• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Kərimlinin partiyasında əlbəyaxa davanın səbəbləri – ŞOK DETALLAR

  • Digər
  • 3 İyul 2015 18:36
  • 430 Baxış
Əli Kərimlinin partiyasında əlbəyaxa davanın səbəbləri – ŞOK DETALLAR

AXCP Nərimanov rayon şöbəsinin keçmiş sədri Ağaşirin Tanrıverdioğlunun partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülməsi qalmaqalı səngimək bilmir.


Publika.az xəbər verir ki, S. Kərimli A.Tanrıverdioğlunun döyüldüyünü təsdiqləyib: “Ağaşirin Tanrıverdioğlu illərlə tanıdığım cəbhəçidir, bu yaxınlarda o, partiyadan xaric edilib. Bundan sonra qəzet və saytlara partiya rəhbərliyi haqqında müsahibələr verməyə başlayıb. İlkin olaraq bildirirəm ki, mən ona şilləni partiya mənafeyini qorumaq üçün və ya fərqli siyasi baxışlarına görə vurmamışam. Tənqidə dözümlə yanaşmağı daim təbliğ edən bir siyasi xəttim olub, özüm də bəzən çox sərt tənqidlər etmişəm. Ümumiyyətlə, zora qarşıyam, vurduğum şillənin hüquqi qiymət alması vacibdir, bunu mən özüm tələb edirəm. Son dövrlər ölkə siyasətində, ictimai sektorda bir-birini təhqir etmə geniş yayılıb. Söyüş, təhqir, aşağılanma və dəyərsizləşdirilmədən, demək olar ki, bütün fəal və seçkin fərdlər əziyyət çəkir. Bu məsələ kifayət qədər ciddidir və geniş ictimai müzakirəsinə ehtiyac var”.


S. Kərimli keçmiş cəbhəçisini döyməsinin səbəblərini də açıqlayıb.


“17 illik siyasi fəaliyyətim dövründəki gəlirlərim barədə şəffaf hesabat verə bilərəm. Bir neçə biznes sahələrində fəaliyyət göstərmişəm. 1999 - 2004 cü illər ərzində çap məhsullarının istehsalı və satışı ilə məşğul olmuşam. 2006-2011-ci illər ərzində Mingəçevir şəhərində mobil telefon alış-satışı ilə məşğul olan şərikli biznesim olub. 11 saylı Ərazi Vergilər İdarəsində nümunəvi vergi ödəyicisi olmuşuq. 2011-ci ildə həbs olunmuşam. O vaxt biznesim dayandırılıb, ciddi kredit borcum yaranıb. Bütün əmlakımı sataraq, həbsdən sonra borc öhdəliklərimi qaytarmışam. Hal-hazırda kreditlə bir avtomobilim var və kirayədə yaşayıram. Təqribən 8 aya yaxındır ki, yaxın qohumumla birlikdə Bakı şəhərində kafe icarəyə götürmüşük. Kafenin zirzəmisindən şəxsi ofis kimi istifadə edirəm, oranın işlədilməsi qohumumun üzərindədir. Ağaşirin Tanrıverdioğlu dəfələrlə mənə maddi köməklə bağlı müraciət edib və mən ona köməklik etmişəm. Və bu zaman bunu çox təbii qəbul etmişəm, çünki mən özüm də işləmədiyim vaxtlarda müxtəlif yaxın adamlardan borc və ya kömək istəmişəm.

Təbii ki, problemi həll etdikdən sonra öhdəliklərimi yerinə yetirmək şərti ilə. Partiya rəhbərliyi haqqında müxtəlif ifadələr səsləndirməyə, müxtəlif qüvvələrin onu istiqamətləndirməyə başladığı dövrdən sonra Ağaşirin Tanrıverdioğlu tez-tez maddi köməklə bağlı müraciət etməyə başladı. Son vaxtlar isə bunu tələb kimi səsləndirirdi. Bir neçə dəfə kafeyə gələrək pulsuz yeyib-içiblər. Əvvəlcədən mənə zəng edib, kafeni işlədən qohumumun onlardan pul almamasını xahiş edib. Son dönəmlər isə xüsusilə qəzetlərə müsahibələr verdikdən sonra tələbləri şantaj xarakterli idi. Kafeni işlədən qohumum mənə zəng edib bildirdi ki, Ağaşirin və yanındakılar yeyib-içiblər və hesabı ödəməkdən imtina edirlər. Mən Ağaşirin və dostlarına bundan sonra heç bir güzəşt edilməməsi ilə bağlı tapşırıq verdim və telefon zənginə cavab vermədim. Bundan sonra Ağaşirin Tanrıverdioğlu müxtəlif yerlərdə haqqımda aşağılayıcı ifadələr işlədib, ictimai nüfuzuma zərbə vurmağa çalışdı. İrəli gedərək guya mənim hakimiyyətlə əlaqələrimi bilir və mənim ona haqq vermək öhdəliyim var. Bütün bunlardan sonra mən yenə də müəyyən şəxslər vasitəsilə onu sayğılı olmağa dəvət etdim. Təəssüf ki, məni təhqir etməyə davam etdi.

“Facebook”da yazdığı təhqiramiz statusdan sonra mən yenə dostlardan xahiş etdim ki, onunla danışsınlar. O isə heç kimə məhəl qoymadan daha da irəli getdi və mənim şəxsiyyətimi alçaldan ifadələr işlətdi. Nərimanov rayonunun ərazisindəki parkda gəzişərkən Ağaşirini gördüm, ona yaxınlaşıb əməllərindən çəkilməsini məsləhət bildim. “Əcəb edirəm” dedikdən sonra ona bir şillə vurmuşam. Ona xəsarət yetirmək niyyətim olmayıb, bu şillə Ağaşirin bəy üçün əslində faydalı olacaq. Ondan istifadə edirdilər, yəqin ki, düşünməyə məcbur olacaq. İctimaiyyətə isə demək istəyirəm ki, münasibətlərin sivil və hüquqi yollarla tənzimlənməsindən yanayam, məsuliyyətimi dərk edirəm, hər kəsin xəta törətmək şansı var. İnanıram ki, bu hadisə ictimai sektorda təhqir elementlərinin azalmasına səbəb olan müzakirələrə yol açacaq. Heç kim bu hadisənin məsuliyyətindən yayınmamalıdır və sui-istifadə etməməlidir. Daha təmkinli ola bilərdim, ancaq təhqir elementlərinin ağır olması məni məcbur etdi ki, bu inzibati xətanı törədim”, - deyə o bildirib.


A. Tanrıverdioğlu isə S. Kərimlidən polisə şikayət edib.


“Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Məsələ ilə bağlı polisə şikayət etmişəm”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR