni məntəqə əldə etmək arzusunda olan ABŞ-ın çoxdankı planı idi.

Üstəlik, bu, Əfqanıstanı işğal etməklə Amerika həmin regionunda narkotiklərin qanunsuz dövriyyəsini, bu sahədəki kütləvi maliyyə resurslarına nəzarəti ələ keçirdi.

“Terrorla mübarizə” layihəsinin növbəti qurbanı isə İraq oldu. Bu da Ağ Evə Birinci Körfəz müharibəsi dövründən yarımçıq qalmış planını sona çatdırmaq üçün lazım idi.

Məlum olduğu kimi, Əfqanıstan və İraqda bu gün də gərgin vəziyyət davam etməkdədir. Müxtəlif terror qrupları bəzən hətta yerli hakimiyyətdən də geniş əraziləri nəzarət altında saxlayırlar.

Bütün bunlar ABŞ-ın özünün dünyanın ayrı-ayrı bölgələrindəki mövqelərini möhkəmləndirmək niyyəti ilə 11 sentyabr hadisələrindən məqsədli şəkildə istifadə etdiyini sübut edir.

Yeri gəlmişkən, ABŞ Cinayət Tədqiqatları Xidmətinin hesabatında (CİS), Federal Təhlükəsizlik Bürosu 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktları ilə bağlı həqiqətləri gizlətməkdə ittiham olunur. (<http://nypost.com/2015/04/12/saudi-role-in-911-being-whitewashed-by-fbi>) Nüfuzlu ABŞ qəzetlərinin daha çox diqqətini çəkən isə 11 sentyabr terrorundan dərhal sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının əməkhaqqılarının 4 dəfə artılılması idi.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli sənədlərini nəşr edən “WikiLeaks”in materiallarında da açış şəkildə vurğulanır ki, son illər baş verən hadisələr ABŞ-ın terror və terrorçu ixrac edən ölkə olaraq tanınması təhlükəsini yaradıb. Sənəddə həmçinin "Əl-Qaidə"nin son dövrdəki terror aktlarında 'ərəb və ya müsəlman kimi görünməyən' Amerika vətəndaşlarından da istifadə etdiyi etiraf olunur.

Maraqlıdır ki, “WikiLeaks” ABŞ ordusunun Əfqanıstandakı əməliyyatları, bu müddətdə dinc vətəndaşların öldürülməsilə bağlı 77 min gizli sənədi üzə çıxarıb.

Bu gün isə ABŞ “anti-terror koalisiyası” imitasiya siyasətini ən radikal layihəsi olan İŞİD hesabına davam etdirir. “İslam dövləti”nə qarşı mübarizə” adı altında yeni bir koalisiya yaratmaqla Suriya və İraq ərazisinə zərbələr endirir.

“İŞİD Mosul və Ər-Ramadinin süqutunun deyil, ABŞ-ın planlaşdırılmış ssenarisinin məhsuludur”. Bunu biz yox, Amerikanın DİA hərbi kəşfiyyat qurumu deyir (http://www.dia.mil/) Qurumun 7 səhifəlik məxfi hesabatından da aydın olur ki, ən pis halda hələ 2012-ci ildə Ağ Evin İŞİD-dən xəbəri olub. Buna baxmayaraq, İŞİD-in sələflərinə - İraq “Əl-Qaidə”si və “İraq İslam Dövləti”nə hərbi və maliyyə dəstəyini davam etdirilib. ABŞ bu qrupların yaraqlılarına təlim keçməklə İŞİD-in inkişafını öz geopolitik məqsədləri baxımından strateji üstünlük kimi nəzərdən keçirib. Dəməşqin təcrid edilməsi və İranın genişlənməkdə olan nüfuzu ilə mübarizə üçün ona “subpodratçı” tələb olunurdu. Elə cihadçılar da ABŞ-a buna görə lazım idi. Nəticədə, Amerika təşkilatın yaranması, inkişafı və güclənməsinə nəinki göz yumdu, hətta hərtərəfli dəstək də göstərdi.

Maraqlıdır ki, ABŞ-ın “anti-terror əməliyyatı” 15 ildən çoxdur davam etsə də, terror aktlarının və terror qurbanlarının sayı durmadan artır. BMT-nin hesabatına görə, 2013-cü ildə dünyada 18 min insan terrorun qurbanı olmuşdusa, ötən il bu rəqəm 35 faiz artıb. (http://www.ibtimes.com/terror-report-2014-terror-attack-victims-foreign-fighters-lone-wolf-violence-1975554).

Beləliklə, yaxın Şərqdə, eləcə də Latın Amerikası ölkələrində hökumətlərə qarşı üsyana qalxan terrorçuların dəstəklənməsi, inqilabların hazırlanmasının məhz ABŞ-ın ssenarisi olduğuna dair iddialar güclənir. Hər halda görünən odur ki, terrorizm ABŞ və Qərb ölkələrinin öz geopolitik, iqtisadi və ideoloji problemlərini çözmək üçün istifadə etdiyi çirkin mexanizmə çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm