Fikrət Yusifov: “Nəticələr gözləniləndən də yaxşı oldu”
Bizi izləyin

Digər

Fikrət Yusifov: “Nəticələr gözləniləndən də yaxşı oldu”

“Avropa Oyunları Cənubi Qafqazın iqtisadi cəhətdən ən qüdrətli ölkəsi olan Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov bildirib. O deyib ki, qısa zaman kəsiyində Olimpiya statuslu mötəbər oyunların keçirilməsinin özü dünyaya çox ciddi mesaj vermək deməkdir: “Azərbaycan hər kəsə göstərdi ki, iqtisadi cəhətdən zəngin və demokratik ölkə kimi istənilən irimiqyaslı layihələri reallaşdıra bilər. Heç şübhə yoxdur ki, bu Oyunlardan sonra ölkəmizə turist axınının statistikasında ciddi irəliləyişlərin şahidi olacağıq. Ölkəmizə xarici investisiyaların daha genış şəkildə cəlb ediləcəyinə də heç bir şübhə ola bilməz. Oyunların iqtisadi nəticələri, bəzilərinin düşündüyü kimi, təkcə yarışlara satılan biletlərdən daxil olan vəsaitlərdən ibarət olmur”.

F.Yusifov nəticələrin gözləniləndən yaxşı olduğunu deyir: “Hamı gördü ki, yarışlar zamanı bilet qıtlığı yarandı. İnsanlar hətta bizim üçün bir o qədər də populyar olmayan idman növlərində keçirilən yarışları belə ailəlikcə izlədilər. Yarışların iqtisadi səmərəsinə gəlincə, belə səmərə bir günə və ya bir aya əldə edilmir. Heç kəsdə şübhə olmasın ki, bu Oyunların dünyanın yüzdən artıq ölkəsinə yayımlanması və yarışları bir milyarda qədər insanın izləməsi ölkəmizin həm də reklamı və dünyaya olduğu kimi təqdimatı idi. Bu cürə təqdimat və reklamlar isə ölkəyə yeni investisiyaların cəlb edilməsinin əsasını təşkil edir. Şübhə yoxdur ki, yaxın zamanlardan etibarən ölkəmizə investisiya axınının şahidi olacağıq. Baxın sonuncu London Olimpiadasına. Onun təşkilinə İngiltərə hökuməti 18 milyard ABŞ dolları xərcləmişdi. İngiltərənin Ticarət və İnvestisiyalar Nazirliyinin mütəxəssisləri hesablayıblar ki, ticarət dövriyyəsinin genişlənməsi, turizmin inkişafı, xarici investisiyaların cəlb edilməsi hesabına 2020-ci ilə qədər iqtisadiyyatı 62 milyard ABŞ dollarına qədər səmərə götürəcək. Hesablamalarımız göstərir ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin nəticəsi olaraq ölkəmiz də qarşıdakı illər ərzində sadaladığımız amillər hesabına adekvat gəlir əldə edə biləcək. Bundan başqa, I Avropa Oyunları Azərbaycanın daha böyük idman tədbirlərinə ev sahibliyi etmək imkanlarını da ortaya qoydu. Bu isə o deməkdir ki, idman infrastrukturunu hazır vəziyyətə gətirmiş Azərbaycan bundan sonra keçirəcəyi yarışlardan ancaq təmiz qazanc əldə edəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm