Azərbaycan dollardan imtina edə bilərmi?
Bizi izləyin

Pul

Azərbaycan dollardan imtina edə bilərmi?

"Bu dollara tələbin azalmasına gətirib çıxarmayacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq, əhalini bu valyutadan imtina etməyə çağırıb. Bundan əvvəl isə dövlət başçısı Rusiya ilə ticarətin rubl və TL ilə aparılmasının daha məqbul olduğunu irəli sürmüşdü. O bildirir ki, belə vəziyyətdə, dollar daha da düşər. Valyuta repressiyasından, məzənnə təzyiqindən xilas olmuş olarlar.

Nəzərə çatdıraq ki, dollardan imtina bir neçə ildir ki, bəzi ölkələr tərəfindən gündəmə gətirilir. Bu işdə əsas təşəbbüskarlığı Rusiya, Çin edir. Bu addımla ABŞ iqtisadiyyatına zərbə vurmaq istəyirlər. Lakin dollardan imtina əks effekt verə bilər. Analitiklərin rəyinə görə, bu, həmin ölkələrin öz iqtisadiyyatlarına zərər vura bilər.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a şərhində bildirdi ki, iki ölkə arasında alqı-satqının dollarla deyil, milli valyutalarla aparılması dolların məzənnəsinə təsir etməyəcək:

“Sözügedən ölkələr dollardan asılılığı müəyyən qədər azaltmağa çalışırlar. Hər iki dövlət dollardan imtina etsə də, vətəndaşları yığım olaraq dollara üstünlük verəcəklər. Bu dollara tələbin azalmasına gətirib çıxarmayacaq”.

V.Bayramov belə anlaşmaların müddətinin sual altında olduğunu düşünür:

“Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 2013-cü ildə 32 milyard dollar olub. Bu da böyük rəqəm deyil. Başqa tərəfdən, ticarət dövriyyəsinin böyük hissəsini mavi qaz təşkil edir. Hər iki ölkə Böyük 20-liyə daxil olsa da, xarici valyutanın kursuna təsir edəcək dövlətlər sırasında yer almırlar”.

V.Bayramov deyir ki, gələcəkdə daha çox ölkə xarici ticarətdə dollardan imtina edib, avro ilə əməliyyatlar apararsa, bu ABŞ valyutasının məzənnəsinə təsir edə bilər:

“Söhbət aparıcı ölkələrdən gedir”.

Azərbaycana gəlincə, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal həyata keçirilib. Dövr ərzində xarici ölkələrlə 12742,7 milyon ABŞ dolları məbləğində, o cümlədən 6541,2 milyon dollarlıq ixrac və 6201,5 milyon dollarlıq idxal əməliyyatları aparılıb. Ticarət dövriyyəsinin 1904,1 milyon dolları, yaxud 14,9 faizi MDB üzvü dövlətlərinin, 10838,6 milyon dolları və ya 85,1 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 4730,2 milyon dollarlıq hissəsi və ya 37,1 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb. Göründüyü kimi ticarət əməliyyatlarında dollar və avronun dominant olduğu ölkələrin payı böyükdür.

Ekspertlər də deyir ki, oxşar üsulun Azərbaycan xarici ticarətində tətbiqi sərfəli deyil. Bu sadəcə məhdud məhsullar çərçivəsində ola bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm