Sevginin cəzası
Bizi izləyin

Digər

Sevginin cəzası

Sevginin cəzası

Gözü tökülən arzuların ürək səhrasında kor yolçular təki vurnuxması, taleyin sərt küləkləriylə cəng-cidala çıxması həyatın boz sifətini ona göstərməsiydi. Dənizin sahilinə sığınmış yosma kənd onun uşaqlığına yiyə dursa da gəncliyinə sahiblik etmədi.

Hə, indi o, formaca yox, məzmunca kifayət qədər qocadı. Onun uşaqlığı azdırılmış həyatın çox-çox uzaqlardan qayıtması və öz yaşam sahibini tapmayıb başqa bir yaşamda yurd salmasıdır. Tale bir müddət o uşağı əzizlədi, aldanın dünyaya gələn o uşağı bir dəfə də o aldatdı – sığalıyla, tumarıyla. O tifil xovlu xalça kimi tumara yatmadı. Fələyin qəsdini duymuşdu nədi...

Bir addımlığındakı dənizi özünə əbədi dost seçdi. Anladı ki, göylərin qapısını ulduzlarla döymək əbəsmiş... Günlər oldu ki, sevgili dənizin sahilində üzünü göz yaşlarıyla yudu...

Həyat heç vaxt onun üzünə gülmədi. Bütün sevdiklərini amansızcasına əlindən aldı. Təklik quyu kimi ağzını açıb gözləyirdi. Həyatından gəlib keçmiş qadınların heç biri onun ağrıyan ruhuna məlhəm ola bilmədi. O isə həyatı, insanları sevməkdən yorulmadı. Bu sevgiyə görə də həmişə cəzalandı, sevgilər ona qənim kəsildi, elə sevdikləri də…

Amma pisliklər, xəyanətlər onun içində nifrət toxumu bitirə bilmədi, onu sevməyənləri də sevdi. Həyatsa zərbəni zərbə dalınca döşəyirdi. Bir gün…

Bir gün artıq hiss etdi ki, yaşamaq çətinləşir. Dözüm, iradə limiti artıq bitmək üzrədir. Onu həyata bağlayan sonuncu tel qırılanda dəlisov küləyin qabağına qatıb apardığı yarpaq kimi idi… “Əlindən qan damcılayan sevgi…” onun həyat eşqini beləcə öldürdü…

Yazdığı bütün sevgi şeirlərini qanına qəltan elədi o qadın… Hisslərin qətliamı baş verdi. O, daha heç vaxt həyatı bu qədər ehtirasla sevə bilməyəcəkdi. Özünə yük olan canını həyatın caynaqlarından qoparmaq haqda düşünəcəkdi…

Bir gün… zamanın saatı sinəsində əbədi olaraq susacaqdı…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm