• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Dünya ulduzunun dostu saxta müsəlman cəmiyyəti tərəfindən öldürüldü - FOTOLAR,VİDEO

  • Digər
  • 8 Mart 2014 22:20
  • 4 417 Baxış
Dünya ulduzunun dostu saxta müsəlman cəmiyyəti tərəfindən öldürüldü - FOTOLAR,VİDEO

O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (-81 kq) boks yarışlarında qalib gəlib. 1964-1966, 1974-1978-ci illərdə ağır çəkidə mütləq dünya çempionu, 1974-1978-ci illərdə WBC, 1967, 1974-1978-ci illərdə WBA versiyası üzrə dünya çempionu olub. Əsl adı Kassius Marsellus Kleydir.

Publika.Az “II taym layihəsi” çərçivəsində bu dəfə boksun kralı Məhəmməd Əli haqqında məlumat verəcək. Dünya boksunun canlı əfsanəsi, "boks kralı" Məhəmməd Əli milyonların pərəstiş etdiyi "canlı büt"dür.

Məhəmməd Əli peşəkar rinqdə ilk 31 görüşünü qələbə ilə başa vurub ki, bu da 10 illik dövrü əhatə edib. Ümumilikdə isə, keçirdiyi 61 görüşün 56-da qalib gəlib.

Məhəmməd Əli xüsusiyyətinə görə, çoxlarından fərqlənir. Onun bütün rəqibləri amansız, o isə həmişə inadcıl olub. Onu qalib edən xarakteri, peşəkar döyüş texnikasına stimul verən güclü iradəsi olub. O, boksun azmanı və canlı tarixidir.

Ağdərili oğlanlar uşaq vaxtı onda komplekslər yaradıb

1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində Kassius Marsellus Kley adı ilə dünyaya gələn boksçunun atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə böyütməyə - Baptist kilsəsinə aparmağa icazə verirdi.

Uşaqlığında, yeniyetmə çağlarında həmişə zərbələr alıb. Belə ki, ağdərili oğlanlardan hərdən eşitdiyi əcaib atmacalar, qaradərili insanlara qarşı mərhəmətsiz münasibət onda müəyyən komplekslər yaradırdı.

Bu səbəbdən o, küçədə tez-tez dava salırdı. Amma hələ boks barədə düşünmürdü. Çünki onun velosiped sürmək kimi əyləncəsi var idi.

Velosipedinin oğurlanması həyatını dəyişdirdi

Kassius 12 yaşında olarkən onun velosipedini oğurlayırlar. Təcili tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti (eyni zamanda boks müəllimi) Coy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşı əzişdirilməsini tələb edir. Polis zabiti bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Həmin polis balaca Kassiusa boks öyrətməyə başlayır. Sonralar polis Kassius Kleyi şəhərin ən güclü boks müəllimlərindən olan Fred Stonerlə tanış edir. Növbəti günlərdə isə o, daha yaxşı çalışmaq üçün Fred Stonerin boks zalına gedib, orada məşqlərinə davam edir.

Kley velosipedini tapa bilməsə də, rinqlə tanış olur, bununla da həyatında dönüş nöqtəsi yaranır. Çünki o Stonerin də köməkliyi ilə 12 yaşında başlayan boks karyerasının həvəskar günlərində 6 dəfə Kentukki Əyalət Çempionluğu, 2 dəfə milli "Qızıl Əlcək" (Golden Glove) Çempionluğu və 2 dəfə Həvəskar Atletlər Birliyi (AAU) Çempionluğunu qazanır.

Beləliklə, Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medalına layiq görülür. Matçdan sonra mətbuata açıqlama verərək artıq həvəskar yox, peşəkar boksla məşğul olacağını bildirir.

İrqçiliyə etiraz olaraq medalını Missisipi çayına atır

Romadan evinə qayıtdığı zaman bir çempion olaraq deyil, Afrika amerikalılarına yönəlmiş irqçi şiddətin açıq hədəfi olaraq qarşılandı. Yemək yemək üçün getdiyi ağdərililərin restoranında, qaradərili olduğu üçün ona xidmət göstərilmədi. O medalın heç bir mənası yox idi.

“Bura qayıtdım və digərləri kimi yalnız bir zənciyəm” dedikdən sonra olimpiadada qazandığı qızıl medalı Amerikadakı irqçiliyə etiraz əlaməti olaraq Missisipi çayına atdı.

Hansı raundda qalib gələcəyinə mərc gəlirdi

Onun peşəkar boksa başlamaq qərarını gülməli sayırdılar. Çünki cəmi 18 yaşı vardı, dövrünün adlı-sanlı və titullu döyüşçülərinin yanında uşaq görünürdü. O, peşəkar rinqdə 1960-cı ilin oktyabrında debüt etdi. İlk peşəkar matçını Tanniy Hansaker ilə keçirən Klay, 6 raunddan sonra rəqibini məğlub etdi.

1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta uğradır. Klark üzləşdiyi durumdan necə təsirlənirsə, döyüşdən sonra karyerasına son verməyi qərara alır. 1962-ci ilin fevralında Kley Sonni Benkslə üz-üzə gəldi. Birinci raundda Kley həyatında ilk dəfə nokdauna düşdü. Lakin o, ikinci raundda rəqibini nokdauna, dördüncü raundda isə nokauta göndərdi.

Ancaq Kleyin matçları boksdan çox şou şəklində keçirdi. Matçlardan əvvəl rəqibini neçənci raundda məğlub edəcəyindən mərc gəlir, tamaşaçını, rəqibini qıcıqlandıran və özünü tərifləyən ifadələr işlədirdi. Bu ifadələrdən ən tanınanı isə çoxumuzun bildiyi “Kəpənək kimi uçaram, arı kimi sancaram”- idi. Elə 1962-ci ildə Blenkslə keçirdiyi matç da əsil şouya çevrilmişdi.

Sözlərinizi yeyin, ən böyük mənəm

Karyerasının 20-ci preşəkar matçına yenilməz çıxmasına baxmayaraq, Sonni Listonla qarşılaşacağı matçdan öncə jurnalistlər və boks nüfuzluları tərəfindən 22 yaşlı Kassius Kleyin heç bir şansının olmadığı deyilirdi. Halbuki Kley, ağır çəkidə Boks üzrə Dünya Çempionu Sonni Listonu səkkizinci raundda nokaut edəcəyini iddia edirdi. Matç haqqında şərhlər verən 46 jurnalistdən 43-nün favoriti Liston idi və onlar da Kleyin bu iddiasına lağ edirdi.

Lakin gözlənilməyən hadisə reallaşdı və yeddinci raundun sonunda boks küncünə çəkilən Liston bir daha rinqə dönə bilmədi.

Hakim Kleyin əllərini havaya qaldırarkən sifətində yalnız kiçik bir çapıq var idi. Həmin an Kley jurnalistlərə:

“Sözlərinizi yeyin. Sözlərinizi yeyin. Ən böyük mənəm!” deyə qışqırırdı.

1960-63-cü illərdə gənc boksçu keçirdiyi 19 görüşü tam qələbə ilə tamamlayıb ki, bunlardan 15-i nokautla başa çatıb.

1964-cü ildə isə Kley dünya çempionluğu əldə etdi. O, Sonni Listonu iki dəfə məğlub edərək gənc yaşında “planetin ən güclüsü”nə çevrildi.

Həyatının 2 ən vacib qərarını verdi

Kassius Marsellus Kley ağır çəkidə dünya çempionu olduqdan sonra iki vacib qərar verdi. Dinini dəyişdirərək müsəlman olan Kley “Qara müsəlmanlar” adlı İslam təşkilatına qatılmağa qərar verdiyini və artıq təşkilatın lideri Aliya Məhəmmədin (Elijah Muhammad) ona verdiyi Məhəmməd Əli adı ilə xatırlanmaq istədiyini açıqlayır.

Aliya Məhəmməd (Elijah Muhammad) “Nation of Islam” (qıcasa NOI) deyilən Amerika təşkilatının rəhbəri idi. Bu təşkilat İslam ənənələrinə tam uyğun deyildi və üzvlüyə yalnız qaradərililəri qəbul edirdi. Kassiusu “NOI” təşkilatı ilə oranın ən fəal üzvü və özünün yaxın dostu Malkolm X (Malik əl-Həcc Şahbaz) tanış etmişdi. Bundan sonra boksçunun əksər təşkilat üzvləri kimi “X” soyadını götürməyi gözlənirdi. (“X” və ya “Eks” yəni “məchul, naməlum”).

Amerikadakı qaradərililər bu sonluğu ağların onlara verdiyi soyaddan imtina etmək üçün adlarına əlavə edirdilər. (Əgər kimsə təşkilata daxil olurdusa və onun orda heç bir adaşı yox idisə, onda o sərbəst X soyadını götürə bilərdi, əgər onun adda artıq bir üzv var idisə onda 2X, 2 başqa üzv olduğu halda isə 3X və s. soyadını götürürdü). Sonda isə Kassiusa Əli soyadının verilməsi qərarı verildi.

Dostu öldürülür

Qısa müddət sonra Əlinin dostu Malkolm “NOI” təşkilatını tərk edir və ənənəvi İslamı- sünniliyi qəbul edir. Bu addımından sonra boksçunun dostu elə təşkilatın üzvləri tərəfindən də güllələnərək qətlə yetirilir.

Üstündən 10 il keçdikdən sonra isə Məhəmməd Əli artıq ikinci dəfə dostu Malkolmun hərəkətini təkrarlayaraq ənənəvi müsəlman olur. Yəni 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli islam cərəyanı olan sünni islama mənsub olduğunu bildirir. O, İslam dinini qəbul etməsini həyatının ən böyük uğuru adlandırır:

“Mənə yenidən dünyaya gəlmək qismət olsaydı, bu dini 10 yaşımda qəbul edərdim” deyə açıqlamalarının birində bildirmişdi.

Yeni adı ilə ilk matçı- “Qarabasma yumruq”

Məhəmməd Əli yeni adıyla ilk matçına 25 May 1965-ci il tarixində yenə Sonni Listona qarşı çıxacaqdı. Ancaq bu dəfə rollar dəyişmişdi. Belə ki, titulunu qorumaq istəyən Əli, dünya çempionu olmaq istəyən isə Liston idi. Bu döyüş haqqında dünya mətbuatı yazırdı:

“O döyüşü izləməyə gələnlər əvvəlcədən bilmirdilər ki, pullarını zibil qabına atıblar”.

Çünki matç Əlinin elə ilk raundda atdığı "qarabasma yumruğu" ilə bitmişdi. Həmin yumruğu isə, şanslı və diqqətli çox az insan xaricində heç kim görə bilməmişdi.

1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı - Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.

Əsgərliyə getmədi, vətən xaini elan edildi

1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu ədalətsiz bir müharibədir" - deyə Əli açıq şəkildə bildirirdi.

Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini 3 il müddətinə boksdan uzaqlaşdırır. Həmçinin 5 il həbs və 10 min dollar pul cəzası verilir. Lisenziyası və pasportu əlindən alındı. Məhkəmə müddətində maddi çətinliklər yaşadı və müflisləşdiyini açıqladı. Ailəsinin köməyi və universitetlərdə etdiyi mühazirələrlə dolanışığını təmin etdi.

Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərilən zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmişdi.

Yenidən rinqə qayıdır- "Əsrin döyüşü"

1970-ci ildə məhkəməni qazandı və Əliyə yenidən rinqə qayıtmağa icazə verildi. Bu işdə ona Corcia ştatından olan senator köməklik edir. Belə ki, o zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.

1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin döyüşü" adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Hər iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər.

Bu, Əlinin ilk məğlubiyyəti olur. 1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olur. 1974-cü ilin yanvarında Əli Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir. Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş "Cəngəllikdə gurultu" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir. 1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin "əsasını qoyur".

Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr alan və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda qalib gəlir. 1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüşün 14-cü raundunda Freyzer döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş "Manilada Triller" adı ilə tarixə yazılır. Döyüşdən sonra Əli Freyzeri özündən sonra ən yaxşı boksçu adlandırır.

İki kralın görüşü

1973-cü ilin fevral ayında “Rock’nd Roll” kralı olan Elvis Presley Las Veqasda olarkən boks kralı Məhəmməd Əli ilə üz-üzə gəlir. Həmin gün əfsanəvi boksçunun ingiltərəli Coe Baqner ilə görüşü olacaqdı. O vaxt iki kral görüşür. Elvis onu rinqə çıxarkən Məhəmməd Əli kimi çağırır. Bu da onu boksçunun dostuna çevirir. Bundan sonra onlar arasında sıx dostluq əlaqələri yaranır. Məhəmməd Əli sonralar özü haqqında danışarkən:

“Mən boksun Elvisiyəm”- deyib.

Kral rinqlə vidalaşır

1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edir. Nüfuzlu boks jurnalı “Rinq” ən çox Əlini ilin boksçusu elan edib.1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.

Müalicəsi olmayan xəstəliyə tutulur

Bir neçə il sonra tanınmış boksçuda parkinson sindromunun əlamətləri görünməyə başlayır. Əlinin danışığı və refleksləri gün keçdikcə daha da pisləşir.

Hazırda da o, parkinson xəstəliyindən əziyyət çəkir. Fiziki çatışmazlığa baxmayaraq, Əli hələ də ictimaiyyətin sevdiyi sima olaraq qalır.

“Amerikanın ruhu”

1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyatı və zamanlar" adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan amerikalı olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim olunur.

Qızı atasının yolu ilə gedir

1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır. Ancaq Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi.

“Sən kifayət qədər gözəl deyilsən”

2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Əli filmində əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edirdi. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin icazə verdiyi vaxt onun haqqında dediyi ilk söz: "Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub.

Adına görə qaydaları pozdu

"Hollywood Walk of Fame" (Hollivud Məşhurlar Xiyabanı) ABŞ Kaliforniya əyalətinin Los Anceles şəhərində məşhurların adlarının yazıldığı piyada (səki) yoludur.

2002-ci ildə isə Məşhurlar Xiyabanı rəsmiləri öz ənənələrini pozaraq İslam dinini qəbul edən amerikalı boksçu Məhəmməd Əlinin adını divara yazıb. Buna səbəb isə İslam dininin iki əhəmiyyətli şəxsinin adını daşıyan boksçunun bu adların ayaq altında qalmasına razılıq verməməsi olub.

Terroristin İslama aidiyyatının olmadığını bildirdi

2001-ci il 11 sentyabr hadisəsindən sonra ticarət mərkəzlərinin birində məşhur boksçu Məhəmməd Əli “CNN” jurnalisti Mak Onelinin:

“11 sentyabr terror hadisəsini gerçəkləşdirən terroristlərlə eyni dini paylaşmaqla nə hiss edirsiniz?”- sualına belə bir cavab verir:

“Siz Hitler ilə eyni dini paylaşan insan kimi nə hiss edirsinizsə, mən də onu...”

“Cəhənnəm atəşinə necə dözəcəksən?”

“Mən siqaret çəkmirəm, amma hər zaman cibimdə kibrit paketi olur. Nə vaxt bir günah işlətsəm, birini yandırıb əlimi atəşə yaxınlaşdırıram və öz-özümə deyirəm: "Əli, sən bu atəşə dözə bilmirsən, Cəhənnəm atəşinə necə dözəcəksən?"”

Aldığı mükafat və ordenlər

2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır. 2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də isə o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.

Məhəmməd Əli 2012-ci ilin dekabr ayında Dünya Boks Şurası tərəfindən “boks kralı” elan edilib. Meksikanın kurort şəhərlərindən biri olan Kankuna 70 yaşlı amerikalı boksçu həyat yoldaşı ilə birgə gəlib. Həmin mərasimdə Əlinin başına tac qoyularaq, ona hökmdarlara məxsus olan əsa və çiyinlik verilib.

Ailə həyatı

Əli əvvəllər ofisiant olan ilk həyat yoldaşı Sonji Royi ilə 1964-cü ilin iyulunda tanış olur. Bir ay sonra cütlük ailə həyatı qurur. Royinin müsəlman adətlərinə görə geyinməsindən imtina etməsi onların evliliyinin sona çatmasına səbəb olur. Cütlük 1966-cı il yanvar ayının 10-da boşanır.

1967-ci il avqustun 17-də 25 yaşlı Əli 17 yaşlı Belinda Boyd ilə evlənir. Bundan sonra Belinda İslamı qəbul edir və adını dəyişərək Xəlilə Əli olur. Bu evlilikdən onların 4 övladı - 1968-ci ildə Məryəm, 1970-ci ildə Liban və Cəmilə, 1972-ci ildə isə kiçik Məhəmməd Əli dünyaya gəlir.

Əlinin 1975-ci ildə aktrisa və model Veronika Porşe ilə tanışlığı ikinci evliliyin başa çatması ilə nəticələnir.

Cütlük 1977-ci ildə evlənirlər. Evləndikləri zaman onların Hana adlı qızları vardı və Veronika ikinci uşağa hamilə idi. 1977-ci ilin dekabrında onların ikinci qızı Leyla dünyaya gəlir. Əli və Veronika 1986-cı ildə boşanırlar.

Elə həmin il Əli köhnə qonşusu Yolanda ilə evlənir. Əli və Yolanda övladlığa uşaq götürür və adını Əsəd qoyurlar. Əlinin Miya və Xəlilə adlı daha iki qızı var.

Yadda qalan sözləri

“Xəyal qurmayan insanın qanadları olmaz”

“Yuxularını gerçəkləşdirmək üçün ən yaxşı vasitə - oyanmaqdır”

“Uşaqlarınızı, onlar özlərini pis aparanda da, sevin”

“Yalnız ləyaqətli cavab verə bilməyəndə, susmaq qızıldır”

“Mümkün deyil” xırda adamların sözüdür. Belə adamlara vərdiş etdikləri həyatı yaşamaq daha asandır, nəinki nəyisə dəyişmək.

Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür”.

Aygün İlqarqızı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR